Sosial müdafiə sahəsində nümunəvi ölkə
19 Oct 2019
İstənilən dövlətin gücü, qüdrəti ilk növbədə onun iqtisadi potensialından asılıdır. Dayanıqlı inkişafın təmini üçün müəyyən edilən iqtisadi strategiyanın prioritetlərinin düzgün icrası sürətli yüksəliş üçün real zəmin formalaşdırır.
Son 16 ildə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox artması,
ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə yatırılması, valyuta ehtiyatlarının
49 milyard dollara yüksəlməsi Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının
uğurlarının real təcəssümüdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü
iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı,
güclü sosial və iqtisadi siyasətə malik olan ölkəyə çevrilib. Həyata keçirilən sosial-iqtisadi,
eləcə də struktur islahatlarının nəticələri isə göz önündədir.
Prezident İlham Əliyev müşavirədə bu nailiyyətləri dəyərləndirərək
vurğuladı ki, əsas vəzifə iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir.
Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı
maliyyə qurumları bu uğurları hər zaman hesabatlarında göstərirlər. Dövlət başçısının
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə
qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlər də deməyə əsas verir ki, ölkəmizdə
aparılan islahatları yüksək dəyərləndirirlər.
Müşavirədə cənab Prezident 9 ayın göstəricilərini müsbət qiymətləndirdi,
lakin bununla belə daha yüksək artıma nail olmaq üçün kifayət qədər imkanların olduğunu
bəyan etdi. Həqiqətən də bu ilin ötən müddəti ərzində əldə edilən uğurlara nəzər
yetirdikdə aydın şəkildə görərik ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən,
qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Sahibkarlara
130 milyon manat kredit verilib.
Əlbəttə ki, qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən
çox olması şaxələndirmə ilə bağlı tədbirlərin müsbət nəticəsini verdiyini göstərir.
Ancaq dövlət başçısı hesab edir ki, bu artım daha yüksək olmalıdır. Buna nail
olmaq üçün isə kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq bu
potensialdan maksimum səmərə ilə istifadə edilməlidir.
Qeyri-neft sənayesinin 15 faizdən çox artması isə onu
göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun
inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verməkdədir. Dövlət başçısı bu
yüksək nəticənin dünya miqyasında rekord göstərici hesab olunduğunu vurğuladı.
Göründüyü kimi, 9 aylıq yekun ölkə rəhbərliyinin
qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü
doğrultduğunu konkret faktlar əsasında təsdiqləyir.
Sosial sahədə də inqilabi yeniliklər baş verib. İlk dəfə
olaraq ölkədə 9 ayda minimum əməkhaqqı və minimum pensiyalar 2 dəfə artıb.
Minimum əməkhaqqı 250, minimum pensiyalar isə 200 manata yüksəlib. Prezidentin
2 böyük sosial paketi ilə 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti
yaxşılaşıb.
Bütün bunlar cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın
dayandığını təsdiqləyən reallıqlardır. Müşavirədə bu məsələyə də toxunan Prezident
demişdir: "Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə
sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır,
həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu
proqramla əhatə olunacaq”.
Prezidentin çıxışından o da bəlli oldu ki, islahatların
artan sürəti maaş və pensiyaların növbəti artımına da şərait yaradacaq.
Cari ilin 9 ayının yekunlarının müzakirəsi zamanı cənab
Prezidentin gələcəyə aydın baxışını bir daha gördük. Hər kəsə bəlli oldu ki,
dövlət başçısı yalnız təbii ehtiyatlara, enerji resurslarına deyil, qeyri-neft
sektorunun inkişafına da xüsusi önəm verir. Ona görə də cənab Prezident bütün
aidiyyəti qurumlara ciddi tapşırıq verdi. Qeyd etdi ki, istifadə olunmayan
kifayət qədər ehtiyatlar var və bu ehtiyatlar aşkar edilməlidir. Elə edilməlidir
ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab
versin.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı
Azərbaycan qəzeti
19.10.2019-cu il