AZ | RU | EN

Təhsil üzrə Avropa Həmkarlar İttifaqının direktoru Martin Romerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur

06 May 2013

06.05.13.8Mayın 6-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev «Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması» layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan Təhsil üzrə Avropa Həmkarlar İttifaqının direktoru Martin Romerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə beynəlxalq təşkilatla ATİAHİ Respublika Komitəsi arasındakı əməkdaşlıq əlaqələrinin gələcək inkişafından söz açılıb, «Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması» layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. S.Mehbalıyev Azərbaycanın İKT ilə bağlı əldə etdiyi uğurlardan danışaraq qeyd edib ki, müasir dünyanı İnformasiya Kommunikasiya Texnologiyalarından kənar təsəvvür etmək mümkün deyil. Son onilliklərdə İKT cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsaslı amilə çevrilib: «Azər­bay­can­da İKT-nin in­ki­şa­fı dövlətin əsas məqsədlərindən biri kimi irəli sürülüb, bu istiqamətdə bir sıra məqsədyönlü addımlar atılıb». Sədr bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2013-cü il Azərbaycanda İKT ili elan edilib, Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-1 kosmosa buraxılıb. Təkcə 2012-ci ildə İKT sektoruna 400 milyon dollardan artıq investisiya qoyulub. S.Mehbalıyev əlavə edib ki, Azərbaycanda təhsil sahəsi İKT-nin imkanlarından ən çox istifadə olunan sahələrdən birini tğəşkil edir. Bütün dünyada informasiya cəmiyyətinin başlıca xüsusiyyəti kimi qəbul olunduğundan Azərbaycanda da bu istiqamətdə görülən işlərin mühüm bir hissəsini məhz ölkəmizin təhsil sahəsində İKT-nin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər təşkil edir. Bu məqsədlə Azərbaycanda bir sıra dövlət proqramları qəbul edilərək həyata keçirilib. Sədr Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması faktünü diqqətə çatdıraraq deyib ki, Qarabağ problemi olmasaydı, hazırda Azərbaycan dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına daxil olardı.

Səmimi qəbula görə təşəkkür edən M.Romer ATİAHİ Respublika Komitəsinin , «Təhsildə İKT-nin rolu; İKT-dən istifadə etməklə erkən təhsildən yayınmanın qarşısının alınması» layihəsində iştirakından məmnun qaldığını qeyd edib. O bildirib ki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı ilə ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq əlaqələri gün-gündən inkişaf edib. «Azərbaycan bizim üçün Şərqi Avropaya açılan qapıdır» deyən qonaq qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da ATİAHİ Respublika Komitəsi ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır.