Yeni üzvlərin sıralarımıza qoşulmasında motivasiyanın rolu
29 Nov 2019
Noyabrın 29-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyasının iclas zalında Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib.
Plenumu giriş sözü ilə Respublika Komitəsinin sədri Bəkir
Yusifov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi. Sonra
oktyabrın 11-dən noyabrın 22-dək Dövlət Müstəqilliyi Günü münasibətilə “Zenit”
Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİCİB) təşkilatçılığı ilə
Bakı şəhərində keçirilmiş XXI Respublika Spartakiadasının yekunları barədə məlumat
verdi. Bildirdi ki, QSC-nin təmsilçiləri idmanın 9 növü üzrə keçirilmiş
yarışlardan 5-də (şahmat, stolüstü tennis, nərd, üzgüçülük və minifutbol)
birinci yeri, 3-də (voleybol, dama və güllə atıcılığında) III yeri tutaraq
ümumi hesabda spartakiadanın qalibi olmuşlar.
Daha sonra “Zenit” BTİCİB İdarə Heyətinin sədri Fazil
Hadıbəyov çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyevin bədən tərbiyəsi və
idmanın inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi. Dedi ki,
bu qayğıdan bəhrələnən idmançılarımız vətənin şərəfini beynəlxalq yarışlarda ləyaqətlə
qorumağa çalışırlar. F.Hadıbəyov cəmiyyətin yetirmələrinin Olimpiya
Oyunlarında, dünya və Avropa çempionatlarındakı uğurlu çıxışları barədə məlumat
verdi. Plenumda qaliblərə və onların məşqçilərinə diplom, kubok və pul
mükafatları təqdim olundu.
Respublika
Komitəsinin sədri Bəkir Yusifov “Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının II Məclisinin “Müasir dövrdə həmkarlar ittifaqına yeni üzvlərin
cəlb edilməsində motivasiyanın rolu, beynəlxalq təcrübə və Azərbaycan həmkarlar
ittifaqının vəzifələri haqqında” qərarının sahə həmkarlar ittifaqı təşkilatları
tərəfindən yerinə yetirilməsi və qarşıda duran vəzifələr barədə məruzə etdi.