AZ | RU | EN
AZ | EN | RU

Təbiəti qoruyanların hüquqları necə müdafiə olunur?

22 Nov 2019

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi keçirilmişdir. 

Respublika Komitəsinin sədri Telman Quliyev gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış etmişdir. Əvvəlcə təşkilati məsələyə baxılmışdır. Sonra RK sədri “İttifaqın son bir ildə fəaliyyəti, problemlər və vəzifələr” mövzusunda məruzə etmişdir. O, ətraf mühitin mühafizəsini respublikada aparılan sosial-iqtisadi islahatların mühüm tərkib hissəsi adlandırmışdır. Bildirmişdir ki, ölkə rəhbərinin ekologiya ilə əlaqədar məsələləri diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermişdir.

T. Quliyev qeyd etmişdir ki, Dövlət proqramlarının uğurla həyata keçirilməsində ittifaq üzvlərimizin də zəhmət payı çoxdur. Ətraf mühitin mühafizəsinə nəzarət, meşələrin bərpa olunması və artırılması, yaşıllaşdırma, geoloji kəşfiyyat işlərinin, hidrometeoroloji müşahidələrin aparılması və digər sahələrdə ittifaq üzvlərimiz sanballı nailiyyətlər əldə etmişlər.
İttifaq üzvlərinin layiq olduqları iş şəraitində çalışması və yaşamasını təmin etmək üçün nazirliklə yanaşı, həmkarlar ittifaqı da səylərini əsirgəmir. Tərəfdaşlarımızla bağladığımız kollektiv sazişdə, kollektiv müqavilələrdə işçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artır, vaxtında və dəqiq yerinə yetirilir.

Öhdəliklər arasında işçilərin əməyinin təhlükəsizliyi mühüm yer tutur. Kollektiv saziş və müqavilələri əsas tutaraq ilin əvvəlindən Respublika Komitəsinin baş texniki əmək müfəttişi ilk təşkilatların və əməyin mühafizəsi xidmətlərinin fəaliyyətini peşə xəstəliklərinin qarşısının alınmasına, iş yerlərinin və sanitar-məişət otaqlarının, eləcə də avadanlıqların, texnoloji proseslərin normalara uyğun saxlanmasına, aparılmasına, zərərli və təhlükəli işlərdə çalışan işçilərin vaxtaşırı təlimatlandırılmasına, tibbi müayinələrdən keçirilmələrinə, işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sığorta edilməsinə istiqamətləndirmişdir. Keçirilən baxış və yoxlamaların nəticələrinə dair arayışlar hazırlanmış, həmkarlar ittifaqı komitələrinə və işəgötürənlərə xüsusi tapşırıqlar və tövsiyələr verilmişdir.

T.Quliyev bildirdi ki, biz təkcə yoxlamalarla kifayətlənmir, maarifləndirici tədbirlərə də işimizdə geniş yer ayırırıq. Buna misal olaraq aprelin 22-də Bakı şəhərində    28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş “Əməyin Mühafizəsi və əmək sferasının gələcəyi” mövzusunda konfransı xatırlatdı.
“Stimullaşdırıcı tədbirlər də əslində üzvlərin sosial durumuna təsir göstərən mühüm amillərdəndir”, -dedi. Biz hər il dövlət, milli, dini bayramları və peşə gününü təntənə ilə qeyd edirik. Ekologiya sahəsində 15 il və daha artıq çalışan əməkdaşlar yubiley (50-70) yaşına çatdıqda səmərəli əmək fəaliyyətinə görə Fəxri Fərman və pul ilə mükafatlandırılırlar.

Ayda bir dəfə İcraiyyə Komitəsində maddi yardımla bağlı edilən müraciətlərə baxılır və ehtiyacı olanlara köməklik göstərilir. Ötən 10 ay ərzində ümumilikdə 136 nəfərə maddi yardım olunmuşdur.
İttifaq üzvlərinin, həmçinin onların ailə üzvlərinin sağlamlığı, istirahətinin təşkili daim diqqət mərkəzində saxlanılır. İyun-avqust aylarında 500 nəfər əməkdaş Quba rayonuna qısamüddətli gəzintilərə aparılmışdır. İttifaq üzvlərimizə 446 ədəd sanatoriya-kurort yollayışı verilmişdir.
Xidmətimizə daxil olan idarə və müəssisələrdə çalışanlar, xüsusilə seçkili orqanlarda fəaliyyət göstərən üzvlər arasında gənclər böyük əksəriyyət təşkil edir. Gənclərimizin iş yerlərində peşə hazırlığına, əmək, sosial hüquqlarının qorunmasına diqqəti daim nəzarətdə saxlayırıq. İlk təşkilatların sıralarında onları ictimai işlərə cəlb edirik. Gənclərin yaxından iştirakı və təşkilatçılığı ilə respublika əhəmiyyətli bayramların, anım günlərinin qeyd edilməsi ənənə halını almışdır.
İstər Yeni il şənliklərinin, istər Novruz bayramının kütləvi şəkildə qeyd edilməsi işçilərin özlərinin, həmçinin ailə üzvlərinin mənəvi dünyasına xoş təsir bağışlayır. Bu tədbirlərin keçirilməsi onlarda əmək fəaliyyətinin artmasına layiqli stimul yaradır.
Respublika Komitəsi, hər il olduğu kimi, bu ilin ötən dövrü ərzində də həm beynəlxalq, həm də ümumrespublika tədbirlərində fəal iştirak etmişdir.
BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının Tərəflər Konfransının (COP) ondördüncü sessiyasında UNCCD katibliyinin tövsiyəsinə uyğun olaraq təşkilatımız müşahidəçi statusu əldə edib.

Meşə, Tikinti Sənayesi Beynəlxalq Təşkilatı, MDB Meşə Sənayesi İşçiləri Federasiyası və Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası ilə əlaqələr yaradılıb. AHİK-in xəttilə Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və s. ilə əlaqələr qurulmuşdur.
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, həmçinin AHİK-in qərarları və təlimatlarına uyğun olaraq öz fəaliyyətini bundan sonra da məqsədyönlü şəkildə davam etdirəcək. İttifaq üzvlərimizin hüquqlarının müdafiəsi, sosial, sağlamlıq və digər problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəkdir”.
Məruzə ətrafında çıxışlar oldu. Məclislərarası görülən işlər qənaətbəxş sayıldı. Digər məsələlərə də baxıldı. Sonda müvafiq qərar qəbul olundu.
Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış etdi.

FAYDALI KEÇİDLƏR