Türk qardaşlığının nümunəsi
01 Jul 2018
İyulun 1-dən 6-dək Makedonyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XII qurultayı keçirilib.
Türkiyə, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan, Kosova,
Makedoniya və Azərbaycandan olan 7 üzv təşkilatlarının nümayəndə heyətinin
iştirak etdiyi ali məclisdə əvvəlcə təşkilati məsələyə baxılıb.
Türk Egitim Senin başqanı Talip Ceylan Birliyin sədri vəzifəsinə
seçilib.
T.Ceylan çıxış edərək sədri seçildiyi təşkilatın gələcək
fəaliyyətinin perspektivlərindən danışıb. Birliyə daxil olan təşkilatlar
arasındakı əlaqələrin daha da genişləndirilməsini, digər türkdilli xalqların təhsil
işçilərini birləşdirən həmkarlar ittifaqı təşkilatlarının da bu Birliyə cəlb
edilməsinin vacibliyini vurğulayıb.
Qurultayda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev də çıxış
edib. Sədr müavini qurultay iştirakçılarını Respublika Komitəsinin sədri, millət
vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar
Möhbalıyevin adından salamlayıb. O, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar
İttifaqları Birliyini türk qardaşlığının nümunəsi adlandırıb. Birliyin
yaradılması ideyasının müəllifi olan və onun formalaşması, inkişafı üçün böyük
işlər görən Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə Kamu-Senin və
Türk Egitim Senin sabiq başqanı İsmayıl Koncuka təşəkkürlərini bildirib. Həmçinin
H.Nağıyev Türk Egitim Senin yeni başqanı Talip Ceylana və onun rəhbərliyi
altında fəaliyyət göstərən Türk Egitim Sen ailəsinə gələcək fəaliyyətində
uğurlar arzulayıb.
H.Nağıyev türk xalqlarının bir-birini daha yaxından
tanımasında, üzləşdikləri problemləri birlikdə aradan qaldırmasında bu
Birliyin, digər beynəlxalq təşkilatların əhəmiyyətini yüksək qiymətləndirib.
O, Azərbaycan təhsilinin inkişafında, təhsil işçilərinin əmək,
sosial hüquqlarının müdafiəsində Respublika Komitəsinin və struktur təşkilatlarının
gördüyü işlərdən də söz açdı. Dağlıq Qarabağ münaqişəsinə toxundu.
Qurultay sonda qətnamə qəbul etdi. Qətnamədə təşkilatın
gələcək fəaliyyət istiqamətləri ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycana
qarşı həyata keçirilən işğalçılıq siyasəti pisləndi, Xocalı soyqırımının
günahkarlarının cəzalandırılması tələbi irəli sürüldü. Qurultayın nümayəndə heyətlərinin
rəhbərlərini Makedoniyanın baş naziri Zoran Zaev və dövlət naziri Adnan Kahil qəbul
ediblər.