“Tikintidə təhlükəsizlik məsələləri biznes və insan hüquqları kontekstində”
29 Jun 2018
İyunun 29-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun “Tikintidə təhlükəsizlik məsələləri biznes və insan hüquqları kontekstində” mövzusunda toplantı keçirilib.
Toplantıda Ombudsman Elmira Süleymanova giriş sözü söyləyib.
Sonra tikintidə təhlükəsizliyin təmin olunması problemləri, tikinti-quraşdırma
işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl
edilməsi, təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə,
bina və qurğularda bərpa və yenidənqurma işlərinin təşkili, o cümlədən tikinti
sahəsində vətəndaşların əmək hüquqlarının qorunması və əməyin mühafizəsi məsələləri
mövzusunda məruzələr dinlənilib. Məruzə ilə Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının məsul
işçiləri çıxış ediblər.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədr müavini Cavanşir Alxasov da çıxış edərək gündəlikdə
duran məsələlərə münasibət bildirib, bir sıra təkliflər irəli sürüb. Cavanşir
müəllim deyib ki, bu gün müzakirəsinə yığışdığımız mövzu həmkarlar
ittifaqlarının gündəlik fəaliyyətinin tərkib hissəsidir. Bu məsələlər daim diqqətimizdədir.
Əlaqədar strukturlarımız bilavasitə istehsalatda yoxlamalar aparır, baxışlar
keçirir, müayinə və təhlillər aparır. Təhlillərin nəticələri Üçtərəfli
Komissiyanın iclaslarına çıxarılır. Daha qlobal problemləri tərəfdaşlarımızla
birlikdə həll etmək istiqamətində işlər görülür.