Universitet kollektivləri mükafatlandırılıb
05 Oct 2018
Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov, müavinləri Zenfira Bünyatova və Mehman Fərzəliyev “Odlar Yurdu” Universitetində olublar.
M.Salmanov peşə bayramı münasibətilə ali məktəbin
kollektivini təbrik etmişdir. Demişdir ki, ittifaqımızın üzv təşkilatlarından
10-u təhsil müəssisəsidir. Bu müəssisələrdə ümumilikdə 820 nəfər müəllim-professor
çalışır. Onlar 3479 gəncin təlim-tərbiyəsi ilə məşğul olurlar. Bizim bu
kollektivlərlə yaxşı əlaqələrimiz var. Respublika Komitəsi Rəyasət Heyətinin
iclaslarına çıxarılan məsələlər arasında müəllimlərin əmək, sosial problemləri,
istirahəti də mühüm yer tutur. Üzv ali məktəblərdə bir çox tədbirlərin
hazırlanmasında ilk həmkarlar ittifaqı komitələri də yaxından iştirak edirlər.
Tələbələrin təhsildə yüksək nəticələr əldə etməsi üçün stimullaşdırıcı təşəbbüslərimiz
də olur. Biz tələbələrin istehsalata hazırlanması istiqamətində də
rektorluqlarla birgə planlar işləyib həyata keçiririk.
M.Salmanov çıxışında ali məktəb rəhbərliklərinin, o cümlədən
“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin həmkarlar ittifaqı təşkilatı
ilə səmərəli əməkdaşlığını da yüksək qiymətləndirib: “Təqdirəlayiq haldır ki,
Əhməd müəllim həmkarlar ittifaqı komitəsinin əksər tədbirlərində şəxsən iştirak
edir, qaldırılan məsələlərin öyrənilib tətbiqi barədə göstərişlər verir. Əlbəttə,
bu münasibət son nəticədə universitetdə kollektivin qüvvələrinin əsas hədəfə -
təhsildə yüksək göstəricilər qazanılmasına nail olmağa gətirib çıxarır.
Bunları nəzərə alaraq Respublika Komitəsinin Rəyasət Heyəti
Əhməd Vəliyevi həmkarlar ittifaqı ilə
sıx, faydalı əməkdaşlığa görə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edib.
Ə.Vəliyev mükafatlara və universitetin uğurlarına verdiyi
töhfəyə görə, Respublika Komitəsinin rəhbərliyinə, aparat işçilərinə təşəkkürünü
bildirib. Deyib ki, əməkdaşlığımız bundan sonra da davam edəcək.
Həmin gün Respublika Komitəsinin məsul işçiləri “Biznes”
Universitetinin də qonağı olublar. Universitetin rektoru İbad Abbasova “Həmkarlar
ittifaqı işində fəal iştirakına görə” Fəxri Fərman və qiymətli hədiyyələr təqdim
edilib.