AZ | RU | EN
AZ | EN | RU

“Sosial tərəfdaşlıq: Əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası” mövzusunda konfrans keçirilmişdir

27 Jan 2012

 

Tədbirdə çıxış edən F.Ələkbərov bildirib ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün riskin düzgün qiymətləndirilməsi, iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması, ümumən işəgötürənlərin bu məsələlərə məsuliyyətlə yanaşması olduqca vacibdir. Bununla bağlı ötən il Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar keçirilən konfransda belə bir Şuranın yaradılması təklifi irəli sürülüb və təklif sosial tərəfdaşlar tərəfindən dəstəklənib. Bu sahədə mühüm uğurların qazanılması üçün sosial tərəfdaşların (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası) səylərinin birləşdirilməsi və əlaqəli fəaliyyətinin təşkili vacib şərtlərdən biridir.

Nazir bildirib ki, yeni yaradılan Sosial Şura ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq sahəsində nazirliyin malik olduğu müsbət təcrübənin daha bir uğurlu davamıdır. Belə ki, 2011-ci ilin ortalarında nazirlik yanında ixtisaslaşmış QHT-lərin təmsil olunduğu və tərkibində nazirliyin fəaliyyət istiqamətləri üzrə işçi qrupların formalaşdığı İctimai Şura fəaliyyət göstərir.

Tədbirdə S.Mehbalıyev və M.Musayev Sosial Şuranın yaradılmasının iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin qurulması üçün böyük əhəmiyyətindən danışıblar.

Daha sonra konfransda MDB məkanında ilk dəfə yaradılan Üçtərəfli Sosial Şuranın Baş Kollektiv Sazişdə nəzərdə tutulan sosial tərəfdaşlıq prinsiplərini yeni formatda daha dolğun şəkildə təcəssüm etdirəcəyinə və əməyin mühafizəsi ilə bağlı dövlət siyasətinin inkişafına töhfələr verəcəyinə əminlik ifadə olunub.


27.01.12.2 27.01.12
27.01.12.3

 

 

 “Əməyin mühafizəsi: risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası"

mövzusunda keçirilən konfransda AHİK sədri,

millət vəkili cənab Səttar Mehbalıyevin çıxışı

 

Hörmətli tərəfdaşlar!
Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar!

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli sosial-iqtisadi inkişaf modeli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Müasir Azərbaycanın inkişafı və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində düşünülmüş, genişmiqyaslı işlər görülür. Sosial müdafiə sistemi keyfiyyətcə daim, dinamik şəkildə yeniləşir.
Dövlətimizin sosial-iqtisadi siyasətinin reallaşdırılmasında tərəfdaşlarımız olan hökumətlə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə yanaşı həmkarlar ittifaqlarının da rolu az deyil. Bu üç təşkilat arasında bağlanan Baş Kollektiv Sazişdə ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqeləri əks etdirilir. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik əməkdaşlığımızın prioritet istiqamətləridir.
Bildirməliyəm ki, bu sahədə sosial tərəfdaşlar olaraq səylərimizi ildən-ilə daha da sıx birləşdirmişik. "Layiqli Əmək Ölkə Proqramı"nın yerinə yetirilməsində istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqində əməkdaşlarımız, mütəxəssislərimiz birgə iştirak etmiş, əməyin mühafizəsi və digər məsələlərlə bağlı müxtəlif formatlı tədbirlər, o cümlədən konfranslar, seminarlar, treninqlər həyata keçirmişik.
Həmkarlar ittifaqları dövlət orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi problemlərinə yönəltmək məqsədi ilə ənənəvi "Ümumdünya Əməyin Mühafizəsi Günü"nü (28 Aprel) və "Ümumdünya Layiqli Əmək Günü"nü (7 Oktyabr) geniş miqyasda qeyd etmişdir.
Son iki ildə həmkarlar ittifaqları təşkilatları tərəfindən 133 yoxlama aparılmış, 1709 nöqsan aşkara çıxarılmışdır. Yoxlamalar nəticəsində respublikamızda fəaliyyət göstərən inşaat, neft-qaz, elektroenergetika, dəmiryolu sahələrində risklərin daha çox olduğu müəyyənləşdirilmişdir. Bəzi sahələrdə iş yerlərinin attestasiyasınn vaxtaşırı aparılmaması, texniki təhlükəsizlik tədbirlərinin həyata keçirilməməsi səbəbindən risklər artır və müxtəlif xəsarətlərin alınmasına şərait yaranır. Belə hallara daha çox tikinti şirkətlərində rast gəlinir. Son iki ildə respublikamızın tikinti təşkilatlarında 157 bədbəxt hadisə baş vermiş, onlardan 57-si və ya 36,3 faizi ölümlə nəticələnmişdir. Halbuki həmkarlar ittifaqı tərəfindən normativ tələblərin pozulmasına dair rəsmi qaydada 945 göstəriş verilmişdir.
Lakin həmkarlar ittifaqlarının apardığı müşahidələr zamanı məlum olur ki, müvafiq normativ sənədlərin mövcudluğuna baxmayaraq, əməyin mühafizəsi ilə bağlı xeyli dərəcədə risklər mövcuddur. Son iki ildə profilaktika işlərinin əməyin mühafizəsi üzrə statistik göstəricilərinə görə, istehsalatda işçilər xeyli dərəcədə risklərə məruz qalırlar. Müəyyən edilmiş 6 mindən çox nöqsan hələ də risklərin mövcudluğunu göstərir. Müxtəlif xəstəliklər üzündən işçilərin əmək qabiliyyətsizliyi 15 000 gün olmuşdur. Bu xəstəliklər içərisində tənəffüs yollarının iltihabı, qanaxma və dəri xəstəlikləri üstünlük təşkil edir. Xəstələnən işçilərə verilən müavinətlərin həcmi müəssisələrin hesabına ödənildiyindən, işəgötürənlərin əməyin mühafizəsinə göstərdikləri maliyyə imkanları məhdudlaşdırılır. Müvafiq tədbirlər görülmədiyinin və iş yerlərinin attestasiyasına biganə münasibətin nəticəsidir ki, peşə xəstəlikləri əvvəlki illərə nisbətən 2 dəfə artmışdır.
Təəssüflə qeyd etməliyəm ki, bir sıra nazirlik, komitə və şirkətlərdə, səhmdar cəmiyyətlərdə, qeyri-dövlət müəssisələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyasına aid normativ aktların yenidən işlənib hazırlanmaması və əməyin mühafizəsinin vahid idarəetmə sisteminin zəif olması risklərin artmasına daha çox şərait yaradır. Bütün bunlar tərəfdaşların iştirakı ilə vahid koordinasiya mərkəzinin yaradılmasını günün vacib tələbi kimi ortaya qoymuşdur. Artıq neçə müddətdir ki, hökumət, həmkarlar ittifaqları və işəgötürənlər təşkilatının mütəxəssisləri sosial şuranın əsasnaməsi, strukturu və fəaliyyət mexanizmi üzərində işləyirdi. Bu gün biz-hər üç tərəf buna mütəxəssislərimizin gərgin əməyinin nəticəsində hazırlanmış "Təhlükəsiz və Sağlam Əmək Şəraiti (TSƏŞ) üzrə Milli Üçtərəfli (tripatriat) Sosial Şuranın yaradılması haqqında" sənədin imzalanması mərasiminə toplaşmışıq. Bu qurum fəaliyyətə başladıqdan sonra sadaladığımız problemlərin həlli baxımından böyük irəliləyişlərə nail olacağımız qaçılmazdır. İnanırıq ki, Sosial Şura əməyin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə və ona riayət edilməsinə, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, əməyin hərtərəfli mühafizəsinə dəyirli töhfələrini verəcək. Bizim üçün xoşdur ki, bu qurumun yaradılması barədə təklif partnyorlarımız tərəfindən də müsbət qarşılanmışdır.
Bu mötəbər konfransda apardığımız müzakirələr və qəbul edəcəyimiz qərarlar ölkəmizdə üçtərəfli partnyorluğun daha yüksək mərhələyə qədəm qoymasına xidmət edəcəkdir. Biz bu əməkdaşlığı qiymətləndirir və əhəmiyyətli hesab edirik.
 

Diqqətinizə görə təşəkkür edirəm!


FAYDALI KEÇİDLƏR