AZ | RU | EN
AZ | EN | RU

Suraxanıda şəhid tankçının xatirəsi anılıb

24 Oct 2018

Oktyabrın 24-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş “Azərbaycan Bayrağı” Ordenli Əhməd Möhbalıyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə rayondakı Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Tədbirin əvvəlində Əhməd Möhbalıyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov çıxış edərək deyib ki, keçmiş sovet ordusunda hərbçi olan Möhbalıyev Əhməd Suliddin oğlu 1992-ci ilin aprel ayında Vətənin dar günündə doğma Azərbaycana qayıdaraq yenicə formalaşmaqda olan milli ordu sıralarında zabit kimi cəbhə xəttində yerləşən tank taborunda xidmətə başlayıb, Şuşa, Laçın, Qubadlı, Tərtər, Ağdam rayonları uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Döyüşlərdə 3 dəfə ağır yaralansa da, sağalan kimi yenidən cəbhəyə qayıdıb və 1993-cü il iyunun 25-də Ağdam rayonunun Qızılı-Kəngərli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 25 iyun tarixli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə (ölümündən sonra) təltif olunub.

Vurğulanıb ki, Prezident İlham Əliyev torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərir. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Əhməd Möhbalıyevin adına küçə var. Rayonda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramlardan biri də şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisidir. Həmin proqrama əsasən, ötən dövrdə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və yeniləri tikilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov qeyd edib ki, zaman-zaman Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yürüdən ermənilər yenicə müstəqillik qazanmış ölkəmizə silahlı basqın ediblər, Qarabağ və onun ətraf rayonları dünya ictimaiyyətinin gözü qarşısında işğal olunub, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, öz doğma yurdlarından qovulub, amansız işgəncələrə məruz qalıb. Azərbaycanın oğul və qızları belə bir çətin siyasi, iqtisadi böhran şəraitində Vətənin müdafiəsinə qalxaraq erməni silahlı birləşmələri ilə qeyri-bərabər döyüşə girərək ölüm-dirim mübarizəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazıblar. Belə döyüşçülərdən biri də Əhməd Möhbalıyev olub. Əhməd Möhbalıyevin həyat yolu hər bir gənc üçün örnəkdir. Onun əziz xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaq.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, tədqiqatçı jurnalist Lalə Hüseynova, Səbail tank taburunun sabiq komandiri Hacı Əzimov, “Dədə Qordud” Milli Fondunun prezidenti Eldar İsmayılov, Əhməd Möhbalıyevin cəbhə yoldaşları çıxış edərək deyiblər ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyada ən güclü 50 ordu sırasında yer alır. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirib və qısa müddətdə iki min hektar ərazini düşməndən azad edib. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi düşməndən azad edilib, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülüb. Çıxış edənlər Əhməd Möhbalıyevin qəhrəmanlığından danışaraq onun əziz xatirəsinin hər bir insanın qəlbində yaşayacağını, qəhrəmanlığının bütün gənclər üçün örnək olduğunu vurğulayıblar. Əhməd Möhbalıyevin qardaşı Xaliq Möhbalıyev Vətənin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailələri adından minnətdarlığını bildirib.

Tədbirdə Ə. Möhbalıyevə həsr olunmuş mahnının lent yazısı səsləndirilib.
Sonda gənclərin vətənpərvərlik tərbiyəsində, həmçinin bu tədbirin təşkilində fəallıq göstərən bir neçə nəfərə AHİK-in diplomları verilib. “Dədə Qorqud” Milli Fondunun isə Əhməd Möhbalıyevə “Həzi Aslanov” ordeni (ölümündən sonra), onun həyat yoldaşına “Mehriban ana” ordeni təqdim edilib.

FAYDALI KEÇİDLƏR