AZ | RU | EN
AZ | EN | RU

"Xalq-Heydər” birliyinin əzəmətli təntənəsi

14 Jun 2019

26-cı ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlılığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi an idi.

Milli Qurtuluş Günü "xalq-Heydər” birliyinin əzəmətli təntənəsi kimi tarixə həkk olunub. Xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində görürdü. Bir lider kimi Heydər Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam - xalq və lider birliyi dünya tarixində az rastlanan faktlardandır. Tariximizin 1980-ci illərdən sonra başlayan və indiyədək davam edən dövrünü diqqətlə araşdırsaq, Milli Qurtuluş Gününün əhəmiyyətini və əlahiddəliyini aydın dərk edərik.
Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli və qanlı-qadalı dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər artıq ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı, mərkəzdənqaçma meyilləri pik həddə çatmışdı. Hakimiyyətsizlik, anarxiya baş alıb gedirdi. İqtidarın bu cür idarəçiliyi vətəndaş müharibəsi və ölkənin parçalanması üçün zəmin yaratmışdı. Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı və AXC-Müsavat iqtidarı da buraxdığı kobud səhvlərlə buna rəvac verirdi.

Respublikamızın başını təhlükələr aldığı həmin o günlərdə bütün nəzərlər ilk vaxtlardan Naxçıvana dikilmişdi. Çünki vəziyyəti təhlil edən hər kəs anlayırdı ki, məhz müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev bu çətinliklərin öhdəsindən gələ, xalqa və dövlətə nicat bəxş edə bilər. O zaman Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyevin uğurlu siyasət yürütməsi, blokada vəziyyətində olan Naxçıvanda erməni təcavüzünün qarşısının qətiyyətlə alınması, Türkiyə və İranla münasibətlərin yaradılması xalqın diqqətini cəlb edirdi. Ona görə ictimaiyyətin bütün nümayəndələri təkidlə ulu öndəri Bakıya çağırır, israrla hakimiyyətə gəlişini tələb edirdilər. Amma iqtidar Heydər Əliyevin siyasətinə qarşı çıxır və muxtar respublikada hakimiyyət çevrilişi etməyə, ulu öndəri rəhbərlikdən uzaqlaşdırmağa çalışırdı. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlikdə bir-birini əvəzləyən səriştəsiz iqtidarların hamısı Heydər Əliyevin xalq arasındakı nüfuzundan qorxurdu.
Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev ona bəslənən ümidləri doğrultmaq üçün məhz həmin günlərdə ölkəni xilas etmək kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Beləliklə, 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın iradəsi və çağırışıyla siyasi hakimiyyətə qayıdışı ölkədə yeni ab-hava yaratdı. Ulu öndərdəki əzmkarlıq, vətəndaş yanğısı, tükənməz enerji və sarsılmaz iradə bütün xalqda gələcəyə güclü inam formalaşdırdı.

1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə həkk olundu. Məhz Heydər Əliyev dövlətçiliyimizi, azadlığımızı qorudu, xilas etdi və bu gün bizim müstəqil, demokratik, hüquqi dövlətdə yaşamaq arzumuzun real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır!
Onun Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşmasıdır. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə yetirməsində ulu öndərin əvəzsiz rolu oldu. Bunların sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verildi.

Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə evsahibliyi etməsi, regionun lider dövlətinə çevrilməsi, enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış etməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır. İlham Əliyevin bu istiqamətdə gördüyü işləri dünyanın ən təcrübəli ekspertləri belə qeyri-adi istedadın, təfəkkürün, gücün məhsulu kimi qiymətləndirirlər.
Azərbaycan Həmkarlar İttifaqları da ölkəmizin artan nüfuzuna uyğun olaraq dünya həmkarlar hərəkatında sayılıb-seçilən təşkilatlar səviyyəsinə yüksəlib. Təşkilatımızın beynəlxalq aləmdə, cəmiyyətimizdə nüfuzunun artmasında cənab İlham Əliyevin xidməti müstəsna əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlərinə görə daim ehtiramla xatırlanacaq, yad ediləcək. Milli Qurtuluş Günü ilə təməli qoyulan yüksəliş isə sürətlə davam edir. Prezident İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi istiqamətlə dövlətimizi yeni nailiyyətlərə doğru aparır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

 Azərbaycan qəzeti

14.06.2019-cu il


FAYDALI KEÇİDLƏR