“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının III Məclisi keçirilib
23 Nov 2018
Noyabrın 23-də “Xidmət-İş” Həmkarlar İttifaqları (Hİ) Federasiyasının III Məclisi keçirilib
Tədbiri açan “Xidmət-İş” Hİ Federasiyasının prezidenti,
AHİK sədrinin birinci müavini İlyas Əliyev Federasiyanın IV qurultayından
sonrakı dövrdə görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Deyib ki, ötən müddət ərzində Federasiya sahə işçilərinin əmək, sosial-iqtisadi
hüquq və mənafelərinin qorunması, keyfiyyətli iş yeri, layiqli və ədalətli əməkhaqqının
təmin olunması istiqamətində bir sıra işlər görüb.
İlyas Əliyev bildirib ki, hazırda Federasiyada 45 minə
yaxın üzvü birləşdirən 680 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir,
bunlardan 223-ü ilk təşkilatdır. Bu dövr ərzində 12 təşkilat və müəssisədə ilk
həmkarlar ittifaqı təşkilatı yaradılıb, sıralarımıza 355 nəfər işçi qəbul
olunub.
Qeyd olunan müddətdə Federasiyaya üzvlər tərəfindən edilən
müraciətlərə operativ reaksiya verilib və onların təxminən 90 faizi müsbət həll
olunub.
Federasiya tərəfindən hesabat dövrü ərzində çoxsaylı
seminar və dəyirmi masalar təşkil olunub, ölkə daxilində və xaricində keçirilən
beynəlxalq tədbirlərdə nümayəndələrimiz fəal iştirak ediblər. Üzvlərimiz eyni
zamanda Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan həmkarlar
ittifaqı kadrlarının hazırlanması və ixtisasartırma kurslarında ixtisas
bacarıqlarını artırıblar.
Federasiyanın texniki əmək müfəttişləri rayon komitələrinin
xidmətində olan müəssisələrdə əməyin mühafizəsi sahəsindəki tələblərin icrasını
yoxlayarkən əmək və kollektiv müqavilələrin düzgün bağlanmasına və icrasına
xüsusi diqqət yetiriblər.
İşəgötürənlərlə sosial dialoq intensivləşdirilib. Lakin
bu sahədə hələ də bəzi problemlər qalmaqdadır. Həmçinin üzvlük haqlarının
yığılmasında əksər üzv təşkilatlarımızda çətinliklər var.
İlyas Əliyev bildirib ki, ötən müddət ərzində də
Federasiya beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində fəaliyyətini
davam etdirib. Bir sıra xarici ölkə həmkarlar ittifaqı birlikləri ilə yeni
işgüzar əlaqələr qurulub.
Federasiya həmçinin gender bərabərliyinin təmin olunması
və gənclər siyasətinin uğurlu təşviqi üçün ölkəmizdə həyata keçirilən tədbirlər
sistemində də aktiv şəkildə iştirak edir. Bunun nəticəsidir ki, sıralarımızda
22 mindən çox qadın və 21 mindən artıq gənc var. Seçkili orqan üzvləri arasında
qadınların sayı 30 faizdən çoxdur. İlk həmkarlar ittifaqı sədrlərinin 42,3
faizi zərif cinsin nümayəndələri, 11 faizi isə gənclərdir. Rəhbərlikdə təmsil
olunan qadınların sayı 74,6 faizdir.
Federasiya tərəfindən həmçinin sahə həmkarlar ittifaqı
üzvlərinin istirahəti və sağlamlığının bərpasının təşkili ilə bağlı
bir sıra tədbirlər həyata keçirilib.
İlyas Əliyev nəzərə çatdırıb ki, üzv təşkilatların
yaranması, həmkarlar ittifaqı üzvlərinin sayının artması şəhər, rayon, ilk həmkarlar
ittifaqı təşkilatlarının, həmçinin sahə həmkarlar ittifaqının güclənməsi və
nüfuzunun artması deməkdir. Bunun üçün ilk növbədə motivasiya, maarifləndirici
işlər aparılmalıdır ki, sıralarımıza daha çox insan qoşulsun.
Federasiya prezidenti gələn ildən ölkəmizdə qeyri-formal
məşğulluğa qarşı köklü islahatların həyata keçiriləcəyini deyib.
Məruzədən sonra çıxış edənlər görülən işlərdən və mövcud
problemlərdən danışıblar.