Səttar Möhbalıyev: “Xalqımızın hər bir nümayəndəsi qüdrətli dövlətimizlə qürur duyur və özünü xoşbəxt sayır”
31 May 2021
“Prezident İlham Əliyev nadir dünya liderlərindəndir ki, ölkə başçısı kimi xalqının qarşısında verdiyi bütün vədləri icra edib, götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirib.
O, Prezident seçildiyi gündən
işğal altında olan torpaqlarımızın azad olunacağını əminliklə deyirdi, bu yolda
yoruldum demədən uzun müddət mücadilə etdi, bütün təzyiqlərə, çətinliklərə
baxmayaraq, vədini sədaqətlə yerinə yetirdi. Dövlət başçısı həmçinin həmin ərazilərin
yenidən qurulacağını, bərpa ediləcəyini də xalqına söz vermişdi. Mayın 28-də
Ağdam rayonuna Prezidentin səfəri bir daha göstərdi ki, artıq işğaldan azad
olunan ərazilərdə abadlıq işləri sürətlə gedir. Bir məsələni xüsusi qeyd etmək
istəyirəm. Koronavirus bütün dünyanı iflic etdi. Elə bir ölkə yoxdur ki,
pandemiyanın fəsadları ilə üz-üzə qalmasın və fəsadlar bütün sahələri əhatə
etdi. Azərbaycan isə pandemiya ilə uğurlu şəkildə mübarizə aparan lider ölkələrdəndir.
Bu vəziyyətdə belə düşmən təxribatı ilə üzləşdik, dövlətimizin, təhlükəsizliyi
naminə əks-hücum əməliyyatlarına başladıq və işğal altındakı torpaqlarımızı
azad etdik. Ardınca nə baş verdi. Qısa müddət ərzində 30 il işğal altında olan ərazilərdə
quruculuq işlərinə başladıq. Qeyd olunan məsələlərin hər birini təhlil etsək,
görərik ki, bütün bunları həyata keçirmək qüdrətli dövlət, möhkəm hakimiyyət,
güclü iqtisadiyyat, sarsılmaz birlik və güclü lider sayəsində mümkün olur. Biz
belə bir möhtəşəm tarixi yaşayırıq və xalqımızın hər bir nümayəndəsi qüdrətli
dövlətimizlə qürur duyur və özünü xoşbəxt sayır”.
Bu fikirləri Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
“Prezidentin Ağdam şəhərinə səfərində
bir daha şahid olduq ki, bütün işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq
işləri düşünülmüş şəkildə, təsdiqlənmiş baş plana uyğun olaraq, öncədən sakinlərlə
məsləhətləşdirilmiş və təsdiqlənmiş qaydada aparılır. Bu da ölkə başçısının sistemli,
səliqəli işinin və xalqının rəyinə hörmətinin əlamətidir. Ağdamın Baş Planı ilə
tanışlıq göstərdi ki, şəhərin infrastrukturu tamamilə bərpa olunacaq. İlk
olaraq 140 illik tarixi olan müasir tələblərə uyğun tikiləcək 1 saylı məktəbin
təməlinin qoyulması dövlət başçısının ölkə həyatında təhsili, elmi, biliyi
xüsusi və önəmli sahə kimi qiymətləndirməsidir. Çünkü bütün uğurların kökündə
dövrün tələblərinə uyğun təhsil almış peşəkar gənclər durur, bu da ölkəmizdə
prioritet istiqamət təşkil edir. Həmçinin həmin ərazilərə qayıdacaq sakinlərin
sosial vəziyyəti ən vacib məqamlardan biridir. Bunun üçün də iş yerlərinin
olması əsas şərtdir. Bunu nəzərə alaraq Ağdam Sənaye Parkının tikintisi və böyük
- 200 hektara yaxın ərazini əhatə etməsi orada yüzlərlə, gələcəkdə, bəlkə də,
minlərlə insan işlə təmin edilməsindən xəbər verir. Yaxın gələcəkdə istifadəyə
veriləcək Bərdə-Ağdam avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolunun tikintisinin
nəzərdə tutulması insanların rahat gediş-gəlişinə şərait yaradacaq və rayonun
sosial-iqtisadi inkişafına xidmət edəcək. İmarət kompleksinin bərpası, İşğal və
Zəfər muzeylərinin yaradılması, şəhərin daxilində 125 hektarlıq böyük meşə
zolağının salınması, həmçinin nəzərdə tutulan sünü göl, çəkiləcək kanallar,
tikiləcək körpülər sakinlərlə yanaş, bura üz tutacaq turistlərin də ruhunu
oxşayacaq. Bütün bunlar işğala məruz qalmayan qonşu rayonların da inkişafı üçün
ərverişli olacaq və bütov bölgəni əhatə edəcək. Qeyd olunan bütün layihələr “ağıllı
şəhər” konsepsiyası əsasında baş tutacaq”, - S.Möhbalıyev diqqətə çatdırıb.
S.Möhbalıyevin sözlərinə görə,
artıq hər şey ortadadır: “Cənab Prezidentin dediyi kimi, biz bu əraziləri cənnətə
çeviririk. Quruculuq işlərinə düşməni ərazilərdən qovduqdan dərhal sonra
başladıq və sürətlə davam edir. Şuşa, Füzuli, Cəbrayıl və digər şəhərlərin Baş
Planları üzərində fəal iş gedir. Yaxın gələcəkdə, həqiqətən də, biz
xarabalıqdan cənnətə çevrilmiş bir diyar görəcəyik, oraya qayıdacaq sakinlər əbədi
və xoşbəxt yaşayacaqlar. Amma ermənilər neylədilər!? 30 il sürmüş işğal dövründə
orada heç bir quş damı belə tikmədilər, nə var idi dağıtdılar, oğurlayıb
apardılar, əraziləri minaladılar, təbii sərvətləri görməmişcəsinə, kortəbii
üsullarla istismar etdilər. Bütün bunlar ermənilərin vəhşi təbiətini ortaya
qoyur və bütün dünyaya onların vandal xislətini nümayiş etdirir”.
“Bu uğurların təməlində güclü
və müstəqil dövlət, onun rəhbərinin siyasi iradəsi, peşəkarlığı, əzmkarlığı,
torpağına, Vətəninə, xalqına olan sevgisi dayanır. Biz məhz bu təməllər üzərində
bugünkü güclü Azərbaycana nail olmuşuq ki, dövlətimiz artıq regionun lideridir.
Ermənistanın işğal siyasəti isə onu bataqlığa çevirdi, dövlətçilik ənənələri olmadığı
üçün bu illər ərzində müstəqil fəaliyyət göstərə bilmədilər, müstəqil qərar
vermək qabiliyyətinə malik deyillər. Ona görə də hər addımda böyük dövlətlərdən
yalvararaq kömək istəyirlər. Hətta onların öz sərhədlərini qorumaq cəsarətləri
belə yoxdur. Ölkədə ciddi hakimiyyət böhranı yaşanır. Hakimiyyətin qolları
arasında rabitə itib, biri-birinə paradoks bəyanatlar verirlər. Bütün bu mənzərə
böyük gülüşə səbəb olan teatırı xatırladır”, - Konfederasiya sədri əlavə edib.
AHİK sədri həmçinin son günlər
sərhəddə baş verən erməni təxribatına layiqli cavab verildiyini də qeyd edib: “Görünən
odur ki, Ermənistan tərəfi təxribatçı əməllərindən əl çəkmir. Sərhəddə gərginlik
yaratmağa çalışır. Prezident İlham Əliyev mayın 10-da Naxçıvanda, mayın 28-də
isə Ağdamda səfərdə olarkən xalqımızın, dövlətimizin təhlükəsizliyinə Ermənistan
tərəfindən zərrə qədər təhlükə olarmışsa dərhal cavab veriləcəyini bəyan etdi.
İstər Naxçıvan istiqamətində, istərsə də Kəlbəcərdə onların cavabı layiqli şəkildə
verildi. Onlar Azərbaycan Ordusunun gücünə bələddirlər”.