Uğurlu sosial müdafiə strategiyasının banisi
07 May 2020
Dövrünün xarizmatik şəxsiyyətləri xalq üçün çətin dönəmlərdə qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, insanları milli məqsədlər ətrafında səfərbər etmək, irəli sürdükləri mütərəqqi ideyaları əzmlə gerçəkləşdirmək bacarıqları sayəsində ümummilli liderlik zirvəsinə ucalmışlar.
Bu gerçəkliklər fonunda XX əsrdə xalqımızın dünya siyasətinə
bəxş etdiyi böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki
müstəsna yeri və rolu qabarıq görünür.
Ümummilli Lider Heydər Əliyevin bacarıqlı və təcrübəli
dövlət xadimi, müdrik siyasətçi, dövlətçiliyin möhkəm təməlini yaradaraq onu
möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və
fəaliyyəti müasir tariximizin çox mühüm mərhələsini təşkil edir. Anadan olmasının
97-ci ildönümü respublikamızda geniş qeyd edilən Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyası müstəqil Azərbaycanın hərtərəfli inkişafına ən etibarlı təminatdır.
Hələ 1969-cu il iyul ayının 14-də sovet Azərbaycanına ali
rəhbər vəzifəyə irəli çəkilən Ümummilli Lider ilk günlərdən mərkəzin ideoloji
maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa çalışmış, Azərbaycan
xalqının gələcək müstəqilliyi üçün bütün imkanlardan istifadə etmişdir.
Əminliklə demək olar ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş
vermiş köklü dəyişikliklər, abadlıq-quruculuq işləri miqyasına görə Azərbaycanın
inkişaf salnaməsinin ən dolğun səhifələrini təşkil edir.
Respublikamız məhz həmin illərdə formalaşmış möhkəm
iqtisadi-siyasi, hüquqi təməl üzərində 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini
bərpa etsə də, cəmiyyətin bütün sahələrində hökm sürən böhranlı və xaotik vəziyyət
yalnız Ulu Öndərin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra
aradan qaldırılmışdır. 1993-cü ilin ikinci yarısından etibarən Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar
respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirmişdir.
Ulu Öndər ilk gündən özünəməxsus müdrikliklə bəyan
etmişdir ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi
reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin
tətbiqinə nail olmaq qeyri-mümkündür. Heydər Əliyev böyük strateq olaraq Azərbaycanda
milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın
milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır.
Böyük Öndərin siyasi uzaqgörənliyinin, prinsipiallığının
və iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi”nin
əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin
inkişafına təkan vermişdir. "Əsrin müqaviləsi”nin imzalanmasının milli
inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf
fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən
bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan
xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk
Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq
səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Konstitusiyamız ölkənin gələcək
inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və
azadlıqlarının, eləcə də sosial hüquqların təminatına, ümumən, sosial dövlət
konsepsiyasının reallaşmasına hüquqi baza yaratmışdır. Azərbaycan dövlətinin hər
bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və
layiqli həyat səviyyəsinin qayğısına qaldığı bəyan edilmişdir. Əsas Qanunda təsbit
edilmiş normalar bazar münasibətləri şəraitində sosial dövlət konsepsiyasının
reallaşdırılmasının fundamental normativ-hüquqi bazasının yaradılmasına, eləcə
də həmkarlar ittifaqlarının cəmiyyətdəki rolunun və statusunun möhkəmlənməsinə
səbəb olmuşdur.
Ulu Öndərin irəli sürdüyü sosial dövlət prinsipinin rəhbər
tutulması səbəbindən müstəqilliyin ilk illərindən başlayaraq ölkə əhalisinin
aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı
olan, qısa vaxt ərzində dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial
müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin
hiss etməmişdir. Qısaca xatırlatmaq istərdik ki, aztəminatlı əhalinin sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə 1996-2003-cü illər ərzində Azərbaycan
Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı
qüvvədə olmuş, əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta
aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə yüksəlmişdir.
Ümumilikdə, 1993-2003-cü illərdə dövlətçiliyin mükəmməl təməl
prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə,
bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yürütmüş,
dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində
qoymuşdur. Milli maraqlara cavab verən xarici siyasət yeridən müstəqil Azərbaycan
nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən
bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur.
2003-cü ildə "Əsl siyasət konkret, real iş görməkdən
ibarətdir” şüarı ilə prezident səlahiyyətlərinin icrasına başlayan cənab İlham
Əliyev də bazar iqtisadiyyatı şəraitində "sosial dövlət” konsepsiyasından
çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata
keçirir. Azərbaycan Prezidenti ötən 17 ildə respublikada dinamik sosial-iqtisadi
tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub
saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi,
ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində
mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət -
sosial-iqtisadi, mədəni tərəqqi yolunda atılan bütün addımlar məhz vətəndaşların
rifahına, firavanlığına hesablanmışdır.
Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən
də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin
açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin
sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda bu gün də həyata
keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Xüsusilə,
qeyd etmək istərdik ki, 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü
islahatlarda keyfiyyətcə yeni mərhələ başlanmış, əhalinin aztəminatlı və
imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən
kompleks tədbirlər həyata keçirilmişdir.
Dünya ölkələrinin əksəriyyətinin son 5 ayda koronavirus
pandemiyası qarşısında ciddi sosial-iqtisadi, tibbi, mənəvi-psixoloji problemlərlə
üzləşdiyi, hətta vəziyyətə nəzarəti itirdiyi bir zamanda Azərbaycanın iqtisadi
inkişaf tempini qoruyub saxlaması, eləcə də ciddi sosial paketin
reallaşdırılması dövlət rəhbərinin müdrik və uzaqgörən siyasətinin nəticəsi
kimi cəmiyyətdə yüksək qiymət alır. Bu gün Azərbaycanın koronavirus
infeksiyasına ən az yoluxma və ölüm sayı müşahidə edilmiş ölkələr sırasında
olması, üstəlik, xüsusi karantin rejiminin mərhələlərlə yumşaldılması, ilk növbədə,
cənab İlham Əliyevin rəhbərliyi ilə vaxtında həyata keçirilmiş qabaqlayıcı, səmərəli
və ardıcıl tədbirlərin nəticəsidir.
Son 2 ayda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən
onlayn beynəlxalq tədbirlərin nüfuzlu əcnəbi iştirakçıları, dövlət və hökumət
başçıları, müxtəlif təşkilatların nümayəndələri respublikamızın bu sahədə
keçirdiyi tədbirləri mütərəqqi, öyrənilməsi və tətbiqi zəruri olan model kimi dəyərləndirirlər.
İqtisadi tənəzzül keçirən 150-dən çox ölkənin Beynəlxalq Valyuta Fondu və Dünya
Bankına yardım üçün müraciət etdiyi bir dönəmdə Azərbaycanın ümumi daxili məhsul
istehsalında 1,1 faiz, qeyri-neft istehsalında 7 faiz artıma nail olması, üstəlik,
digər dövlətlərə və qurumlara yardım göstərməsi mühüm uğurlar sırasında qeyd
olunmalıdır.
Son aylarda mühüm dövlət proqramlarının işlənib
hazırlanması və qəbulu sosial təcrid tədbirləri nəticəsində iş yerlərini müvəqqəti
itirmiş vətəndaşlara və sahibkarlıq subyektlərinə ciddi dəstək olmuşdur.
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında
pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə
mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 2,5 milyard manata çatan
sosial-iqtisadi dəstək paketinin qəbulu cəmiyyətdə ciddi dəstək və razılıqla
qarşılanmışdır. Pandemiya dövründə mikro, kiçik, orta və iri sahibkarlıq
subyektləri üçün ciddi güzəştlərin nəzərdə tutulması iş adamlarına dəyən zərərin
kompensasiya edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300
mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən dəstəklənməsi,
300 minə yaxın mikro sahibkarın ümumilikdə 600 minə yaxın insanın dövlətdən
maddi yardım alması dövlət başçısının daim xalqın yanında olduğunun əyani təsdiqidir.
Ümumilikdə, ilin birinci rübündə 2,3 milyon vətəndaşa 1,5 milyard manat məbləğində
sosial ödənişin həyata keçirilməsi, 910 min insanın, o cümlədən qeyri-neft
sektoru üzrə 690 min nəfərin məşğulluğunun təmini uğurlu sosialyönümlü tədbirlər
sırasındadır.
Elektrik enerjisinin aylıq istehlak həcminin iki ay müddətinə
artırılması, aztəminatlı ailələrdən olan 17 min tələbənin təhsil haqqı xərclərinin
dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, yaşı 65-i ötmüş məhkumların əfv
edilməsi hər bir vətəndaşın mənafeyinə cavab verən düşünülmüş və qətiyyətli
addımlardır.
Pandemiya dövründə kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa
qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin də
sayının artmasına imkan vermiş, yanvar ayı ilə müqayisədə bu artım 80 minə bərabər
olmuşdur.
Pandemiya dövründə Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə həyata keçirilən sosial dəstək aksiyası da aztəminatlı vətəndaşların
problemlərinin həlli baxımından əhəmiyyətli olmuşdur. "Biz birlikdə
güclüyük!” şüarı ilə həyata keçirilən aksiya çərçivəsində respublika üzrə 100
minədək aztəminatlı ailəyə ərzaq yardımlarının paylanılması nəzərdə
tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşulan Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası da pandemiya ilə bağlı həyata keçirdiyi
sosial tədbirlərdə yaxından iştirak edir. Belə ki, sosial dəstək tədbirləri çərçivəsində
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qısa müddət ərzində 1 milyon
600 min manatdan çox vəsait xərcləmişdir. İndiyədək 17 mindən artıq aztəminatlı
ailəyə ərzaq yardımları göstərilmişdir. Bu məqsədlər üçün 631 min 600 manat məbləğində
vəsait xərclənmiş, eləcə də 148 min manat dəyərində qoruyucu vasitələr alınıb
paylanılmışdır. Bundan əlavə, Həmkarlar ittifaqları Koronavirusla Mübarizəyə Dəstək
Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürmüşlər.
Eyni zamanda AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə
xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq
yardımları edilir. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900
aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınmışdır. Ümumi həcmi
68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat
mallarından ibarətdir. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada
yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edirlər.
Şübhəsiz, qeyd olunanlar lider amilinin hər bir xalqın
taleyindəki müstəsna rolunu və xidmətlərini bir daha qabarıq üzə çıxarır.
Ümummilli Lider Heydər Əliyevin ciddi sınaqlardan üzüağ çıxardığı Azərbaycan bu
gün onun layiqli siyasi davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə
inkişafının yeni keyfiyyət mərhələsini yaşayır. Dövlət idarəetmə sistemi təkmilləşir,
məmurların fəaliyyətində şəffaflıq və xalqa xidmət məramı ciddiliklə önə çəkilir.
Son aylarda həyata keçirilən qətiyyətli və uzaqgörən
addımlar pandemiya dövründə vətəndaşların maraq və mənafelərini təmin etməklə,
insanlarda təhlükəsiz və parlaq gələcəyə ümidləri artırır, onlarda nikbin əhvali-ruhiyyə
yaradır. Azərbaycan Prezidentinə ən böyük dəstək yenə də xalqdan, taleyini cənab
İlham Əliyevə etibar etmiş ölkə vətəndaşlarından gəlir.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
AZƏRBAYCAN qəzeti
07.05.2020-ci il