AZ | RU | EN
AZ | EN | RU

“Təmiz Azərbaycan dilimizi, milli musiqilərimizi məhz sizin səhnələrinizdə eşidə bilirik”

26 Nov 2019

Noyabrın 26-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bir qrup əməkdaşı ilə görüş keçirilib.

Bu sənət ocağının dövlət statusu alması münasibətilə təşkil olunmuş tədbirdə Respublika Komitəsinin sədri Cəmilə Səttarova bildirdi ki, teatr mədəniyyətin inkişafında, vətənpərvərlik hisslərinin aşılanmasında, yüksək əxlaqi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rola malik sənət növüdür. Azərbaycan teatrı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. O öz fəaliyyəti ilə xalqın milli sərvətinə çevrilmişdir: “Mən çox istərdim ki, bizim teatrımızın tərtibatı dünyada ən qabaqcıl teatrların tərtibatına gəlib çatsın. Məlumdur ki, mədəniyyətin çox növü teatrda öz əksini tapır. Bunun ən mükəmməl nümunələrini daha çox sizin teatrda görmək mümkündür. Təmiz Azərbaycan dilini, milli musiqilərimizi məhz sizin səhnələrinizdə eşidə bilirik”.
Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nurəddin Mehdixanlı çıxışında bildirdi ki, Azərbaycan Akademik Milli Dram Teatrı Zaqafqaziyada və Şərqdə ilk dövlət teatrı statusu alan bir teatrdır: “Bu gün biz sizin görüşünüzə 147 yaşı olan və dövlət teatrı statusu almağının 100 illiyini qeyd etdiyimiz Akademik Milli Dram Teatrının kollektivi olaraq gəlmişik. Teatrımız yaradıcılığının parlaq dövrünü yaşayır. Sənət ocağı maraqlı, baxımlı və günün tələblərinə cavab verən tamaşaları ilə tamaşaçıların diqqət mərkəzində olmağa, onları narahat edən problemləri nümayiş etdirməyə qadirdir”.
Sonda teatrın bir qrup əməkdaşına Respublika Komitəsinin Fəxri fərmanları və mükafatları təqdim olundu.

ПОЛЕЗНЫЕ ССЫЛКИ