AZ | RU | EN
AZ | EN | RU

“Tikinti sektorunda peşə təhlükəsizliyi və sağlamlığı” mövzusunda beynəlxalq seminar-treninq işə başlamışdır

27 Aug 2012

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Cavanşir Alxasov “Tikintidə əməyin mühafizəsi” mövzusu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, BƏT-in məlumatına görə, tikinti sektoru istehsal sahələri arasında ən təhlükəli sahələrdən sayılır. Buna səbəb isə tikinti işlərinin xarakteri və xüsusiyyətləri, yüksəklikdə aparılan işlər, həmçinin çox sayda zərərli və təhlükəli istehsalat faktorlarının olmasıdır ki, bu həm işəgötürənlər, həm də işçilər tərəfindən əməyin mühafizəsi məsələlərinə yüksək diqqət yetirilməsini tələb edir. Əməyin mühafizəsi normalarının istənilən pozuntusu ağır xəsarətlərə səbəb olur, istehsalata xeyli maddi ziyan vurur.

Azərbaycandakı vəziyyətə gəldikdə isə artıq ölkəmiz keçid dövrünü başa vuraraq sürətlə inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Son dövrlərdə Azərbaycanda, xüsusilə də Bakı şəhərində yenidənqurma və inşaat işləri böyük vüsət almışdır. Sənaye və sosial obyektlərin tikintisi yüksək templərlə aparılır, şəhərlərin, regionların siması yeniləşir, gözəlləşir.

Əməyin təhlükəsizliyi sahəsindəki aktual problemlərdən bəhs edən C.Alxasov bir çox hallarda inşaat şirkətləri tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməməsinin tikintidə qəzalara, yanğınlara, bədbəxt hadisələrə gətirib çıxardığını, bəzən isə insan tələfatı ilə nəticələndiyini vurğulamışdır. Bununla yanaşı, bəzi təşkilatlar işçi ilə əmək müqaviləsi bağlamır, nəticədə işçilərin əsas əmək hüquqları pozulur, işəgötürən isə məsuliyyətdən və vergi ödəmələrindən yayınır.

27.08.12.1 27.08.12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev həmkarlar ittifaqlarının müfəttişləri, DƏMX əməkdaşları, eləcə də tikinti sektorunda çalışan şirkət təmsilçilərinin maarifləndirilməsi, əməyin mühafizəsi, əmək şəraitinin yaradılması zəruriliyi ilə əlaqədar biliklərinin artırılması sahəsində bu tədbirin böyük əhəmiyyət daşıdığını bildirmişdir.

Rəis müavini DƏMX daxil olan hər bir şikayətə operativ surətdə baxıldığını və insanların hüquqlarının təmin olunması istiqamətində lazımi tədbirlər görüldüyünü söyləmişdir.

BƏT-in Moskva ofisinin nümayəndəsi Oksana Gerasimova indi dünyada əməyin təhlükəsizliyi məsələlərinə xüsusi önəm verildiyini, bununla yanaşı problemlərində mövcudluğunu vurğulamışdır. Hazırda problemlər əməyin təşkilində, iş yerlərinin təhlükəsizlik normalarının tələblərinə uyğunlaşdırılmamasında, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin əmək müqaviləsi vasitəsilə tənzimlənməməsində qarşıya çıxırlar.

Tədbir iştirakçıları bu məsələlərin qanuna uyğun tənzimlənməsi və istehsalatın effektivliyinin artırılması məqsədi ilə seminar müddətində təkliflər hazırlayacaq və onun tətbiqi yönündə müvafiq addımlar atılacaqdır.

BƏT təmsilçisi seminar-treninqin müsbət nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.

Beynəlxalq seminar avqustun 30-dək davam edəcəkdir.

FAYDALI KEÇİDLƏR