AZ | RU | EN
AZ | EN | RU

Türkdilli Dövlətlərin Universitet İdman Federasiyasının nümayəndə heyətinin AHİK-də qəbulu

06 Jul 2012

 

Qeyd edək ki, Kemal Tamerlə yanaşı, Türkdilli Dövlətlərin Universitet İdman Federasiyasının və Türkiyə Universitet İdman Federasiyasının baş katibi Erdoğan Celebi, Qazaxıstan Universitet Federasiyasının prezidenti, Beynəlxalq Universitet İdman Assosiasiyasının prezidenti, Asiya Universitet İdman Federasiyasının auditi, professor Kayrat Zakiryanov və Şimali Kipr Türk Cümhuriyyəti Universitet Federasiyasının prezidenti Beyhan Gürgözenin də təmsil olunduğu nümayəndə heyətinin Bakıya səfər etməsində məqsəd Türkdilli Dövlətlərin Universitet İdman Federasiyasının Azərbaycanda keçirilən növbəti toplantısında iştirak etmək olmuşdur.

Qonaqları səmimi salamlayan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qeyd etmişdir ki, idmanın inkişafı Azərbaycanda mühüm istiqamətlərdən birini təşkil edir. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının Azərbaycan idmanının inkişafında yeni bir mərhələnin əsasını qoyduğunu qeyd edən millət vəkili vurğulamışdır ki, bu illərdən başlayaraq Azərbaycan idmançıları dünya səviyyəli yarışlarda daha yaxından iştirak etmiş və dəfələrlə bayrağımızı ucaldmışlar. Sədr onu da əlavə etmişdir ki, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə İlham Əliyev sədr seçiləndən sonra Azərbaycanda olimpiya hərəkatı başlamışdır. O, 1997-ci ildən bu günə qədər Milli Olimpiya Komitəsinə uğurla başçılıq edir və idmanın inkişafına töhfələrini verir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməmişdir. Bu gün Azərbaycanın, demək olar ki, bütün bölgələrində yeni və müasir standartlara cavab verən idman kompleksləri fəaliyyət göstərir.

06.07.12 06.07.12.2

S.Mehbalıyev bildirmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da öz növbəsində ölkədə idmanın kütləviliyinin təmin edilməsinə, gənclərin idman yarışlarına cəlb olunmasına öz köməkliyini göstərir. Belə ki, hər il müxtəlif peşə sahibləri arasında idmanın ayrı-ayrı növləri üzrə yarışlar təşkil olunur. Sədr həmçinin qonaqlara 1999-cu ildən Beynəlxalq Universitet İdman Federasiyasının, 2008-ci ildən isə Avropa Universitet İdman Federasiyasının üzvü olan "Gənclik" Tələbə İdman Cəmiyyətinin fəaliyyəti ilə bağlı da məlumat vermişdir.

Türkdilli Dövlətlərin Universitet İdman Federasiyasının növbəti toplantısının Bakıda keçirilməsindən məmnunluq ifadə edən S. Mehbalıyev vurğulamışdır ki, ümumiyyətlə, belə bir qurumun fəaliyyət göstərməsi son dərəcə əhəmiyyətlidir: "Mən istərdim ki, bütün türk dövlətləri bu təşkilatda təmsil olunsun. Türkdilli Dövlətlərin Universitet İdman Federasiyası Türk dünyasının birliyinin göstəricilərindən biridir".

Öz növbəsində səmimi qəbula görə təşəkkür edən Beynəlxalq Universitet İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Türkdilli Dövlətlərin Universitet İdman Federasiyasının və Türkiyə Universitet İdman Federasiyasının prezidenti, professor Kemal Tamer qeyd etmişdir ki, Azərbaycanda idmana diqqət və qayğı yüksək səviyyədədir. İdmanın kütləviliyinin təmin edilməsində universitet idmanının inkişafının mühüm əhəmiyyət daşıdığını deyən K. Tamer bildirmişdir ki, federasiyanın fəaliyyəti Türk dünyasının gənc idmançılarının bir-birilərini tanımaları üçün körpü rolunu oynayır: "Türk dünyasının daha da güclü olması üçün gənclərimiz bir-birilərini tanımalıdır. Əsas məqsəd Türk dünyasının güclü olması və bu gücün dünyaya nümayiş etdirilməsidir".

Görüşdə iştirak edən digər qonaqlar da səmimi qəbula görə AHİK sədrinə öz təşəkkürlərini bildirmişlər.

FAYDALI KEÇİDLƏR