Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib
19 Apr 2018
Aprelin 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib. İclasa sədrlik edən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev əvvəlcə ölkəmizin siyasi həyatında baş vermiş mühüm siyasi hadisəyə-respublikamızda keçirilmiş prezident seçkilərinə toxunub.
O, deyib ki, xalqımız növbəti 7 il üçün siyasi kursunu müəyyənləşdirdi. Özünün daha uğurlu gələcəyinə səs verdi. Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevə yenidən etimad göstərdi. Biz də, həmkarlar ittifaqı olaraq, hörmətli Prezidentimizə növbəti fəaliyyət illərində yeni-yeni qələbələr arzulayırıq.
Sonra S. Möhbalıyev qeyd etdi ki, bildiyiniz kimi, bu günə qədər üçtərəfli komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərlik edirdi. Əsasnaməyə uyğun olaraq tərəfdaşların hər biri bir il müddətinə bu funksiyanı daşımalıdır. İndi növbə həmkarlar ittifaqlarınındır. Növbəti ildə isə komissiyaya rəhbərlik Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına həvalə ediləcək.
İndiki iclasımıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən iki məsələ daxil olub. Birinci məsələ “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin və Azərbaycan Respublikasının 2017-ci il 9 oktyabr tarixi 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair tədbirlər Planı”nın 1.8-ci bəndinin icrası olaraq “Layihə smeta xərclərində cari smeta qiymətləndirilməsi üçün fəhlə və qulluqçuların əməkhaqqı xərclərinin hesablanması Qaydaları”nın müzakirəsi olacaq.
İkinci məsələ isə belə adlanır: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.2-ci bəndinin icrası olaraq məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma hallarının qarşısının alınması məqsədilə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsi.
Məruzələrə keçməzdən əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev gündəlikdə duran məsələlərlə bağlı qısa şərh verdi. Bildirdi ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı Tədbirlər Planı 36 tədbirdən ibarətdir. Bununla bağlı layihə haqqıda əməkdaşlarımız məlumat verəcək. Mən isə onu deyim ki, bu gün təqdim ediləcək layihə əsasən qanunverciliyin təkmilləşdirilməsi ilə əlaqədardır. Layihə əvvəlcədən müzakirə üçün müvafiq qurumlara, o cümlədən tərəfdaşlarımıza göndərilib. Güman edirəm ki, tərəfdaşlarımız da üçtərəfli komissiyanın bugünkü iclasında bu layihəyə rəylərini bildirəcəklər.
Birinci məsələ barədə nazirliyin əmək siyasəti şöbəsinin müdir müavini, üçtərəfli komissiyanın üzvü Əbülfət Məhərrəmov, ikinci məsələ barədə isə nazirliyin sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri, üçtərəfli komissiyanın üzvü Çingiz Əliyev məruzə etdilər.
Məruzələr ətrafında müzakirələr getdi. Xüsusilə tikintidə işçilərin sayı və ödənişin təyini məsələsi diskussiyalara səbəb oldu. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təmsilçiləri bu bəndin sahibkarların yoxlama orqanları tərəfindən yersiz təzyiqlərə məruz qala biləcəkləri ehtimalının olduğunu qeyd etdilər. Digər tərəfdaşlar isə bu bəndin qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına şərait yaradacağını söylədilər.
Səttar Möhbalıyev iclasa yekun vuraraq bildirdi ki, komissiyanın məqsədi həm sahibkarlığın inkişafına, həm də işçilərin əməyinin layiqli qiymətləndirilməsinə imkan yarada biləcək qərarlar qəbul etməkdir. Sahibkarlığın tərəqqisi iqtisadiyyatımızın çiçəklənməsi, dövlətimizin qüdrətlənməsi, əhalinin rifah halının daha da yüksəlməsi deməkdir.
Lakin sahibkarlar da bilməlidirlər ki, gəlirlər ədalətlə bölünməlidir.
S.Möhbalıyev gündəlikdə duran məsələləri səsə qoydu. Hər iki məsələ təkliflərin işlənməsi nəzərə alınmaqla qəbul olundu.
İclasda AHİK sədrinin birinci müavini İlyas Əliyev və AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov iştirak edirdilər.