Sosial şəbəkələrin təsirləri ilə bağlı vebinar keçirilib
07 Apr 2021
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə «Rəqəmsal yayım və sosial şəbəkələrdə gənclərin rolu» mövzusunda vebinar keçirilib. Vebinarı giriş sözü ilə Respublika Komitəsinin sədri Cəmilə Səttarova açıb. Öncə vətən müharibəsində şəhid olmuş qəhraman övladların xatirəsi "unutma" şüarı altında bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprel döyüşlərində ki uğurlarımızdan söhbət açılıb.
Xanım sədr qeyd edib ki, sosial şəbəkələrdə bu əlamətdar günü gənclərimiz coşqu ilə yada salır. Həmin döyüşlərin qazilərini, şəhidlərini minnətdarlıqla xatırlayır, şəkillərini paylaşırlar. Belə paylaşmalar gənclərimiz arasında vətənpərvərlik hisslərini artırır.
C. Səttarova bildirib ki, sosial şəbəkələr maraqlar dünyasıdır. Kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır.
Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar.
Belə klublar istifadəçilərin həm də peşəkar biliklərinin artırılmasında böyük rol oynayırlar.
Sosial şəbəkə müasir dövrümüzün əhəmiyyətli tərkib hissəsinə çevrilmişdir. Bu sahəyə xüsusilə gənclər arasında böyük meyl var. İlk baxışdan onlayn görüş, ünsiyyətqurma, əyləncə, fikir mübadiləsi və s. vasitəsi olan sosial şəbəkələr artıq qlobal təhlükə mənbəyinə də çevrilməkdədir. Gənclərimiz bilərəkdən, əksər vaxtlarda bilməyərəkdən hətta dövlət üçün təhlükə yarada biləcək məlumatları bölüşürlər. Digər bir bəla isə insanlar bir-birlərini nüfuzdan salmaq, xoşu gəlmədiyi kimləri isə ləkələmək məqsədilə, heç bir məsuliyyət daşımadan bu platformadan istifadə edirlər.
Halbuki, sosial şəbəkə cəmiyyətin yaxşı ənənələr üzərində formalaşmasından ötrü böyük imkanlara malikdir. Onun bu imkanlarından istifadə etmək üçün dövlət qurumları, ictimai təşkilatlar təbliğatı və təşkilati işlər aparmalıdır.
Çıxışının sonunda sədr, ittifaq üzvlərini sosial şəbəkədə fəal olmağa, cəmiyyətimizin inkişafı, dövlətçiliyimizin təhlükəsizliyi naminə öz biliyini, bacarığını əsirgəməməyə çağırıb.
İttifaqın əksər qurumlarının sədrlərinin və fəallarının qatıldığı tədbirdə digər çıxışlar da dinlənilib.