AZ | RU | EN
AZ | EN | RU

Türkiyədə AHİK-in təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

30 May 2013

Həmin gün Azərbaycan həmkarlar ittifaqlarının qardaş ölkədə səfərdə olan 60 nəfərdən ibarət nümayəndə heyəti Respublika Gününü qeyd edirdi.

Bu çox möhtəşəm və maraqlı tədbirə Türkiyənin dövlət, hökumət məsulları, elm-incəsənət xadimləri, həmkarlar ittifaqı mərkəzlərinin liderləri, fəalları, ictimaiyyətin, xarici ölkələrin diplomatik nümayəndələri qatılmışdılar. İlkin olaraq dövlətimizin şərəf hissi doğuran himni səsləndi, dövlət bayrağımız qaldırıldı. Sonra kürsüdə ürəyi vətənimizə məhəbbətlə dolu insanlar bir-birini əvəz etdi. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi-aparat rəhbəri Həsən Cəfərov geniş məruzə söylədi. Məlum həqiqətləri bir daha Türkiyə cəmiyyətinin diqqətinə çatdırdı. Dedi ki, Azərbaycan Respublika quruluşuna görə müsəlman dünyasında ilk təcrübəyə malik ölkədir.

Hələ 95 il əvvəl məhz bizim ölkədə respublika qurulmuşdur. Sonralar bu dövlət quruluşu müsəlman ölkələrində tətbiq olunmağa başlanmışdır. H.Cəfərov dedi ki, Demokratik Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində hətta bir çox Avropa dövlətlərində sonralar tətbiq olunan sivil qanunlar qəbul etmişdir. Qısa müddətdə dövlət təsisatları formalaşdırıldı. Müdafiə Nazirliyi yaradıldı. Ölkə xarici müdaxilələrin qarşısını müəyyən müddət almağı bacardı. Təhsil islahatları aparıldı. Dövlət Universiteti açıldı. Şərqdə ilk dəfə olaraq qadınlar səsvermə hüququ qazandılar. Cümhuriyyət dünya dövlətlərinin bir çoxu tərəfindən tanındı.

1920-ci il aprelin 27-də ADP süquta uğradıldı. Bolşeviklər müstəmləkə siyasətlərini bu dəfə SSRİ adı altında reallaşdırdılar.

Siyasi, iqtisadi, hərbi təcavüzə baxmayaraq, xalqımız uzun müddət azadlığının itirilməsi ilə barışa bilmədi. Müxtəlif şəhərlərdə, rayonlarda baş qaldırmış etiraz səsləri qəddarlıqla susduruldu. Amma azadlıq, müstəqillik təşnəsi nəsildən-nəsilə varislik əmanəti kimi ötürülürdü.

1969-cu ildə respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev xalqımızın müstəqilliyinin bir o qədər də uzaqda olmadığını qəlbi, bütün varlığı ilə duyurdu. Ona görə də elə rəhbərliyinin ilk illərindən xalqımızı bu azad günlərə hazırlayırdı. Onun təşəbbüsü ilə gənclərimiz SSRİ-nin ən yaxşı ali məktəblərinə ən vacib ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bakıda hərbi məktəb açdırdı. Azərbaycan millətindən olan təyyarəçilər, hərbçilərin, hərbi texniklərin sayı ildən-ilə artırıldı. İqtisadiyyat, təhsil, mədəniyyət görünməmiş inkişaf səviyyəsinə çatmışdı.

Ümummilli liderin 1980-ci illərin əvvəllərində Moskvaya rəhbər vəzifəyə çağırılması respublikamızda inkişafın sürətini ləngitdi.

Həsən müəllim sözünə davam edərək dedi: Artıq ötən əsrin 90-cı illərinin əvvəlləri iqtisadiyyatımız, mədəniyyətimiz, təhsilimiz ağır günlərini yaşayırdı. İmperiyanın mərkəzindən hazırlanmış plana uyğun olaraq Qarabağın dağlıq ərazisinə 150 il əvvəl İrandan, Türkiyədən köçürülmüş ermənilər separatçılıq hərəkatına başladılar. 1 milyona yaxın yerli azərbaycanlı silah gücünə öz torpaqlarından qovuldu. Yenicə müstəqilliyini bərpa etmiş ölkəni xaos bürüdü. Yenə xalq Heydər Əliyev fenomeninə müraciət etdi. Ümummilli lider bugünkü Azərbaycanın möhkəm təməlini qoydu.

Tədbirdə digər çıxışlar da səsləndi. Çıxışlarda Şərqdə ilk demokratik respublikanın qurucularının xidmətləri böyük minnətdarlıqla xatırlandı. Türkiyə-Azərbaycan qardaşlığından söz açıldı. Deyildi ki, cümhuriyyətin varlığının qorunmasında Türkiyənin xidmətləri əvəzsizdir. 15 sentyabr - Bakının erməni daşnak-bolşevik koalisiyasından təmizlənməsində Türk zabitlərinin, əsgərlərinin xidməti yada salındı.

Tədbirdə AHİK sədrinin müavini Vaqif Eyvazov da iştirak etmişdir.

Mərasim möhtəşəm konsert proqramı ilə davam etdi. Respublika Günü münasibətilə ziyafət verildi.


turk-azeri2 turk-azeri1

FAYDALI KEÇİDLƏR