AZ | RU | EN
AZ | EN | RU

“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması"

09 Jul 2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli hökumətin, eləcə də sosial tərəfdaşların BƏT-lə siyasi dialoq, qanunvericiliyin təkmilləşdirilməsi və praktiki layihələrin icrası istiqamətində birgə fəaliyyətindən danışdı. Bildirdi ki, Azərbaycan BMT-nin 8-ci Dayanıqlı İnkişaf Məqsədi (layiqli əmək) üzrə BƏT-in fokus ölkəsi müəyyən edilib. Əlamətdar haldır ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının gələn həftə Nyu-York şəhərində keçiriləcək BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda təqdim edəcəyi 2-ci könüllü hesabatda ölkəmizin beynəlxalq təşkilatlarla, o cümlədən BƏT-lə əməkdaşlığı da əksini tapır.

Nazir müavini əməyin təftişi sahəsində strateji əməletmənin planlaşdırılmasına həsr olunan bu konfrans çərçivəsində əməyin təftişinə BƏT-in yanaşması, strateji əməletmənin prinsipləri və elementləri, Azərbaycan Respublikasında əmək qanunverciliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər barədə geniş müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Cavanşir Alxasov çıxış edərək həmkarlar ittifaqı ilə tərəfdaşları arasında işçilərin əmək hüquqlarının qorunması sahəsində qurulmuş işgüzar əlaqələrdən söz açdı. Dedi ki, həmkarlar ittifaqı olan müəssisə və təşkilatlarda ictimai nəzarətin həyata keçirilməsi nəticəsində aşkar olunan nöqsanların tez bir zamanda aradan qaldırılması üçün dərhal müəssisə və təşkilat rəhbərləri qarşısında məsələ qaldırılır. Problemlər öz həllini tapmadıqda Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilir ki, həmin müəssisə və təşkilat barəsində cərimə tətbiq olunsun.

Sədr müavini sözügedən mövzuda həllini gözləyən problemlərin də olduğunu diqqətə çatdırdı. Ümidvar olduğunu bildirdi ki, konfransda aparılacaq səmimi, açıq fikir mübadiləsi tərəfdaşların birgə əməkdaşlığının daha səmərəli olacağına öz töhfəsini verəcək.

Tədbirin açılışında həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Əmək Administrasiyasının Əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsinin əməkdaşı Joaquim Pintaqo Nunes çıxış ediblər.

İki gün davam edən konfransda “Əməyin təftişi üzrə BƏT-in yanaşması”, “Azərbaycanda əməyin təftişi sistemi”, “Əmək müfəttişliyi üzrə BƏT-in strateji əməletmə planlaşdırması”, “Əməyin idarə olunması və formal məşğulluğa keçid” və digər mövzularda sessiyalar keçirildi, məruzə və təqdimatlar dinlənildi.

ПОЛЕЗНЫЕ ССЫЛКИ