“Təhlükəsiz əmək şəraitinin təmin edilməsində həmkarlar ittifaqının rolu"
17 Dec 2012
-Hörmətli xanımlar və cənablar!
Hörmətli konfrans iştirakçıları!
İlk növbədə, icazə verin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının adından sizi səmimi-qəlbdən salamlayım və yaradıcı, konstruktiv iş arzılayım. Bugünkü tədbir olduqca vacib problemlərin həllinə həsr olunub. Tədbir dünya maliyyə böhranının iqtisadiyyata neqativ təsir göstərdiyi, müəssisələrin normal işini pozduğu, əmək bazarında vəziyyəti kəskin çətinləşdirdiyi mürəkkəb şəraitdə keçirilir.
Məlumdur ki, qlobal kapital bu gün öz problemlərini işçilərin hesabına həll etməyə cəlb edir. İş yerləri ixtisar olunur, işsizlərin sayı artır, əməkhaqları üzrə borclar çoxalır.
Belə ekstremal şəraitdə tam və məhsuldar məşğulluğa nail olmaq, eləcə də layiqli əməyi təmin etmək bütün maraqlı tərəflər üçün prinsipial xarakter daşıyır. Azərbaycanın sosial tərəfdaşları üçün iş yerlərinin qorunub saxlanılması, istehsalatda əməyin təhlükəsizliyi səviyyəsinin artırılması, zədələnmə hallarının azaldılması həlledici amillərdəndir.
Hörmətli konfrans iştirakçıları!
Son illər bu istiqamətdə sosial tərəfdaşların rəyi nəticəsində müəyyən uğurlar əldə olunmuşdur. Respublikada əməyin mühafizəsinə dair dövlət idarəetmə sistemi səmərəli işləyir, qanunvericilikdə icra hakimiyyəti orqanları, sahibkarlar, işəgötürənlər, işçilər tərəfindən əməyin mühafizəsinin təmin edilməsi üzrə əsas prinsiplər müəyyən olunub.
Bu prinsiplər aşağıdakıları ehtiva edir:
- dövlət orqanlarının, sahibkarlar, işəgötürənlər və işçilər təşkilatlarının əməyin mühafizəsinin və əmək şəraitinin yaxşılaşdırılmasına, istehsalatda qəzaların, zədələnmə və peşə xəstəliklərinin aradan qaldırılmasına istiqamətləndirilən fəaliyyətinin vahidliyi;
- elmi-texniki tərəqqinin ümumdünya nailiyyətlərindən, qabaqcıl təcrübədən geniş istifadə edən, həmçinin texniki təhlükəsizliyin, əməyin mühafizəsinin səmərəli üsullarını və yeni vəsaitlərinin və texnologiyalar tətbiq edən işəgötürənlərin müəyyən qaydada və resurslarla həvəsləndirilməsi;
- işçilərin xüsusi geyim və ayaqqabı, müalicə-profilaktik qidalanma, fərdi mühafizə və digər vəsaitlərlə pulsuz təmin edilməsi.
Qeyd olunan prinsiplər əsasında Əmək Məcəlləsinə uyğun olaraq müvafiq qurumların vəzifələri müəyyən edilir, onların sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi sahəsində fəaliyyətinin əlaqələndirilməsi və nəzarət həyata keçirilir.
Biz, həmkarlar ittifaqı olaraq, təsdiqləyirik ki, qlobal maliyyə böhranı Azərbaycanın iqtisadiyyatına minimal zərər gətirmişdir. Məhz həyata keçirilən antiböhran tədbirləri nəticəsində ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun bugünkü və gələcək inkişafı üçün əsas yaradılmışdır.
Ölkə iqtisadiyyatı, o cümlədən sənaye istehsalı 3 dəfə artmışdır. Təkcə cari ilin 9 ayı ərzində 92 min yeni iş yeri açılmış, büdcə xərcləri təxminən 20 dəfə çoxalmışdır. Azərbaycanda sosial ədalət prinsipləri tam təmin edilmişdir.
Azərbaycanın stabil və dayanıqlı inkişafında, ölkədə vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasında həmkarlar ittifaqlarının rolu az deyil. Öz sıralarında 1,5 mln-dan artıq üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial-əmək münasibətlər sisteminin bərpa olunmasına, sosial partnyorluğun inkişafına əhəmiyyətli töhfə vermişdir.
Əməyin mühafizəsi üzrə bütün qurumlarla bərabərhüquqlu, qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədi ilə 27 yanvar 2012-ci il tarixində tripartizm şərtlər əsasında "Təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Şura" yaradılmışdır.
Baş sazişlər AHİK-in sosial tərəfdaşları ilə əməkdaşlığın prioritetini təşkil edir. Konfederasiya hər iki ildən bir Baş Sazişdə əks olunan öz mövqeyini sosial tərəfdaşlara çatdırır.
Bizim Beynəlxalq Əmək Təşkilatı ilə 1992-ci ildən başlayan sıx əməkdaşlığımız 2006-2009-cu illər üçün layiqli əmək üzrə ölkə proqramının uğurla başa çatdırılmasına kömək etmişdir. Bu proqramın həyata keçirilməsində iştirak edərək AHİK müntəzəm olaraq öz səylərini işçilərin peşə vərdişlərinin inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə, əməyin mühafizəsi sisteminin yaxşılaşdırılmasına, bütövlükdə layiqli əmək sahəsinin genişlənməsinə yönəldir.
2015-ci ilə qədər müddəti əhatə edən yeni proqramda əməyin mühafizəsinə dair milli sistem prioritetlərdən biridir.
Bu gün respublikada əməyin mühafizəsi sahəsində milli qanunvericiliyə yenidən baxılması həmkarlar ittifaqlarının mütləq iştirakı ilə baş verir.
Əməyin mühafizəsi sahəsində bütün normativ-hüquqi aktlar qabaqcadan AHİK və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə mütləq razılaşdırılır.
Hörmətli konfrans iştirakçıları!
Ümum Həmkarlar İttifaqları Konfederasiyası və BƏT ilə əməkdaşlıq Azərbaycan həmkarlar ittifaqlarına qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi prosesinə real təsir göstərməkdə kömək etmişdir.
ÜHİK-in model qanunlarındakı standartlara əsaslanaraq AHİK-in təşəbbüsü ilə Əmək Məcəlləsinə və Vergilər Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər edilmişdir.
AHİK layiqli əmək uğrunda (7 oktyabr), əməyin mühafizəsi (28 aprel) ümumdünya günləri çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak edir.
Azərbaycan həmkarlar ittifaqları tərəfindən həyata keçirilən bu və digər tədbirlər müəyyən dərəcədə istehsalatda əməyin təhlükəsizliyinin və iş şəraitinin yaxşılaşdırılmasına kömək edir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, respublikada son bir neçə il ərzində əməyin mühafizəsinə yönəldilən xərclərin ilbəil artımı müşahidə olunur. Belə ki, 2011-ci ildə 2010-cu illə müqayisədə əməyin mühafizəsinə xərclənən vəsaitin məbləği 6 %, bir nəfər işçiyə düşən xərclər isə 6,25 % artmışdır.
Son illərdə bədbəxt hadisələrin, o cümlədən ölümlə nəticələnən bədbəxt hadisələrin sayı azalmaqdadır. Belə ki, 2007-ci ildə ölümlə nəticələnən 128 hadisə baş vermişdisə, 2012-ci ilin 9 ayı ərzində 66 hadisə qeydə alınmışdır.
Qeyd etmək lazımdır ki, son 19 il ərzində, yəni AHİK yaranandan sonra həmkarlar ittifaqlarının əhatə etdiyi müəssisələrdə xəsarət alanların sayı 3,6 dəfə, ölənlərin sayı isə 2,8 dəfə azalmışdır.
Bütün bunlara sosial tərəfdaşların, habelə insan taleyinə biganə qalmayan bütün təşkilatların birgə fəaliyyəti və başlıca olaraq işin bu istiqamətinin vacibliyinə diqqətin artırılması nəticəsində mümkün olmuşdur.
Biz, həmkarlar ittifaqı olaraq əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyilik. Çünki problemin kəskinliyi hələ də hiss olunur. Bir sıra təşkilatlarda hələ də əməyin mühafizəsi üzrə tədbirlərin maliyyələşdirilməsi məhdudlaşdırılır, mütəxəssislərin ixtisarları baş verir.
Bu gün əməyin mühafizəsi məsələlərinin ciddi təkmilləşdirilməsinə ehtiyac var. Burada aşağıdakı əsas istiqamətləri vurğulamaq olar:
- əməyin mühafizəsi vəziyyətinin daimi monitorinqinin təşkil edilməsi və həyata keçirilməsi, bu sahədə mövcud qanunların fəaliyyətinin əlaqələndirilməsi, milli informasiya mərkəzinin yaradılması;
- əməyin mühafizəsi sahəsində kadrların hazırlanması və yenidən hazırlanması üzrə keyfiyyətcə yeni sistemin təşkil edilməsi;
- obyektlərin, istehsalatların əməyin mühafizəsi qayda və normalarının tələblərinə cavab verməsinə dair sertifikatlandırma sisteminin tətbiq edilməsi. Əməyin mühafizəsi sahəsində milli sistemin yaradılması;
-istehsalat risklərinin müəyyən edilməsi və işçilərin istehsalatda bədbəxt hadisədən, peşə xəstəliyindən sığortalanması sisteminin tətbiq edilməsi;
- əməyin mühafizəsi üzrə Milli Proqramın işlənilməsi.
Hörmətli konfrans iştirakçıları!
Təxirə salınmadan həllini tələb edən göstərilən problemlər qarşımızda maneə olmamalıdır, çünki onlar işçilərin sağlamlığı və həyatı ilə bilavasitə bağlıdırlar.
Biz bura yığışmışıqsa, deməli, hamımız bu məsələlərin həllində ciddi maraqlıyıq.
Əminliklə deyə bilərəm ki, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində hər hansı pozitiv addımlar layiqli əməyi reallığa çevirəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
"ÜLFƏT"
15 dekabr 2012-ci il