Səttar Möhbalıyev: “Xarıbülbül” festivalı milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində atılmış ən mühüm addımlardan biri oldu”
16 May 2021
“Şuşa qədim Azərbaycan şəhəridir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha bütün dünyaya göstərdi.
İşğaldan azad edilməsindən az
bir müddət sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi isə dövlətimizin
işğaldan azad olunmuş ərazilərdə həm maddi, həm də mənəvi dəyərlərin bərpasına
xüsusi diqqət və qayğı göstərməsinin ən bariz göstəricisidir.” Bu sözləri mətbuata
verdiyi açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Millət vəkili öz açıqlamasında
vurğulayıb ki, Azərbaycan bu gün demokratiyadan bəhs edən, lakin əməli işə gəlincə
ikili standartlar prinsipindən əl çəkə bilməyən bir çox aparıcı dünya dövlətlərinə
tolerantlıq və multikulturalizmi necə yaşatmaq lazım olduğu qismində əsl örnək
ola bilər: “Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib və orada bayram
namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni
zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin
qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına
başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin daha
bir göstəricisidir. 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı
olan Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Festivalın ilk günündə ölkəmizdə
yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində
multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində
yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın
millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu
mesajını bütün dünyaya çatdırdı. Yaxşı olardı ki, beynəlxalq təşkilatların mötəbər
kürsülərindən tez-tez demokratiyadan, insan haqlarından bəhs edən, əməli işə gəlincə
isə ikili standartlar prinsipindən əl çəkə bilməyən bəzi dövlətlər də bu
xüsusda Azərbaycandan örnək alsınlar. Festivalın açılışında etdiyi çıxışında
Ölkə Prezidenti cənab İlham Əliyev də bu mesajın əhəmiyyətini xüsusi olaraq
vurğuladı: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində
yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli
birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda
yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya
buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir,
ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur,
birlik olur, milli həmrəylik olur, sülh olur.” Azərbaycan Prezidentinin tövsiyəsi
ilə builki “Xaribülbül” festivalı Azərbaycanda uzun illərdən bəri mövcud olan
multikulturalizm ənənələrinin əsl canlı rəmzinə çevrildi.”