AZ | RU | EN
AZ | EN | RU

Vətən müharibəsini şərəfləndirən Zəfər paradı

12 Dec 2020

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi.

44 gün davam edən bu savaş tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Ötən 17 ildə möhtəşəm uğurlara imza atan, respublikamızı yüksəldən İlham Əliyev Azərbaycanın yeganə ağrılı probleminə də son qoydu.

Çoxdan gözlədiyimiz tarix
 
Azərbaycan xalqı işğaldakı torpaqlarımızın azad ediləcəyi günü çoxdan gözləyirdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin davam etdirdiyi bu siyasətin nəticəsində günlərin birində torpaqlarımızın azad ediləcəynə hər bir azərbaycanlı əmin idi. Artıq torpaqlarımız azaddır və dekabrın 10-da Bakı şəhərinin Azadlıq meydanında keçirilən ordumuzun Zəfər paradı şanlı qələbəmizi bütün dünyaya bəyan etdi.
Bu qələbə kimi paradı da xalqımız çoxdan gözləyirdi. Azadlıq meydanında indiyə kimi, neçə dəfə hərbi parad keçirilib. Son hərbi parad Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuşdu. Həmin paradlar göstərmişdi ki, Azərbaycan Cənubi Qafqazın ən qüdrətli ordusuna malikdir və qoşunlarımız döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görmüşdülər. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda beynəlxalq ictimaiyyət də Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik etmişdi. Təsdiq olunmuşdu ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir və dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Bu paradları izləyərkən hər birimizin ürəyindən bir arzu da keçirdi. Günlərin birində həmin Azadlıq meydanında Zəfər paradının keçirilməsini arzulamışdıq. Bu istəyimizin nə vaxtsa mütləq reallaşacağına inanmışdıq. Ona görə bu gün hər bir azərbaycanlı özünü dünyanın ən xoşbəxt xalqının nümayəndəsi sayır, hər birimiz sevincliyik. Çünki torpaqlarımızın azad edilməsi ilə böyük arzumuz, ən müqəddəs niyyətimiz çin oldu və Azadlıq meydanında Zəfər paradına şahidlik etdik. Prezident İlham Əliyevin dediyi kimi, bu parad tarixi hadisədir: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Azərbaycan dövləti həmişə olduğu kimi, müharibə günlərində də öz yanında Türkiyəni gördü. Türkiyə bu günlərdə öz qardaşlıq borcunu ləyaqətlə yerinə yetirdi, Azərbaycanı sonadək dəstəkləyəcəklərini dəfələrlə bəyan etməsi hər bir azərbaycanlını qürurlandırdı. Odur ki, paradda iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi, o cümlədən Türkiyə hərbçilərinin nümunəvi keçidi xalqımız tərəfindən sevinclə qarşılandı.

Ordumuz missiyasını rəşadətlə yerinə yetirdi
 
44 günlük Vətən müharibəsinin hər günü müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Elə bir cəbhə olmadı ki, əsgərlərimiz hücum əməliyyatında ləngisinlər. Elə bir istiqamət olmadı ki, düşmənin müdafiə mövqelərinin yarılması mümkün olmasın. Bununla yanaşı, əsas olan odur ki, bu şanlı qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza hərbçilərimiz yaşatdılar.
Prezident İlham Əliyevin dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir. Onu da qeyd edim ki, İlham Əliyev əks-hücum əməliyyatlarının başladığı ilk günlərdə, şiddətli döyüşlərin getdiyi bir vaxtda - sentyabrın 29-da Mehriban xanım Əliyeva ilə birlikdə yaralanmış hərbçilərlə görüşmüşdü. Döyüşlər bitəndən dərhal sonra da Ali Baş Komandanın Mehriban Əliyeva ilə birlikdə ilk qələbə təbrikini çatdırdığı insanlar hərbiçilər oldu. Bu Azərbaycan Prezidentinin hərbçilərə xüsusi münasibətinin, onlara yüksək diqqətinin növbəti təcəssümüdür.
Dövlət başçısının Vətən müharibəsində əldə edilən parlaq qələbədə hərbiçilərin zəhmətini və fədakarlığını xüsusi qeyd etməsi, onların müalicəsi və xəstəxanadan sonrakı həyatı üçün bütün lazımi tədbirlərin görüləcəyini elan etməsi, hətta onlardan tibbi maskaları çıxarmağı xahiş edərək hamının bu qəhrəmanları üzdən tanımasını istəməsi Ali Baş Komandan kimi İlham Əliyevin hərbiçilərə olan dərin hörmətini, həssas və olduqca səmimi münasibətini göstərir.
Paraddakı çıxışı zamanı Prezident İlham Əliyev bir daha əsgər və zabitlərimizin qəhrəmanlığı barədə danışaraq dedi: "Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi”.
Bu tarixi qələbənin qazanılmasında hərbçilərimizin yüksək vətənpərvərlik hisslərinə, döyüş əzminə malik olmaları böyük rol oynadı. Döyüşlər başa çatandan sonra Ermənistan mənbələri etiraf edirlər ki, Azərbaycan Ordusunun gücü qarşısında erməni əsgərləri cəbhənin bütün istiqamətlərində qaçıblar, kütləvi şəkildə fərarilik ediblər. Bəli, Azərbaycan əsgəri düşmənin üzərinə ölümdən belə çəkinmədən hünərlə, cəsarətlə yürüdü. Bu yolla şəhidlik zirvəsinə ucaldı.
Vətən yolunda şəhid olanların əziz xatirəsi daim uca tutulacaq, onların ailə üzvləri həmişə yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar. Onu da qeyd edək ki, Şuşanın azad edilməsi xəbərini Ali Baş Komandan məhz Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri ilk eşitməyə şəhidlərin haqqı kimi yanaşmışdı. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin xatirəsinə göstərilən böyük ehtiramın nümunəsidir.


İlham Əliyevin qətiyyəti
 
Bu qələbənin digər mühüm tərəfi Prezident İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edir. Döyüşlərin ilk günündən dünya erməniliyi Azərbaycana qarşı təzyiq rıçaqlarını işə saldı, BMT-də qətnamə qəbul etmək istədilər, İlham Əliyevə davamlı zənglər olundu. Hətta Prezidentdən müsahibə alan bəzi xarici KİV təxribatçı sualları ilə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirdi. Lakin hər bir mərhələdə erməni təəssübkeşləri məğlubiyyətə uğradılar. Prezident İlham Əliyev onların hər birinə siyasət və diplomatiya dərsi keçdi. BMT-də Ermənistanın maraqlarına xidmət edən qətnamənin qəbul olunmasının qarşısı məhz İlham Əliyevin diplomatik müdrikliyi sayəsində alındı. Xarici KİV-in əməkdaşları İlham Əliyevin cavabları qarşısında heyranlıqlarını gizlədə bilmədilər.
Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Qarabağ müharibəsinin gedişində ən mühüm hadisə baş verdi. Prezident İlham Əliyevin Zəfər paradındakı çıxışında dediyi kimi, Şuşanın azad edilməsi ilə düşmənin beli qırıldı: "Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı”.
Şuşanın azad edilməsi ilə Ermənistan hakimiyyəti öz məğlubiyyətini açıq şəkildə etiraf etdi. Buna qədər işğalçı ölkənin siyasi-hərbi dairələri yalan təbliğatla məşğul idilər. Lakin noyabrın 8-dən sonra Azərbaycana məğlub olduqlarını etiraf etdilər və Paşinyanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Hərbi qələbələrdən sonra imzalanan üçtərəfli bəyanat Azərbaycanın Vətən müharibəsindəki siyasi-diplomatik qələbəsi oldu. Bu sənəd ordumuzun döyüş meydanındakı zəfərini tamamladı. Sənədə əsasən, Azərbaycan Ordusu güllə atmadan Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi.
Ümumiyyətlə, üçtərəfli bəyanatın bütün bəndləri Azərbaycanın qalib dövlət kimi diqtələrindən ibarətdir. Prezident İlham Əliyev hələ döyüşlərin ilk günlərindən irəli sürdüyü şərtləri Ermənistana qəbul etdirdi. Üstəlik, sənədə əsasən, blokada şəraitində olan Naxçıvanla quru əlaqəsi yaradılacaq.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbəsi vəziyyəti kökündən dəyişib. İndi Azərbaycanın ərazi bütövlüyü təmin olunub, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən həmvətənlərimiz artıq məcburi köçkün deyillər. Beləliklə, İlham Əliyev sübut etdi ki, söz anlamayan Ermənistanı güc yolu ilə başa salmaq mümkündür. Erməni təəssübkeşləri, xüsusən Fransanın siyasi dairələri Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər. Lakin nə qədər əhəmiyyətsiz sənədlər qəbul etsələr də, Azərbaycanın qələbəsini etiraf etməkdən başqa yolları yoxdur.
Zəfər paradı Vətən müharibəsinin növbəti şərəfli səhifəsi kimi tariximizi şərəfləndirdi, düşmənlərimizin isə bağrına ox kimi batdı. Qüdrətlənən Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməklə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı

   "AZƏRBAYCAN" qəzeti 

12.12.2020 -ci il 

FAYDALI KEÇİDLƏR