AZ | RU | EN
AZ | EN | RU

AHİK-də müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib

11 Jun 2019

İyunun 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin 2018-ci il qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbiri AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.

Bugünkü tədbirin əməyin mühafizəsi və sağlamlığı üzrə istehsalatda profilaktika mədəniyyəti sahəsində ən yaxşı göstərici əldə etmiş qaliblərə həsr olunduğunu bildirən S.Möhbalıyev diqqətə çatdırıb ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) əməyin təhlükəsizliyi, gigiyenası və əməyin gələcək sferası üzrə təcrübələrini və rəylərini bölüşmək məqsədilə ekspertlərin bütün dünyadan əməyin təhlükəsizliyi və gigiyenasına aid 33 orijinal analitik materiallarının təqdimatını planlaşdırır. Bu da mütəxəssislər tərəfindən əməyin təhlükəsizliyi, gigiyenası və əmək sferasının gələcəyi barədə təcrübə və fikir mübadiləsi aparılmasına imkan verəcək.

Qeyd edilib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resursların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. Bəzən dəyişikliklər prosesi o qədər sürətlə baş verir ki, bu da əmək şəraitinin və əməyin mühafizəsi sisteminin kökündən dəyişməsinə səbəb olur. Bəzi hallarda təhlükələri və riskləri azaltmaq və ya aradan qaldırmaq mümkün olur. Lakin yeni texnologiyalar yeni risklər və təhlükələr yaradır ki, bu da iş üslubunun dəyişdirilməsini və yeni yanaşmalar tətbiq edilməsini tələb edir. BƏT-in məlumatına görə, işdə baş verən xəsarətlər və peşə xəstəlikləri hər gün dünyada 7600-dən çox insanın həyatını itirməsinə gətirib çıxarır ki, bu da ildə 2 milyon 780 min nəfər deməkdir.

S.Möhbalıyev bildirib ki, insan sağlamlığına ziyan vurulması ilə yanaşı, bu bədbəxt hadisələr ölkələrin iqtisadiyyatına da mənfi təsir göstərir. Belə ki, istehsalat xəsarətləri nəticəsində dünyada hər il ÜDM-in 3,94 faizi itirilir. Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Əminliklə qeyd etmək olar ki, gələcəkdə əmək sferası böyük dəyişikliklərə məruz qalacaq.

S.Möhbalıyev diqqətə çatdırıb ki, respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkədə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib. Beynəlxalq təşkilatların məlumatlarına görə, Azərbaycan Respublikasında son 15 ildə həyata keçirilən dövlət siyasəti iqtisadiyyatda, sosial sferada, humanitar sahədə böyük nailiyyətlərin əldə olunmasını təmin edib. Azərbaycanın inklüziv inkişaf sahəsində lider dövlət olduğunu qeyd edən AHİK sədri bildirib ki, inklüziv inkişaf dövlət idarəçiliyinin elə bir yoludur ki, ölkə hərtərəfli inkişaf edir və bunun müsbət nəticələrini bütün vətəndaşlar hiss edir. Bu gün ərzaq təhlükəsizliyi, dayanıqlı və iqtisadi inkişafın təbliğ edilməsi, institusional vərdişlərin gücləndirilməsi, ictimai və sosial xidmətlərin effektivliyi, habelə ətraf mühitin idarə olunması və təbii fəlakətlərin qarşısının alınması kimi məsələlər daha çox aktuallıq kəsb edir.

AHİK sədri bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə BƏT arasında əmək, əmək münasibətləri, əmək hüququ əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahələrində əməkdaşlığın daima genişlənməsi ilə müşahidə olunan fəal əlaqələr yaranıb. BƏT-in dəstəyi və AHİK-in təşkilatçılığı ilə son 12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim kursları, təqdimatlar və tədbirlər keçirilib. BƏT-in dəstəyi və AHİK-in təşkilatçılığı ilə 2019-cu il mayın 8-də Bakıda “Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi” mövzusunda treninq keçirilib.

Səttar Möhbalıyev deyib: “Respublikamızda BƏT-in 58 Konvensiyası ratifikasiya olunub, konvensiyaların tələbləri respublikamızın Əmək, Mülki, Cinayət - Prosessual, İnzibati Xətalar məcəllələrində öz əksini tapıb. Tərəfimizdən hal-hazırda əməyin mühafizəsi ilə əlaqədar BƏT-in 155 saylı “Əməyin təhlükəsizliyi və sağlamlığı haqqında” konvensiyasının Sosial-iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclasında müzakirə olunaraq ratifikasiyaya hazırlanıb. Bilirsiniz ki, Azərbaycan Hökuməti ilə BƏT arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” qəbul edilib. Ölkə Proqramının hazırlanmasında AHİK fəal iştirak edib”.

S.Möhbalıyev bildirib ki, AHİK-in V Qurultayında 2018-2023-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətinin əsas istiqamətlərində layiqli əmək şəraitinin yaradılmasına, işləyənlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsinə, ekoloji problemlərin həllinə, BƏT-in əməyin mühafizəsinin vahid idarəetmə sisteminə nail olmaq kimi vəzifələr nəzərdə tutulub. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə artıq müvafiq addımlar atılmaqdadır. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. Respublikamız ətraf mühitin mühafizəsi sahəsində çox sayda beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inkişafına nail olub. Belə ki, Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı (ƏMMFP) ölkənin ətraf mühit prioritetlərini və digər nəzərdə tutulmuş fəaliyyətləri müəyyən edir.

AHİK sədri deyib ki, həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyət göstəriblər. 2018-ci il ərzində onlar 597 müəssisə və təşkilatda müayinə işi aparıb, 2834 pozuntu aşkar edib, onların 92,9 faizinin aradan qaldırılmasına nail olunub. Nəticədə 320 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 585 nəfərin iş şəraiti yaxşılaşdırılıb. 2018-ci ildə respublika üzrə istehsalat zədələnməsinin vəziyyətinə nəzər yetirsək görərik ki, həmkarlar ittifaqlarının fəaliyyət dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların sayı ötən illə müqayisədə 41,2 faiz (68 hadisəyə qarşı 40 hadisə), istehsalat xəsarətindən ölənlərin sayı isə 48,4 faiz (38 nəfərə qarşı 16 nəfər) azalıb. Baş vermiş bədbəxt hadisələrin araşdırılması göstərir ki, son illər ərzində ölümlə nəticələnən bədbəxt hadisələrin əksəriyyəti yeni və formalaşmaqda olan peşə riskləri fonunda baş verib.

Qeyd olunub ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində bu tədbirə 14008 müəssisə və təşkilat qatılıb, onlardan 393-ü bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Ötən ildə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə komissiyası 218-dən çox müəssisənin və 20 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb, yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.

Bildirilib ki, 2018-ci il ərzində 16346 işçini, o cümlədən 5035 qadın işçini təmsil edən 48 müəssisə və təşkilatda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 337 yoxlama həyata keçiriblər. Həmkarlar ittifaqı komitələri öz əməli fəaliyyətində birgə kompleks nəzarət təcrübəsindən daha geniş və səmərəli surətdə istifadə ediblər. Əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar bilavasitə müəssisələrin əməyin mühafizəsi xidməti, nəzarət orqanları ilə birgə 1266, müəssisə müdiriyyəti ilə birgə keçirilən yoxlamalarda isə 1394 pozuntu halı aşkar edilib. İctimai nəzarət-profilaktika işinin aparılması nəticəsində həmkarlar ittifaqı komitələri müəssisə və təşkilatların kollektiv müqavilələrinə əmək şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyin artırılmasına və sosial məsələlərə aid 353 adda bəndin əlavə edilməsinə nail olunub və nəticə etibarı ilə bu müddəaların 96,8 faizinə əməl edilib.

Diqqətə çatdırılıb ki, müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 150, əməyin mühafizəsi komissiyalarının 103 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi məsələsi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 50 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb. Bütün bu tədbirlər bir sıra müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaitinin əvvəlki müvafiq dövrlə müqayisədə 4,1 faiz, hər işçiyə görə isə 3,7 faiz artırılmasına gətirib çıxarıb.

Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə həmkarlar ittifaqı komitələri və əməyin mühafizəsi komissiyaları və sahə HİRK-in texniki əmək müfəttişləri tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 293 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 69,4 faizə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 99,4 faizə çatdırılıb. İşçilər müəyyən olunmuş normalar daxilində sanitar-məişət xidmətləri, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunublar. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 8 əməyin mühafizəsi kabineti və 45 guşə yaradılıb, bununla da kabinetlərin sayı 244-ə, guşələrin sayı isə 926-ya çatdırılıb.

“Göründüyü kimi həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verib. Burada həmkarlar ittifaqları fəalları ilə yanaşı, çoxsaylı işəgötürənlərin nümayəndələrinin, aidiyyətı dövlət qurumlarının əməyi az olmayıb və biz bu əməyi qiymətləndirməliyik. Hesab edirəm ki, əldə olunan müsbət nəticələr AHİK, onun üzv təşkilatları və işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcək”, - deyə AHİK sədri əlavə edib.

Çıxışının sonunda S.Möhbalıyev “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərini təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə, həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış ediblər.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib.

FAYDALI KEÇİDLƏR