AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv təşkilatların aşağı vəsilələrinin başqa sahə həmkarlar ittifaqı birliklərinə keçməsi qaydaları üzrə TƏLİMAT

30 Nov 1998

 

1.2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv təşkilatların aşağı vəsilələrinin bu və ya digər həmkarlar ittifaqı sahəsinə məxsus olması üzrə məsələlərə müvafiq həmkarlar ittifaqı orqanlarının və ilk təşkilatların yığıncaqlarında (konfranslarında) aşağıdakı obyektiv səbəblər olduqda baxıla bilər:

 

1. Tərkibi ən azı 7 nəfərdən ibarət olan həmkarlar ittifaqı təşkilatı yarandıqda;

 

2. İki və daha çox həmkarlar ittifaqları birləşdikdə;

 

3. Bir həmkarlar ittifaqı iki və daha çox sahəyə bölündükdə;

 

4. Həmkarlar ittifaqı fəaliyyətini dayandırdıqda (və yaxud ləğv olunduqda);

 

5. Həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə təsir göstərən təsərrüfat orqanlarının profillərinin və yaxud struktur formalarındakı dəyişikliklər.

 

1.3. Yuxarıda göstərilən səbəblərə əsasən, ilk həmkarlar ittifaqı təşkilatının başqa sahə həmkarlar ittifaqı birliyinə daxil olması (b 2, 3, 4, 5) həmkarlar ittifaqı ali rəhbər və icra orqanlarının qərarı ilə həyata keçirilir. Bütün bu hallarda AHİK-in İcraiyyə Komitəsinin 2 dekabr 1994-cü il tarixli «Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv təşkilatların aşağı vəsilələrinin başqa həmkarlar ittifaqı birliklərinə keçməsi haqqında» qərarı əsas götürülür.

 

 

II. Həmkarlar ittifaqı ali rəhbər və icra orqanlarının qərarı ilə ilk həmkarlar ittifaqı təşkilatının başqa sahə həmkarlar ittifaqı birliyinə keçməsi qaydası

 

2.1. İki və daha çox həmkarlar ittifaqları birləşərsə və onlardan biri, yaxud yeni yaranmış həmkarlar ittifaqı ona daxil olan həmkarlar ittifaqının hüquqi varisi elan edilərsə, keçid vaxtı və şərtləri təsis qurultayının (konfransın) qərarı ilə və bu təlimatla müəyyən edilir.

 

Bu halda keçidlə əlaqədar prosedur məsələlər ləğv edilmiş həmkarlar ittifaqının (ittifaqlarının) ilk təşkilatlarının, hüquqi şəxs statusu daşıyan yeni yaranmış həmkarlar ittifaqı birliyinin təşkilatı strukturu kimi yenidən qeydiyyatdan keçirilməsindən və sonradan möhür və ştampın dəyişdirilməsindən və bank hesabının yeniləşdirilməsindən ibarət olmalıdır.

 

2.2. Həmkarlar ittifaqı birliyi iki və daha çox ittifaqa bölündükdə ilk təşkilatların yeni yaradılan birliklər arasında bölünmələri haqqında qərar qurultay, konfrans, plenum, məclis və yaxud həmin orqanların qərarlarına əsasən müvafiq həmkarlar ittifaqının İcraiyyə Komitəsi (Rəyasət Heyəti ) tərəfindən qəbul edilir.

 

Həmin qərar ilk növbədə ilk həmkarlar ittifaqı təşkilatının maraq və mənafeyini qorumalıdır.

İlk təşkilat qəbul edilən qərarla razılaşmadığı halda, mövcud təlimata əsaslanaraq uyğun olan sahəni AHİK-in vasitəsilə müəyyən edə bilər.

 

 

III. İlk həmkarlar ittifaqı təşkilatının təşəbbüsü ilə bir sahə həmkarlar ittifaqından o biri sahəyə keçməsi qaydası

 

3.1. İlk həmkarlar ittifaqı təşkilatının təşəbbüsü ilə bir sahə həmkarlar ittifaqından o birisinə keçid məsələsi iclasda (konfransda) o zaman baxılır ki, həmin məsələnin lehinə həmkarlar ittifaqı üzvlərinin 2/3 hissəsindən çoxu yazılı surətdə (ərizə formasında) həmkarlar ittifaqı komitəsinə öz fikrini bildirir (əgər sahə həmkarlar ittifaqı nizamnaməsində başqa qayda nəzərdə tutulmayıbsa). Həmkarlar ittifaqı komitəsi bu barədə yuxarı həmkarlar ittifaqı orqanına (sahə həmkarlar ittifaqı respublika komitəsinə) məlumat verir, həmin məsələnin həlli üçün iclasın (konfransın) keçirilməsi haqqında qərar qəbul edilir, iclasın (konfransın) keçirildiyi gün təyin edilir.

 

3.2. İlk təşkilatın bir sahədən o biri sahəyə keçməsi haqqında qərar iclasda həmkarlar ittifaqı təşkilatında qeydiyyatda olan üzvlərin yarıdan çoxu, konfransda isə nümayəndələrin 2/3 hissəsinin iştirak etdiyi və mütləq (2/3 hissəsi) səs çoxluğu olduğu halda qəbul olunmuş hesab edilir (əgər sahə nizamnaməsinə əsasən qeyri qayda nəzərdə tutulmayıbsa).

 

3.3. Sahə həmkarlar ittifaqının yuxarı seçkili orqanlarından ilk təşkilat nümayəndələrinin geri çağırılması məsələsi həmin iclasda (konfransda) müzakirə edilir.

 

3.4. İlk təşkilatın həmkarlar ittifaqı komitəsi (həmkarlar ittifaqı təşkilatçısı) 10 gün ərzində özünün rəhbər həmkarlar ittifaqı orqanına başqa sahəyə keçməsi, həmkarlar ittifaqı xidmətindən çıxarılması və həmin təşkilatın struktur vahidi kimi qeydiyyatının ləğvi haqqında müraciəti və iclasın (konfransın) protokolunun surətini təqdim etməlidir.

 

3.5. Tərkibindən çıxdığı sahə həmkarlar ittifaqının rəhbər orqanı tərəfindən ilk təşkilatın maliyyə-təsərrüfat fəaliyyətini, kargüzarlığı, sahə həmkarlar ittifaqı nizamnaməsindən və mövcud təlimatdan irəli gələn başqa məsələlərin yerinə yetirilməsini yoxlamaq üçün komissiya yaranır.

 

3.6. Həmkarlar ittifaqı komitəsinin sədri (həmkarlar ittifaqı təşkilatçısı , mühasib (xəzinədar) sənədləri, arxivi, möhür, ştampı, maliyyə vəsaitini və ilk təşkilatın istifadəsində olan digər əmlakı həmin komissiyaya təqdim edir.

 

3.7. Sahə həmkarlar ittifaqının rəhbər orqanları 1 ay müddətində ilk həmkarlar ittifaqı təşkilatının ərizəsini araşdırır və qəbul etdiyi qərar haqqında onlara yazılı surətdə məlumat verir.

 

3.8. İlk həmkarlar təşkilatının keçirdiyi iclasın (konfrans) protokoluna, başqa həmkarlar ittifaqı birliyinə keçmələri haqqında ərizəyə və maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan komissiyanın aktına əsaslanaraq, rəhbər orqan ilk həmkarlar ittifaqı təşkilatının həmkarlar ittifaqı xidmətindən çıxarılması və özünün struktur vahidi kimi qeydiyyatının ləğvi haqqında qərar qəbul edir.

 

3.9. Sahə həmkarlar ittifaqı Nizamnaməsinin və yaxud mövcud təlimatın pozulması komissiya tərəfindən müəyyən edildikdə, sahə həmkarlar ittifaqının rəhbər orqanı ilk həmkarlar ittifaqı təşkilatının keçirdiyi iclasın (konfransın) qərarını ləğv etmək hüququna malikdir. Belə hallarda başqa həmkarlar ittifaqına keçmək barədəki məsələyə tərkibindən çıxmaq istədiyi həmkarlar ittifaqının rəhbər orqanının nümayəndəsinin iştirakı ilə iclasda (konfransda) yenidən baxılmalıdır. Bu barədə qərar həmkarlar ittifaqının yuxarı orqanı tərəfindən qəbul edilir.

 

3.10. Sahə həmkarlar ittifaqının rəhbər orqanı komissiyaya təqdim olunmuş sənədlərin, arxivin, maliyyə vəsaitinin və digər əmlakın gələcək istifadəsini müəyyən edir, ehtiyac olduqda ilk təşkilatın əmlak payını və ödənilmə qaydasını müəyyən edir, ilk həmkarlar ittifaqı təşkilatının bankda hesabını bağlayır, möhür və ştampların təhvil alınmasını təmin edir.

 

3.11. Bir həmkarlar ittifaqından digər həmkarlar ittifaqına keçməsi haqqında qərar qəbul etmiş təşkilat üzv olduğu sahə həmkarlar ittifaqı qarşısında Nizamnamə və müqavilə tələblərini yerinə yetirməlidir.

 

3.12. İlk həmkarlar ittifaqı təşkilatının keçdiyi sahə həmkarlar ittifaqının rəhbər orqanı, yeni sahəyə keçməsi haqqında müraciət, iclas (konfransın) protokolunun surətinə və əvvəldən daxil olduğu sahənin həmkarlar ittifaqı xidmətindən çıxarılması haqqında həmkarlar ittifaqı orqanının qərarına əsasən, ilk təşkilatın özünün struktur vahidi kimi qeydiyyata alınması haqqında həmkarlar ittifaqı xidmətinə alınması barədə və sahə həmkarlar ittifaqı nizamnaməsinə uyğun olaraq, rəhbər orqanlarında təşkilatın nümayəndəliyi və hüquqi şəxs sayılması barədə qərar qəbul edir.

 

3.13. Sahə həmkarlar ittifaqı xidmətinə qəbul edilməsi haqqında müvafiq həmkarlar ittifaqının qərarı olduğu halda və həmin həmkarlar ittifaqının hüquqi şəxsi kimi qeydiyyata alındıqdan sonra ilk təşkilat digər sahə həmkarlar ittifaqına keçmiş hesab edilir və bu barədə AHİK-ə məlumat verilir.

 

3.14. İlk təşkilatın daxil olduğu həmkarlar ittifaqının rəhbər orqanı 10 gün müddətində (qərar qəbul olduğu gündən) həmin təşkilatı qeydiyyata alır, bankda hesab açır və yeni möhür və ştamp hazırlanana qədər hesabdan istifadə etmək qaydasını müəyyənləşdirir.

 

 

IV. Yekun müddəaları

 

4.1. sahə həmkarlar ittifaqları birliklərinin aşağı vəsilələrinin başqa həmkarlar ittifaqı birliklərinə keçməsi Azərbaycan Respublikasının «Həmkarlar ittifaqları haqqında» qanununun 3-cü maddəsinin 2-ci abzası və mövcud təlimatda göstərilən səbəblər istisna olmaqla, başqa hallarda yol verilmir.

 

4.2. Keçidlə əlaqədar danışıqlar zamanı (xüsusən ilk təşkilatın təşəbbüsü ilə olduqda) mübahisələr və fikir ayrılığı yarana bilər. Onları aradan götürmək üçün bütün maraqlı olan tərəflərin nümayəndələrinin iştirakı ilə birgə komissiya yaradılır. Komissiyanın tərkibinə AHİK-in nümayəndəsi daxil edilir. AHİK-in İcraiyyə Komitəsi komissiyanın rəyini müzakirə edərək müvafiq qərar qəbul edir.

 

4.3. Keçid dövrü ilk təşkilatın daxil olduğu sahə həmkarlar ittifaqının tərkibindən çıxması barədəki ərizənin verildiyi vaxtdan 2 aydan az olmamaq şərtilə davam edir. Həmin müddət ərzində ilk təşkilat sahə Nizamnaməsinə və bağlanmış müqavilələrə müvafiq olaraq vəzifələrini yerinə yetirməlidir.

 

4.4. Həmkarlar İttifaqı üzvünün şəxsi vərəqəsində daxil olduğu həmkarlar ittifaqına məxsusluğu haqda qeyd aparılır.

 

4.5. Bu təlimatın qaydalarını pozub öz təşəbbüsü ilə daxil olduğu sahə həmkarlar ittifaqının tərkibindən çıxmış ilk təşkilat həmin sahənin Nizamnaməsindən istifadə etmək hüququnu itirir, hüquqi şəxs sayılmır, həmkarlar ittifaqının struktur vahidi kimi ləğv edilir və buraxılır, həmkarlar ittifaqı üzvləri isə həmkarlar ittifaqı qeydiyyatından xaric olunurlar. Həmin təşkilat ümumi həmkarlar ittifaqı əmlakına olan hüququnu itirir, tərəfindən ödənilən məbləğ qaytarılmır. Qeydiyyatdan keçdiyi həmkarlar ittifaqı orqanının qərarı ilə bu təşkilatın bankdakı hesabı bağlanır. Digər həmkarlar ittifaqına daxil olmaq üçün göstərilən təşkilat həmkarlar ittifaqı üzvlərinin ərizələrindən başlayaraq təsis iclası (konfransının) keçirilməsinə, həmkarlar ittifaqı və dövlət hakimiyyət orqanlarında qeydiyyata, bankda hesab açmağa, möhürün və ştampın hazırlanmasına qədər bütün mərhələləri yenidən keçməlidir.

 

4.6. Sahə həmkarlar ittifaqı respublika komitələri başqa sahə həmkarlar ittifaqlarının aşağı vəsilələrini qəbul edərkən sahə prinsipini gözləməklə, qarşılıqlı həmrəyliyə və bu təlimatın tələblərinə riayət etməlidir.

 

4.7. AHİK-in Nizamnaməsinin 2. 6. 3. bəndinə müvafiq olaraq, həmkarlar ittifaqı təşkilatı bir həmkarlar ittifaqından digər həmkarlar ittifaqına keçməsi, yalnız qərar qəbul etmiş təşkilatın üzv olduğu sahə həmkarlar ittifaqı respublika komitəsinin qərarı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin razılığı olduqda və sahə prinsipi gözlənildikdə qüvvəyə minmiş hesab olunur.