AZ | RU | EN

Xalqımıza qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi

17 Feb 2017

Tarixdə elə qanlı hadisələr var ki, təkcə bir xalqın taleyi ilə bağlı olmayıb, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir. Belə hadisələri törədənlərin cəzasını da humanizmi özünün həyat norması seçmiş mütərəqqi bəşəriyyət verməlidir. 

Erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı məhz insanlığa qarşı törədilmiş bu cür amansız cinayətlər sırasındadır.

Keçmiş SSRİ dövlətinin süqutu ərəfəsində xarici himayədarlarının dəstəyi ilə bu barbarlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiası irəli sürərək, qanlı və dəhşətli faciələr törətdilər.

Tarixən xalqımıza məxsus Qarabağda - bu gözəl və səfalı torpaqlarda hələ də sönməyən münaqişə ocağı alovlandıran xain qonşularımız özlərinin "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün ən humanist prinsiplərə zidd olan layaqətsiz üsullardan, ən dəhşətli vasitələrdən qəddarlıq və amansızlıqla istifadə etməkdən, hər addımda öz vəhşi xislətlərini büruzə verməkdən çəkinməyərək saysız-hesabsız qətllər, irimiqyaslı dağıntılar törətdilər, qədim yurd yerlərimizi xarabazara çevirdilər.
 
Qatı şovinizm və mürtəce millətçilik ideyalarına əsaslanan erməni-daşnak qaragüruhunun etnik təmizləmə və soyqırımı siyasətinin iki əsrlik tarixinin hər səhifəsində qanlı cinayətlərin pozulmaz izləri qalmışdır. Ancaq həmin cinayətlər arasında Xocalı soyqırımı daha dəhşətlisi və daha amansızıdır. XX əsrin sonunda, dünyanın siyasi mənzərəsinin olduqca mürəkkəbləşdiyi bir dövrdə imperialist qüvvələrdən dəstək alaraq erməni-daşnak millətçilərinin törətdikləri bu soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.
 
Ulu Öndərimiz Heydər Əliyev "bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı", eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bəyan etmişdir.
Dünyanın bütün humanist və sülhsevər insanları bu gün Xocalı faciəsini tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrlə bir sırada görürlər.

Möhtərəm Prezident İlham Əliyev demişdir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.

Xocalıda planlı şəkildə həyata keçirilən soqırımında ermənilərin bir məqsədi də Azərbaycanın bu torpaqların şəriksiz sahibi kimi tarixi haqqını öz varlığı ilə sübuta yetirən qədim bir yaşayış məskənini yer üzündən silmək olmuşdur. Belə ki, Xocalı Azərbaycanın tarix və mədəniyyət abidələri ilə xüsusi seçilən qədim yaşayış məskənlərindən idi və bura bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin beşiyi sayılırdı. Yeddi min nəfərdən çox azərbaycanlı əhalisi olan, ötən əsrin 80-ci illərində sürətlə böyüməyə başlayan və şəhər statusu alan bu yaşayış məntəqəsi sonralar İran və Türkiyə ərazisindən Qarabağa köçürülmüş ermənilərin məskunlaşdığı kəndlərinin əhatəsində idi və respublikamız üçün strateji əhəmiyyət daşıyan çoğrafi mövqedə - Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi.

Xocalı soyqırımı respublikamızda siyasi hakimiyyətin zəifləməsindən istifadə edərək fəallaşan erməni-daşnak qüvvələrinin Dağlıq Qarabağda xalqımıza qarşı başlatdığı mənfur düşmənçiliyin zirvəsi oldu. Hələ soyqırımından bir neçə ay əvvəldən şəhərə gedən bütün avtomobil yollarını bağlayan və buranı mühasirəyə alaraq əhalini ağır mərhumiyyətlərə düçar edən düşmən onların Azərbaycanın digər bölgələri ilə nəqliyyat-kommunikasiya əlaqələrini kəsmişdi. Öz himayədarları tərəfindən sürətlə silahlandırılan ermənilərin Xankəndidən raket atəşi açmaqla 28 yanvar 1992-ci ildə Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotunu Xəlfəli kəndinin üzərində vurması, nəticədə 3 nəfər heyət üzvünün və 41 sərnişinin həlak olması isə artıq Qarabağ səmasının müharibə alovuna büründüyünü, bu yolun da keçilməz olduğunu göstərdi. Bölgəyə yerləşdirilmiş Ermənistan ordusu bundan sonra bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Buradakı 30-dan çox yaşayış məntəqəsini, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və s. bu kimi strateji əhəmiyyətli kəndlərimizi viran qoyub talan edən erməni silahlıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan və Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıya hücum edərək, şəhəri tamamilə dağıdıb, azərbaycanlı sakinləri xüsusi qəddarlıqla qətlə yetirdilər. Onların vəhşiliklərini sözlə ifadə etmək çox çətindir: dinc əhali arasında başı kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və fiziki cəhətdən ağlasığmaz şəklə salınanlar çox idi.

Xocalıda törədilmiş soyqırımının nəticələrini öz gözləri ilə görmüş amerikalı yazıçı-jurnalist Tomas Qolts "Kiçik, uzaq və indi ölü şəhər Xocalı" məqaləsində yazırdı: "Mən artıq Xocalıdaydım. Dərələrdə, təpələrdə, qar üzərində hələ xeyli meyit qalmışdı. Yəqin temperatur yüksələndə çürüməyə başlayacaqlar. Artıq ruhların dolaşdığı, yalqız, yeməyin, suyun və həyatın olmadığı şəhərdə, burada bütün adamlar öldürülmüşdü, öldürülmüşdü, öldürülmüşdü. Mən sadəcə, ağlamağa, ağlamağa, ağlamağa başladım..." Bir əcnəbi söz adamının dərin kədər və acı göz yaşları ilə yazdığı bu sətirləri həyəcansız oxumaq olmur. Amma çox təəssüf ki, dünyada heç də hamı ermənilərin törətdiyi dəhşətli cinayətdən Tomas Qolts kimi xəbərdar deyil, bu vəhşiliyi hələ də diqqətə almayanlar, xalqımızın ağrılarına biganəlik göstərənlər vardır.

Tarixi sənədlər əsasında sübuta yetirilmişdir ki, Xocalıda soyqırımı cinayətini törədənlərə Ermənistanın indiki rəhbərliyində təmsil olunan şəxslər, qaniçən S.Sarkisyan və əlaltıları şəxsən rəhbərlik etmişlər. Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdir. 487 nəfər şikəst olmuşdur ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Soyqırımının miqyasını göstərən bu rəqəmlər nəinki ayrı-ayrı kitablarda və nəşrlərdə daim qeyd edilməli, həm də xalqımızın hər bir vətənpərvər övladının yaddaşına həkk olunmalıdır. Çünki bizim indiki və gələcək nəsillərimiz bu amansız cinayəti heç vaxt unutmamalı, onu törədənləri həmişə, hər yerdə ifşa etməlidir.

Təəssüf ki, bu qanlı hadisənin baş verdiyi dövrdə Azərbaycanın rəhbərliyində olan səriştəsizlər və xəyanətkarlar, həmçinin xalqın faciəsindən istifadə edərək hakimiyyətə gəlməyə nail olan AXC-Müsavat cütlüyü Xocalı soyqırımı haqqında həqiqətlərin vaxtında dünya ictimaiyyətinə çadırılmasına çalışmaq əvəzinə vəzifə davası aparırdılar. Məhz bu səbəbdən dünyanın biganə qaldığı dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ulu Öndər Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra üzə çıxarıldı. Məhz xalqımızın bu dahi oğlunun təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Bundan əlavə, Ulu Öndər azərbaycanlılara qarşı davamlı olaraq törədilmiş soyqırımı ilə əlaqədar 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi barədə 26 mart 1998-ci il tarixli Fərman imzaladı. 25 fevral 2002-ci ildə Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində Ulu Öndər Heydər Əliyev bu amansız soyqırımını belə səciyyələndirmişdir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".

Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" imzaladığı Sərəncamda isə deyilir: "Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır".

Sərəncamda qeyd edilir ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.

Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə Heydər Əliyev Fondunun, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti olduqca əhəmiyyətlidir. Xocalı soyqırımı ilə bağlı real və konkret faktların daha dolğun şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Fond sistemli və ardıcıl iş aparır.
 Fondun dəstəyi və hazırladığı təbliğat materialları ilə hər il Xocalı faciəsinin ildönümü dünyanın müxtəlif ölkələrində yad edilir. 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis olunmuş "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası Xocalı soyqırımı barədə dürüst və təsirli məlumatları dünya ictimaiyyətinə çatdırmaqla, bu qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə, bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdadır.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində Xocalı soyqırımını Pakistan və Sudan dövlətləri rəsmən tam səviyyədə, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya isə parlament səviyyəsində qətliam kimi tanıdıqlarını elan etmişlər. Dünyanın supergücü olan ABŞ-ın 21 ştatının Xocalını qətliam kimi tanıyan sənəd qəbul etməsi də Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin nəticəsidir. Bundan başqa, Şərq dünyasının nüfuzlu beynəlxalq birliyi olan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 20 noyabr 2012-ci ildə Cibutidə keçirilmiş 39-cu sessiyası Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul etmişdir. Belə bir qətnamə bu yaxınlarda Cibuti Respublikasının Milli Assambleyasının (parlamentin) plenar iclasında da mütləq səs çoxluğu ilə qəbul olunmuşdur.

Bu gün böyük təəssüf hissi ilə etiraf etmək lazım gəlir ki, 25 ildən artıqdır iğalçı Ermənistan özünün təcavüzkarlıq siyasətini dünya ictimaiyyətinin gözü qarşısında davam etdirir. BMT-nin Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnaməsinə etina etməyən Ermənistan öz qəsbkarlıq siyasətini dünya birliyinin biganəliyi şəraitində yürüdür. Möhtərəm Prezident cənab İlham Əliyevin Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar imzaladığı sərəncamda deyilir: "BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır".

Sürətlə inkişaf edən, güclənən və qüdrətlənən müstəqil Azərbaycan təbii ki, öz ərazisinin bir hissəsinin uzunmüddətli işğalına, separatçı və ekstremist qüvvələrin, təcavüzkar Ermənistanın xalqımızın tarixi torpaqlarında törətdikləri cinayətlərə dözə bilməz, düşmənin xülyalarının gerçəkləşməsinə imkan verə bilməz. Ötən il aprel ayının əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi şücaət də bunu təsdiqləyir. Həmin vaxt növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq qəhrəman ordumuz torpaqlarımızın bir qismini işğalçılardan azad etmişdir ki, bu da ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün kifayət qədər hərbi gücə, iqtisadi potensiala və siyasi iradəyə malik olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.

Həmin uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Tarixən bu torpaqda yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Məhz buna görə də möhtərəm Prezident cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün dövlət büdcəsindən vəsait ayırmışdır. Beləliklə də, Qarabağa qayıdışın əsası qoyulmuşdur və bu prosesin davamlı olacağına xalqımızın inamı böyükdür.

Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası beynəlxalq aləmdə böyük rezonans doğurmuş, dövlətimizin başçısının həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, uğurlu xarici siyasətinin parlaq nəticəsi, onun bütün dünyada böyük hörmət və nüfuza malik siyasi lider olduğunun göstəricisi kimi qiymətləndirilmişdir.

Bu gün nəinki regionda lider mövqeyində olan, eləcə də bütün dünyada öz nüfuzunu durmadan artıran müstəqil Azərbaycan dövləti qarşıda duran bütün vəzifələri, o cümlədən öz qanuni ərazilərini işğaldan azad etmək gücündədir və Qarabağda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyildir. Xocalı soyqırımını törədənlər, xalqımıza və ümumən, insanlıq əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətdə əli olanlar isə mütləq öz layiqli cəzalarını alacaqlar!

Respublika qəzeti
17 fevral 2017-ci il