Səttar Möhbalıyev: Vətəndaşlarımızın istirahət imkanlarının azalmaması üçün sanatoriyalara yollayışın qiymətini artırmırıq (MÜSAHİBƏ)
08 Jan 2019
Bakı. Elçin Mehdiyev –
Trend:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar
Möhbalıyevin Trend-ə müsahibəsi
8 Yanvar 2019 07:45
- Səttar müəllim, 2018-ci il Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası üçün hansı hadisələrlə əlamətdar oldu?
- 2018-ci ildə əlamətdar
hadisə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının
keçirilməsi oldu. Bu qurultayda dəvət olunmuş yerli nümayəndələrlə yanaşı,
xarici qonaqlar da iştirak edirdi. Ümumilikdə 80-ə yaxın xarici ölkənin həmkarlar
ittifaqı mərkəzlərinin rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların rəhbərləri
tədbirdə iştirak etdilər. Həmin qurultayda ötən 5 il ərzində Azərbaycan həmkarlar
ittifaqlarında görülən işlər barədə geniş hesabat verildi.
Bilirsiniz ki, 2018-ci
ildə Azərbaycanda ən mühüm hadisə prezident seçkiləri oldu. Biz qurultayda
Prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədik. Çünki məhz
Prezident İlham Əliyevin apardığı düşünülmüş, uzaqgörən və milli maraqlara söykənən
siyasət nəticəsində Azərbaycan son 15 ildə xeyli inkişaf edib, bütün sahələrdə
böyük nailiyyətlər əldə edilib, ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artıb,
Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olub. Eyni
zamanda, ölkəmizin güclənən mövqeləri nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında öz əksini tapıb.
Ötən il Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası ilə birgə üçtərəfli komissiya yaratdıq. Bizi düşündürən
bütün vacib məsələlər bu komissiyada müzakirə olunur. Bu, çox önəmli bir məsələ
idi. Uzun müddət idi ki, bu komissiyanı yaratmağa çalışırdıq.
Həmçinin diqqətinizə
çatdırım ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edib. Bizim həmkarlar ittifaqı təşkilatlarının
nümayəndələri xaricdə 50-dən artıq beynəlxalq seminar, konfrans və uzunmüddətli
kurslarda iştirak ediblər.
Digər mühüm hadisə isə
bu oldu ki, ötən ilin dekabr ayında Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı keçirildi. Həmin möhtəşəm
tədbirdə 132 ölkədən 1200 nəfərdən çox nümayəndə iştirak edirdi. Qurultayda
keçirilən rəhbər orqanların seçkisində Azərbaycan öz mövqeyini bir daha qorudu,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi növbəti müddətə
BHİK-in vitse-prezident seçildi. Yəni, mənim yenidən vitse-prezident seçilməyim
təkcə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin nəticəsi
olaraq baş tutmayıb, həm də Prezident İlham Əliyevin çox uğurlu xarici siyasətinin
nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gündən-günə artır, ölkəmizlə
hesablaşırlar. Bütün bunların nəticəsi idi ki, beynəlxalq qurultayda yenidən Azərbaycana
səs verdilər.
- Ötən il yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılması baxımından
hansı işlər görülüb?
- 2018-ci ildə həmkarlar
ittifaqı təşkilatları daha da inkişaf edib, say tərkibi artıb. Bir çox sahələrdə
iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına nail olmuşuq.
Ümumiyyətlə, həmkarlar ittifaqı təşkilatları olmayan iş yerlərində, eyni
zamanda yeni yaradılan iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının
yaradılmasına çalışırıq.
Bu gün həmkarlar
ittifaqı təşkilatlarının yaradılması ilə bağlı qarşılaşdığımız ən böyük problem
tikinti sahəsindədir. Məsələn, tikinti şirkəti bir bina inşa edir və tikinti
qurtarandan sonra işçilər buraxılır və təbii ki, həmkarlar ittifaqı təşkilatı
da dağılır. Bir müddətdən sonra həmin şirkət yeni bir bina tikməyə başlayır və
biz yenidən danışıqlar aparıb həmkarlar ittifaqı təşkilatı yaratmağa çalışırıq.
Yəni daimi iş yerlərinin olmadığı sahələrdə həmkarlar ittifaqı təşkilatının
yaradılması ilə bağlı problemlər olur.
- Bəs şirkətlər özləri həmkarlar ittifaqı təşkilatı yaratmağa maraq göstərirlərmi?
- Sözsüz ki, biz bütün
şirkətlərdə həmkarlar ittifaqı təşkilatı yaratmağa çalışırıq. Həmkarlar
ittifaqı təşkilatının fəaliyyətinin üstünlüklərini onlara izah edirik. Bir sıra
hallarda isə yeni yaradılan müəssisə və təşkilatların özləri könüllülük prinsipləri
əsasında həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı bizə müraciət
edirlər. Ümumiyyətlə, hansı şirkət və ya müəssisə uzunmüddətli fəaliyyət göstərmək
istəyirsə, həmkarlar ittifaqı təşkilatı yaratmaqda maraqlı olmalıdır. Təşkilat
və müəssisələrin həmkarlar ittifaqı təşkilatı bir qayda olaraq kollektivlə daim
ünsiyyətdə olur, onun problemlərini görür, maraqlanır, aşkara çıxarılan
nöqsanlar haqqında müdiriyyəti məlumatlandırır və həmin problemlərin aradan
qaldırılması üçün vaxtında lazımi tədbirlər görülür. Ona görə də işəgötürən özü
həmkarlar ittifaqı təşkilatının yaradılmasında maraqlı olmalıdır.
Sizə maraqlı bir fakt
deyim. Azərbaycanda fəaliyyət göstərən tanınmış iri şirkətlərdən birinin rəhbəri
bir dəfə mənə dedi ki, sorğu keçirib, işçilərin 90 faizi həmkarlar ittifaqı təşkilatının
yaradılmasının tərəfdarı deyil, yalnız 10 faizi buna razıdır. Mən isə ona dedim
ki, bu, əksinə ola bilər, 90 faiz işçi həmkarlar ittifaqı təşkilatının
yaradılmasını istəyər. Üstündən təqribən bir il keçəndən sonra həmin şəxs mənə
zəng edib bildirdi ki, o vaxt düz deməyib, işçilərin 90 faizi həmkarlar
ittifaqı təşkilatnın yaradılmasının tərəfdarıdır. Həmin şəxs bizi müəssisəyə dəvət
etdi və biz müəssisədə təşkilatımızı yaratdıq.
Bəzi müəssisə rəhbərləri
işçilərin hansısa problemlə bağlı çıxışlar, aksiyalar təşkil edəcəyindən əndişələnərək
müəssisədə həmkarlar ittifaqı təşkilatının yaradılmasına əngəl törətməyə
çalışırlar. Mənim onlara sözüm budur ki, əgər siz düz işləsəniz, maaşları
vaxtlı-vaxtında versəniz, insanların problemlərinə həssas yanaşsanız, həll etsəniz,
kim çıxışlar edər, aksiyalar keçirər?
Yeri gəlmişkən bir məsələyə
də toxunmaq istərdim. Bir çox hallarda vətəndaşlar öz ərizə və şikayətlərini,
müraciətlərini birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına
ünvanlayırlar və biz də həmin müraciətləri nəzərdən keçirib aidiyyəti üzrə sahə
həmkarlar ittifaqlarına göndəririk və məsələni diqqətdə saxlayırıq. Ancaq vətəndaşlar
müraciətlərinin cavabını məhz Konfederasiyanın verməsini istəyirlər. İl ərzində
Konfederasiyaya on minlərlə müraciət daxil olur, aidiyyəti müraciətləri yerində
həll edirik, aidiyyəti olmayanları isə sahə həmkarlar ittifaqlarına yönləndiririk,
onlar da müraciətlərlə bağlı lazımi tədbirlər görürlər. Yəni idarəçilik
qaydasında vəziyyət bu cürdür. Konfederasiya ən azı fiziki baxımdan da bu qədər
müraciəti cavablandıra bilməz. Sahə həmkarlar ittifaqları və onların yerlərdəki
10 mindən artıq ilk təşkilatı vətəndaşların bütün müraciətlərini cavablandırır
və problemlərini həll etməyə çalışırlar.
- Səttar müəllim, həmkarlar ittifaqlarının sanatoriya-kurort müəssisələri
və sağlamlıq ocaqlarındakı vəziyyətlə bağlı nə deyə bilərsiniz?
- Qeyd edim ki, hazırda Həmkarlar İttifaqları
Konfederasiyasının nəzdində 12 sanatoriya və istirahət mərkəzi fəaliyyət göstərir.
2018-ci ildə sanatoriyaların 90 faizi yüksək səviyyədə təmir olunub, istirahət
üçün hər cür şərait yaradılıb. Haşiyə çıxaraq bir faktı nəzərinizə çatdırım. Mərdəkandakı
“Abşeron” sanatoriyasının ərazisində vaxtilə neft maqnatlarının birinə məxsus
olmuş bina vardı. Artıq uçulub-dağılmışdı. Biz həmin binanın əvvəlki
vaxtlardakı şəkillərini əldə etdik. Necə tikilmişdisə, memarlıq görünüşünü də
eləcə bərpa etdik. İndi həmin binada 70 nəfərlik istirahət korpusu yaratmışıq və
yəqin ki, bu yaxınlarda istifadəyə verəcəyik.
Bir halda ki, söhbətimiz bu mövzu ətrafındadır, qeyd
edim ki, bu gün sanatoriyalarımızın əksəriyyəti ziyanla işləyir, buna
baxmayaraq, biz qiymətləri artırmırıq. Sanatoriyalarımıza bir yollayışın qiyməti
600 manatdır. Bu, çox ucuz qiymətdir, ancaq biz ziyanla işləsək də, qiymətləri
qaldırmırıq. Çünki qiymətləri qaldırsaq, maddi durumu aşağı olan insanların
istirahətə getmək imkanı məhdudlaşacaq. Ona görə də çalışırıq ki, vəsait əldə
etdikcə, bu çətinlikləri qarşılayaq. Sağlamlıq müəssisələrində çalışan işçilərin
maaşlarının artırılması məsələsini də diqqətdə saxlayırıq. Əgər biz
yollayışların müəyyən hissəsini güzəştli qiymətlə satmasaq, xaricdən gəlmək istəyənlərə
təklif etsək, onda bir yollayışı 1500-2000 manata satarıq və beləliklə, ziyanı
də ödəyərik, maaşları da artırarıq. Ancaq belə olan halda, bayaq dediyim kimi,
öz vətəndaşlarımızın sanatoriya-kurort müəssisələrinə getmək imkanları
azalacaq.
Nəzərinizə çatdırım ki, biz özəl sektordan da istirahət
mərkəzlərinə yollayışlar alırıq. Məsələn, Dövlət Neft Şirkəti Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqına əlavə olaraq 3-4 milyon manat pul ayırır. Belə
olan halda sahə həmkarlar ittifaqı ilə Dövlət Neft Şirkəti arasında müqavilə
bağlanır, bizdən alınan yollayışlardan əlavə, özəl sektordan da yollayışlar
alınıb neft-qaz sahəsində çalışan işçilərə verilir. Ümumilikdə, bizdən alınan və
özəl sektordan alınan bütün yollayışları nəzərə alsaq, 2018-ci ildə vətəndaşlara
100 mindən artıq yollayış verilib.
Onu da diqqətinizə çatdırım ki, AHİK-in üzv təşkilatları
olan sahə həmkarlar ittifaqlarının da istirahət mərkəzləri fəaliyyət göstərir.
Bu istirahət mərkəzlərini onlar öz maliyyə vəsaitlərinə qənaət edərək tikiblər.
Bu mərkəzlər həm də həmkarlar ittifaqı təşkilatının mülkiyyəti sayılır. Bunlar
təhsil, səhiyyə, dəmiryol, rabitə, dəniz nəqliyyatı, dövlət idarələri və
ictimai xidmət işçilərinin həmkarlar ittifaqlarına məxsus olan istirahət mərkəzləridir.
Hazırda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti hesabına aldığı 2
hektar torpaq sahəsində işçiləri üçün sağlamlıq-istirahət mərkəzinin inşasını
davam etdirir. Daha bir müalicə-sağlamlıq ocağı Metropoliten İşçiləri Həmkarlar
İttifaqı Birliyinin nəzdində fəaliyyət göstərən sanatoriya-profilaktoriyadır.
- Yollayışın dəyərinin neçə
faizinin ödənilməsi məsələsinə də aydınlıq gətirməyinizi xahiş edərdik.
- Sovet dönəmində yollayışın 30 faizini vətəndaş ödəyirdi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra biz bu ödənişi 5 faizə endirmişdik. 3
il ərzində bu minvalla davam etdi. Sonradan Dünya Bankı, digər beynəlxalq
maliyyə qurumları vətəndaş tərəfindən ödənişi yenidən 30 faizə qaldırmağı tələb
etdilər. Uzun mübahisələrdən sonra biz ödənişi 30 faizə qaldırmağa imkan verməyərək
15 faizin üzərində dayandıq.
- Səttar müəllim, bir müddət
əvvəl uşaq sanatoriyalarının yaradılması ilə bağlı fikirlər səsləndirilirdi. Bu
məsələ ilə bağlı hansısa yenilik varmı?
- Biz uşaq sağlamlıq düşərgələrini, sanatoriyalarını
yaratmaq istəyirik, lakin bunun üçün maliyyə vəsaiti tələb olunur, özü də külli
miqdarda. Hətta ayrı-ayrı bölgələrdə münasib şəraiti olan məkanlar tapmaq üçün
baxış keçirilib, lakin baxdığımız yerlər tələbata uyğun olmayıb. Mövzu ilə
bağlı deyim ki, adətən biz həmkarlar ittifaqı üzvlərinə istirahət mərkəzlərinə
yollayışlar verəndə ailə üzvləri kimi uşaqları da nəzərdə tuturuq. Yəni 3 nəfərlik,
5 nəfərlik yollayışlar veririk və uşaqlar da öz valideynləri ilə birlikdə
istirahət etmək imkanı əldə edirlər. Bəzi qurumların uşaq istirahət mərkəzləri
var, biz həmin yerlərə də ödənişlər edib uşaqların istirahətini təşkil edirik.
Dediyim kimi, uşaqların istirahətinin təşkili daim diqqətdə saxladığımız məsələdir.
- AHİK, həmçinin tələbələrə
təqaüd verir. Hazırda nə qədər tələbəyə belə təqaüd verilir?
- AHİK indiyə qədər minlərlə tələbəyə təqaüd verib.
Hazırda 120-yə yaxın tələbəyə təqaüd veririk. Təqaüdün məbləği illik 600 manat
təşkil edir. Təqaüd verilən tələbələr yerlərdə seçilib bizə təqdim edilir. Yəni
ali məktəblərə məktub ünvanlanır, orada həmkarlar ittifaqı təşkilatı ilə birgə əlaçı,
fəal tələbələr seçilir, bizə göndərilir, bizdə də komissiya baxır və təsdiq
etdikdən sonra təqaüdlər verilir. İmkanımız daxilində gənclərə dəstək olmağa
çalışırıq.
İmkanımız
çatdığı qədər şəhid ailələrinə, aztəminatlı ailələrə, Qarabağ əlillərinə də kömək
edirik, onlara da yollayış veririk. Əslində onlara yardım, yollayış başqa dövlət
qurumu tərəfindən verilməlidir, ancaq bizə müraciət edəndə onları naümid geri
qaytara bilmirik.