AZ | RU | EN
AZ | EN | RU

Təhlükəsiz əmək başlıca şərtdir

29 Nov 2019

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının noyabrın 29-da keçirilmiş IV Plenumunda təhlükəsiz iş şəraitinin təşkili, işçilərin sağlamlığının qorunması və əməyin mühafizəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirəyə çıxarılmışdır.

Tədbiri giriş sözü ilə Federasiyanın sədri Tofiq Quliyev açmışdır. Demişdir ki, hər bir vətəndaşın layiqli iş yeri ilə təmin olunması ölkə başçısı cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Bu uğurlu strategiyanın nəticəsidir ki, işçilərə sağlam və normal əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının tətbiqinə, istehsalat qəzalarının, əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınması yönümündə fəal dövlət siyasəti yeridilir. Bu işdə həmkarlar ittifaqları da bilavasitə iştirak edir. AHİK-in əməyin mühafizəsinə dair hazırladığı konsepsiya sahə həmkarlar ittifaqları, o cümlədən bizim Federasiya tərəfindən də operativ və dəqiq yerinə yetirilir.

Tofiq müəllim çıxışında Federasiyanın sağlamlığın rəhni kimi bədən tərbiyəsi və idman səhəsində görülmüş işlərdən də danışdı. O, sonra “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının beynəlxalq, respublika yarışlarında fəxri yerlər tutmuş idmançılarına və onların məşqçilərinə Federasiyanın diplomlarını və pul mükafatları təqdim etdi.

Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış etdi. Dedi ki, hər ilin əvvəlində profilaktik tədbirlər hazırlanır və təsdiq olunur. Tədbirlər planına müvafiq olaraq zərərli əmək şəraitində çalışan işçilərin siyahısı tutulur. Onlara əlavə məzuniyyətlərin, süd və ona bərabər tutulan məhsulların verilməsi, eləcə də bu kateqoriyadan olan işçilərin qısaldılmış iş rejimində işləməsi, peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirmiş, əlil olmuş işçilərə, həyatını itirmiş işçilərin ailələrinə dəyən zərərin düzgün hesablanması, vaxtında ödənilməsi və sair məsələlər nəzarətdə saxlanılır.

Məruzədə qeyd olundu ki, Federasiyanın mütəxəssisləri 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin layihəsi hazırlanarkən onun əməyin mühafizəsi bölməsinə bir neçə təklif vermişlər. Hesabat dövründə Federasiyanın texniki əmək müfəttişliyi müəssisə və təşkilatların bu sahəyə məsul işçiləri, ictimai müvəkkillər və komissiya üzvləri ilə birgə 40-a qədər müəssisəsinin istehsalat sahələrində müayinələr aparmışdır. Müayinələr zamanı aşkar edilmiş çatışmazlıqlar barədə müəssisə rəhbərlərinə 38 təqdimat verilmişdir.

Cəmiyyətin, xüsusilə də işəgötürənlərin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məsələlərinə cəlb etmək məqsədilə “28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü”, “7 Oktyabr-Ümumdünya Layiqli Əmək Günü”, “5 İyun - Ümumdünya Ətraf Mühit Günü” qeyd edilmişdir.                                                                                                           

“Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək”, “İş yerlərində layiqli əməyin təminatı, bu sahədə həmkarlar ittifaqının fəaliyyəti”, “Ətraf mühiti qorumaq hər birimizin borcudur” mövzularında dəyirmi masalar, görüşlər və zona seminarları keçirilmişdir.

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” sahə baxış-müsabiqəsi keçirilmiş, qalib müəssisələr Respublika baxış-müsabiqəsinə təqdim edilmişdir. 

 İndiyə qədər 14 müəssisə və ümumilikdə sahə həmkarlar ittifaqı üzrə 48 müəssisə müxtəlif vaxtlarda Respublika baxış-müsabiqəsinin qalibləri olmuşdur.

Sahə həmkarlar ittifaqının məclislərində, İcraiyyə Komitəsinin iclaslarında əməyin mühafizəsinin vəziyyəti, baş vermiş zədələnmələr və bədbəxt hadisələrin səbəbləri, bağlanmış saziş və kollektiv müqavilələrdə əməyin mühafizəsinə dair öhdəliklərin yerinə yetirilməsi müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

Məruzənin sonunda bildirildi ki, işçilərə sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq üçün əməyin mühafizəsinə dair qabaqlayıcı tədbirlərin keyfiyyətlə keçirilməsi, ümumiyyətlə, işəgötürənlərin və həmkarlar ittifaqının bu məsələlərə məsuliyyətlə yanaşmaları olduqca vacibdir.

Plenumda AHİK sədrinin müavini Cavanşir Alxasov iştirak və çıxış etmişdir.

FAYDALI KEÇİDLƏR