AZ | RU | EN

Bakıda Ümum Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir

24 Nov 2010

İclas iştirakçıları ilk öncə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür. Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər. Onlar Bakının mənzərəsini və Bayraq Meydanını seyr etmişlər.

Sonra İcraiyyə Komitəsinin növbəti iclasına toplaşmışlar.ÜHİK-in sədri Mixail Şmakov iclası açaraq tədbirin təşkilinə və qonaqlara göstərilən yüksək qonaqpərvərliyə görə, Azərbaycan dövlətinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyinə minnətdarlığını bildirmişdir. O demişdir ki, MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzi və 30 beynəlxalq həmkarlar ittifaqı birliyi ÜHİK-in ətrafında birləşmişdir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür və hazırda ÜHİK-in bütün rəhbər orqanlarında təmsil olunur.

M.Şmakov demişdir: “Azərbaycan dövləti gündən-günə çiçəklənir, inkişaf edir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan MDB-də liderdir. 2008-2009-cu illərdə dünyanı bürüyən qlobal maliyyə böhranı Azərbaycana çox az təsir göstərmişdir. Ölkədə ümumi daxili məhsul istehsalının həcmi, adambaşına düşən gəlirlərin məbləği artmışdır. Bizdə olan məlumata görə artım davam edir. Təbii ki, bütün bunlar insanların sosial vəziyyətinin, həyat tərzinin yaxşılaşmasına xidmət edir. Azərbaycanda həmkarlar ittifaqları da mütəşəkkildirlər. Dövlətin inkişafı, eyni zamanda, həmkarlar təşkilatlarının da işini asanlaşdırır, onların inkişafına təkan verir. İcraiyyə Komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsi dostluğumuzun, əməkdaşlığımızın və AHİK-in inkişafının bariz nümunəsidir”.

Sonra AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək qonaqları salamlamış və demişdir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. İnsanların həyat tərzi, sosial vəziyyəti yaxşılaşır, ölkədə demokratiya, vətəndaş cəmiyyəti inkişaf edir. Bu inkişaf özünü həmkarlar ittifaqı təşkilatlarının formalaşmasında da göstərir. Lakin Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşməsi bu inkişafa ciddi əngəl törədir. Buna baxmayaraq Azərbaycan dövləti bütün vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına çalışır. Biz həmkarlar ittifaqlarının üzvləri də Azərbaycan dövlətinin münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstələyirik”.

S.Mehbalıyev bildirmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış sosial-iqtisadi siyasəti nəticəsində qlobal maliyyə böhranı Azərbaycana çox az təsir göstərmişdir. Dövlətimizin güclənməsi həmkarlar ittifaqlarının da inkişafında mühüm rol oynamışdır. Bu gün həmkarlar ittifaqları demokratik vətəndaş cəmiyyətinin əsas elementlərindən biri kimi ölkə həyatının bütün sahələrində fəaldırlar.
Həmkarlar ittifaqlarının birliyinin möhkəmlənməsində və inkişafında ÜHİK-in rolunu yüksək qiymətləndirən S.Mehbalıyev demişdir ki, AHİK-lə ÜHİK, eləcədə təşkilata üzv olan digər birliklər arasında əlaqələr çox yüksək səviyyədədir. Qlobal problemlərin həllində birgə səylər göstəririk. Faydalı qarşılıqlı təcrübə, fikir mübadiləsi aparırıq və bunun çox böyük səmərəsi olur. İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi əlaqələrimizin daha da genişlənməsində və möhkəmlənməsində, eləcə də müştərək problemlərimizin həllində mühüm rol oynayacaqdır. AHİK sədri iştirakçılara uğurlar arzulamışdır.
Sonra təşkilatı məsələlərə baxılmışdır.

Daha sonra AHİK sədrinin birinci müavini İlyas ƏliyevRespublikada sosial dialoqun inkişafında Azərbaycan həmkarlar ittifaqlarının rolumövzusunda məruzə ilə çıxış etmişdir.

İclasda “ÜHİK-in üzv təşkilatlarının minimum əmək haqlarının artırılması və yaşayış minimumundan (minimal istehlak büdcəsinin) aşağı olmayan səviyyəsinə çatdırılması istiqamətində həmkarlar ittifaqlarının fəaliyyəti haqqında”, “ÜHİK İcraiyyə Komitəsinin MDB iştirakçısı olan dövlətlərin başçılarına “Minimum əmək haqqı - sosial ədalətin təminatıdır” adlı müraciəti haqqında”, “MDB iştirakçısı olan dövlətlərdə əməyin mühafizəsinin vəziyyəti haqqında”, eləcə də ÜHİK-in üzv təşkilatlarından üzvlük haqlarının ödənilməsi qaydaları, və s. məsələlərə baxılmışdır.

Sonda ÜHİK-in 2011-ci il üçün gəlir və xərclər smetası müəyyən edilmişdir.

 

uhik1 uhik2 uhik3 uhik4