Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı başa çatıb
02 May 2017
Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin
Qurbanov festivalın gənclərimizin milli ruhda formalaşması baxımından əhəmiyyətindən
danışıb. Bu tədbiri dövlətimizin gənc nəslin mənəvi tərbiyəsinə göstərdiyi
qayğının təzahürü kimi qiymətləndirib. O, festivalın keçirilməsində əməyi olan
hər kəsə, xüsusilə Münsiflər Heyətinə təşəkkür etdi və tələbələrə uğurlar
arzulayıb.
Sonra Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək
deyib ki, artıq ənənə halını almış bu festivalın əvvəlki illərlə müqayisədə
iştirakçılarının sayına görə miqyası xeyli genişlənib. Artıq bu tədbirdə
yalnız ali təhsil müəssisələrində təhsil alan tələbələr deyil, orta ixtisas və
peşə təhsili müəssisələrinin tələbələri və şagirdləri də iştirak edirlər.
S.Möhbalıyev sonra deyib, festivalı keçirməkdə əsas məqsədimiz
gənclərimizə milli vətənpərvərlik ruhu, mədəniyyətimizə, incəsənətimizə, milli
adət-ənənələrimizə hörmət hissləri aşılamaqdır. Onların bədii-estetik səviyyəsini
yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir.
İncəsənətimizin, mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə
çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək ver-məkdir.
Festivala 14 ali, 17 orta ixtisas və 18 ilk peşə-ixtisas
təhsili müəssisəsinin tələbə və şagirdlərindən ibarət özfəaliyyət kollektivləri
qatılıb. Bu il festivalın yekun konsertində ümumilikdə 250-yə yaxın tələbə
iştirak edir. Birinci və ikinci mərhələnin iştirakçılarının sayı isə min nəfərdən
çox olub.
Bu isə o deməkdir ki, biz kütləviliyə nail olmağı
bacardıq. Yaxşı haldır ki, tələbələrimiz bu festivala xüsusi maraq göstərirlər.
Qaliblərin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və
incəsənət xadimlərindən ibarət Münsiflər Heyəti tərəfindən həyata
keçirilib. Münsiflər Heyətinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru Fərəh xanım Əliyeva rəhbərlik edib. Fürsətdən
istifadə edib Münsiflər Heyətinə, başda Fərəh xanım Əliyeva olmaqla, Bakı
Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovaya, əməkdar incəsənət
xadimləri şair Baba Vəziroğluna, bəstəkar Nailə Mirməmmədliyə, Opera və Balet
Teatrının baş rejissoru Hafiz Quliyevə, xalq artisti Samir Cəfərova, Milli
Konservatoriyanın müəllimi Arslan Növrəsliyə təşəkkürümü bildirirəm.
Səttar Möhbalıyev deyib, bu gün Azərbaycan mədəniyyəti
davamlı inkişaf yolu keçir və bütün dünyaya təbliğ olunur. Heç şübhəsiz ki, bu
inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər
Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı idi. O, mədəniyyətin
və incəsənətin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanmasına
və təbliğinə də diqqətlə yanaşıb.
Qürur hissi ilə bildirirəm ki, ulu öndərin Azərbaycanın gələcək
inkişafı ilə bağlı arzuları onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla həyata keçirilir.
Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə
olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib və
özünün yeni dövrünü yaşayır.
Möhtərəm Prezidentimizin Azərbaycana rəhbərlik etdiyi illər
ərzində mədəniyyətimiz, incəsənətimiz daha da inkişaf edib, onun
imzaladığı fərman və sərəncamlar bu işə güclü stimul yaradıb. Heydər
Əliyevin mədəniyyət sahəsindəki siyasətinin reallaşması işində Azərbaycanın I
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri əvəzsizdir. Onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin
dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı
tədbirlər olduqca əhəmiyyətlidir. Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin
tələbə və şagirdlərinin bədii yaradıcılıq festivalı ATİAHİ Respublika Komitəsinin
gənclərlə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Respublika
Komitəsi tərəfindən vaxtaşırı olaraq gənclər arasında belə müsabiqələr,
festivallar, yarışlar təşkil olunur.
Mən bir daha bədii yaradıcılıq festivalının
iştirakçılarını ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik və səadət
arzulayıram.
Yekun konsertində incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət
kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən
ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilər çıxış ediblər.
Münsiflər Heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib
II yerə, 10 qalib isə III yerə layiq görülüb.
Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri
Təhsil Nazirliyinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
diplom və hədiyyələri ilə təltif olunacaqlar. Həmçinin fəal iştirakçılara
diplomlar təqdim ediləcək.