“Şıx” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub
12 Aug 2016
Avqustun 12-də “Şıxov” sanatoriyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev kompleks haqqında məlumat verib.
O, bildirib ki,
1982 ci ildən fəaliyyətə başlayan sanatoriya 1992-ci ilədək 200 nəfərin
istirahəti üçün nəzərdə tutulmuşdu. Məlum Dağlıq Qarabağ hadisələri ilə
əlaqədar 1992-ci ildə sanatoriyanın 100 çarpayılıq 2 saylı korpusunda 150
nəfərədək qaçqın və məcburi köçkün soydaşlarımız məskunlaşdı.
Konfederasiya sədri vurğuladı ki, "Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət
Proqramı"na əsasən 2015-ci ilin yanvarından etibarən kompleksdə təmir və yenidənqurma
işlərinə başlanıldı. 2.5 hektar ərazisi olan, 102 çarpayılıq bu sanatoriya 1, 2
və 3 nəfərlik otaqlardan ibarətdir. Hər bir otaq daimi isti və soyuq
su ilə təmin olunub. Beşmərtəbəli sanatoriya binasının xarici və daxili
görünüşü müasir tələblərə uyğundur. Ərazidə yaşıllaşdırma işləri aparılıb,
ağaclar və güllər əkilib. Qazanxana binası tamamilə yenilənib, orada olan avadanlıqlar
dünyanın aparıcı ölkələrinin nüfuzlu şirkətlərinin istehsal etdiyi məhsullarla
əvəzlənib.
Burada xəstələrin müalicəsi üçün təbii amillər
hidrogen-sulfidli vannalar, naftalan, palçıq vannası, parafin, fizioterapevtik
massaj, hovuzda dartma, sualtı duş massajı, velosipetlə hovuzda hərəkət və
digər prosedurlar tətbiq olunacaq.
S.Mehbalıyev əlavə edib ki,
AHİK-in nəzdində səkkiz sanatoriya, bir müalicə pansionatı, on istirahət bazası
fəaliyyət göstərir. Sanatoriyaların 6-sı ilboyu, digər 2-si, müalicə pansionatı
və istirahət bazaları isə mövsümi fəaliyyət göstərir. AHİK sədri bu proqramı
dövlətin müalicə müəssisələrinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi
dəyərləndirib. Bildirib ki, proqram əsasında növbəlilik prinsipi ilə təmirə
ehtiyacı olan bütün sanatoriyalarda yenidənqurma işləri aparılacaq.