AZ | RU | EN

“Tərəfdaşlarla münasibətdə kollektiv müqavilələrin gücünə üstünlük verilib”

17 Oct 2017

Oktyabrın 17-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının XIX konfransında hesabat məruzəsi ilə çıxış edən itttifaqın Respublika Komitəsinin sədri Rafiq İldarov deyib ki,  "Tərəfdaşlarımızla münasibətdə kollektiv müqavilələrin gücünə üstünlük vermişik. Bu sənədin kəsərli və səmərəli olmasını təmin etmək məqsədilə, hələ layihəsi hazırlanmamışdan əvvəl işəgötürənlərlə təbliğat işi aparmışıq. Onlara izah etmişik ki, kollektiv saziş və müqavilələr təkcə işçilərin layiqli əməyinin təmin olunmasına xidmət göstərmir. Onlar həm də işəgötürənə, bütövlükdə iqtisadiyyatımızın inkişafına, nəticə etibarilə dövlətimizə lazımdır. Dolğun, geniş, konkret öhdəliklər götürülmüş kollektiv saziş və müqavilələri tam yerinə yetirməklə sosial tərəfdaşlarımız da bizimlə birlikdə Respublika Prezidentinin sosial-iqtisadi, siyasi kursunun həyata keçirilməsinə töhfə vermiş olur".

Respublika Komitəsinin sədri bildirib ki, təbliğatımız öz bəhrəsini verib. İşəgötürənlər də bizimlə, ilk təşkilatlarımızla birlikdə işçilərin mənafelərinə uyğun kollektiv saziş və müqavilələr bağlamaqda maraqlı oldular.
Natiq bu marağın nəticəsi olaraq götürülmüş öhdəliklərin bir neçəsini diqqətə çatdırıb.. Deyib ki, kollektiv sazişlərə və müqavilələrə əsasən, dövlət, milli, dini bayramlarda bütün işçilərə, Silahlı Qüvvələr Günündə Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına birdəfəlik müavinət və mükafat verilir. Energetiklər Günündə verilən mükafatların həcmi 2 dəfə artırılıb. İqtisadiyyatımızın inkişafında xidmətlərinə görə dövlət mükafatları ilə təltif olunan işçilərin vəzifə maaşına minimum əməkhaqqının müvafiq mislində əlavə ödəniş təyin edilir. Digər əlavə ödənişdən isə yüksəkgərginlikli elektrik şəbəkələri üzrə yarımstansiyaların, dispetçer xidmətlərinin əməliyyat heyəti yararlanır.

Hesabat dövründə nailiyyətlərimizdən biri də sahənin müəssisələrində işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta  edilməsidir. İndi isə işəgötürənlər tərəfindən bütün işçilərin tam həcmli tibbi sığorta ilə təmin edilməsinə nail olmaq üçün işimizi gücləndirməliyik.

Yaşayış məntəqələrindən aralı yerləşən stansiyalara və uzaq məsafədə olan iş yerlərinə işçiləri aparıb-gətirmək üçün yeni və rahat nəqliyyat vasitələri ayrılıb. Həmkarlar ittifaqı işçilərinin mədəni-kütləvi və idman tədbirlərinə geniş cəlb edilməsi, onların asudə vaxtlarını səmərəli keçirməsi, istirahətlərinin təşkili də kollektiv müqavilələrdə əksini tapıb.

Kollektiv müqaviləyə əsasən, ilk təşkilatlar yay mövsümlərində Azərbaycanın səfalı guşələrində işçilərin və onların ailə üzvlərinin istirahətini təşkil ediblər. Əksər təşkilatlarda futbol, voleybol, tennis, stolüstü oyunlar üzrə yarışlar keçirilib.

Sahə həmkarlar ittifaqının komandaları AHİTA-nın, "Zenit" İdman Cəmiyyətinin keçirdikləri spartakiadalarda fəal iştirak edib və layiqli yerlər tutublar. Qaliblərə idman təşkilatları diplomlar və Respublika Komitəsi hədiyyələr təqdim ediblər.

Məruzədə digər istiqamətlərdə görülən işlər barədə də hesabat verilib.
Məruzə ətrafında çıxışlar dinlənilib.. Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edib.  Deyib ki, ki, ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə, müstəqilliyimizin ilk illərində iqtisadiyyatın digər sahələrində olduğu kimi, enerji sektorunda da köklü islahatlar aparılıb. Respublikamızda elektrik şəbəkəsinin genişləndirilməsinə, yenidən qurulmasına başlanılıb. Beləliklə, Azərbaycanda müstəqil enerji sistemi yaradılıb.

Dövlət başçısı cənab İlham Əliyev ümummilli liderimizin təşəbbüsü, təşkilatçılığı sayəsində formalaşan enerji sistemini beynəlxalq standartlar səviyyəsinə qaldırmaq üçün gərgin əmək sərf edib. Həyata keçirilən tədbirlər nəticəsində energetikanın maddi-texniki bazası möhkəmləndirilib. Çoxlu sayda modul tipli elektrik stansiyası istifadəyə verilib. Mövcud elektrik stansiyaları modernləşdirilib. Bununla da əhalinin elektrik enerjisinə tələbatının təmin edilməsi məqsədinin yüksək səviyyədə həyata keçirilməsinə nail olunub.

Hörmətli Prezidentimizin müəllifi olduğu "İşıqlı Azərbaycan" layihəsinin gerçəkləşdirilməsi, təbii ki, sahənin mütəxəssislərinin, sıravi işçilərinin gərgin əməyi nəticəsində mümkün olub. Bu insanlara dövlətimizlə yanaşı, sahə həmkarlar ittifaqı da dəstək olmuş, qayğısını əsirgəməmiş, əməyini qiymətləndirmişdir.

Səttar Möhbalıyev Hİ Respublika Komitəsinin hesabat dövründəki fəaliyyətinin uğurlu nəticələrlə müşayiət olunduğunu söyləyib: "Son illərdə energetika sistemində aparılan struktur islahatları müəyyən mənada həmkarlar ittifaqının fəaliyyətinə təsir göstərir. Respublika Komitəsi missiyasını yerinə yetirib, üzvlərinin əmək və sosial hüquqlarının keşiyində peşəkarcasına durmağı bacarıb".
AHİK sədri bunu həmkarlar ittifaqının zəngin təcrübəsi, mübarizliyi və cəmiyyətdə gedən proseslərə çevik reaksiyası ilə əlaqələndirib. Deyib ki, hələ son 25 ilə nəzər salsaq bunun şahidi olaraq. Müstəqilliyimizin ilk illərində həmkarlar ittifaqını da kommunist partiyası, komsomol təşkilatı kimi tarixin arxivinə atmaq cəhdləri göstərilib. Təbii ki, bu cəhdlərin təşəbbüskarları hakimiyyəti zor gücünə mənimsəmiş naşı insanlar idi. Həmkarlar ittifaqı o insanları yerində oturtdu. Əlbəttə, ümummilli lider Heydər Əliyevin himayəsi ilə. Ümummilli liderimiz iqtidarda olduğu sonrakı illərdə də təşkilatımızdan qayğısını əsirgəmədi. Məhz onun dəstəyi ilə bu gün qazandığımız uğurların əsasında duran qanunvericilik bazası yaradıldı.
S.Möhbalıyev çıxışında kollektiv müqavilələrin əhəmiyyətinə, sanatoriya-kurort istirahət mərkəzləri şəbəkəsinin təkmilləşdirilməsi, genişləndirilməsi üçün atılan addımlara, beynəlxalq əlaqələrə və sair məsələlərə də toxunub.
Qurultayda təşkilati məsələyə baxılıb. Rafiq İldarov yenidən sahə Hİ Respublika Komitəsinin sədri seçilib.