AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransı keçirilib

09 Oct 2017

Oktyabrın 9-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransı keçirilib.

Tədbirdən öncə konfrans iştirakçıları  Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzüblər. Daha sonra Şəhidlər Xiyabanına gedən qonaqlar xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini anıblar. 
 
 Nizami Kino Mərkəzində təşkil olunmuş hesabat-seçki konfransında Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Susan Floken, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Qalina Merkulova çıxış ediblər. Bildirilib ki, iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası prosesində ən mühüm şərtlərdən olan insan kapitalının inkişafı hər bir ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.
 
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 2012-2017-ci illər ərzində gördüyü işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizdə belə bir güclü həmkarlar ittifaqı təşkilatının olmasına görə ümummilli lider Heydər Əliyevə borcludur. Ulu Öndərin həmkarlar ittifaqı təşkilatlarına dəstək siyasəti hazırda Prezident İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir.
 
Məruzədə bildirilib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz sıralarında 380 mindən artıq ittifaq üzvünü birləşdirir.
Hesabat dövründə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Məclisinin 6, Rəyasət Heyətinin 39 iclası keçirilib. Respublika Komitəsinin Məclisində və Rəyasət Heyətində müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub.
 
XVI konfransdan sonrakı dövr ərzində həmkarlar ittifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə olunub. Belə ki, 2013-cü il yanvarın 1-nə olan statistik məlumata görə, ittifaq üzvlərinin sayı 378 min 653 nəfər olduğu halda 2017-ci il yanvarın 1-də bu rəqəm 381 min 347 nəfərə yüksəlib. Eyni zamanda, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarının sayı da 5864-dən 5901-ə yüksəlib.
 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçkilərin daha yüksək səviyyədə keçirilməsi məqsədilə 2016-2017-ci illərdə geniş maarifləndirmə işi aparılıb. Belə ki, Komitə tərəfindən ayrı-ayrı bölgələrdə, o cümlədən Bakı, Gəncə, Şəki şəhərlərində, Bərdə, Masallı, Göyçay, Quba, İmişli, İsmayıllı rayonlarında ilk təşkilatların, rayon komitələrinin sədrləri və fəalları, eləcə də Respublika Komitəsinin rəhbər və məsul işçilərinin iştirakı ilə geniş seminar - müşavirələr keçirilib.
 
Hesabat dövründə ittifaq üzvləri tərəfindən edilmiş müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi kömək göstərilib. Komitəyə və onun xidmətində olan şəhər, rayon və rayon hüquqlu təşkilatlara ittifaq üzvlərindən 338 min 203 müraciət daxil olub. Bu müraciətlərdən 13 min 623-ü əmək hüquqlarının müdafiəsi, 237 min 670-i maddi yardımların verilməsi, 13 min 413-ü isə həmkarlar ittifaqı orqanlarının işi ilə bağlı olub. Daxil olmuş müraciətlərin 312 min 223-ü müsbət həll olunub.
 
Son illərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 1 nəfər əməkdaşı “Şöhrət” ordeninə, 1 nəfər “Vətənə xidmətə görə” ordeninə, 1 nəfər Azərbaycan Respublikasının Prezidentinin Fəxri diplomuna, 24 nəfər “Tərəqqi” medalına, 11 nəfər “Əməkdar müəllim” fəxri adına, 8 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 31 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüblər. Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən sahə həmkarlar ittifaqının 8 əməkdaşı “Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubileyi” medalı, 36 nəfər “Həmkarlar ittifaqlarında xidmətə görə” medal, 40 nəfər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 352 nəfər isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri Fərman ilə təltif ediliblər.
 
 S.Möhbalıyev qeyd edib ki, hesabat dövrü ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədilə Macarıstan, İsrail, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Belarus və digər ölkələrin Təhsil İşçiləri Həmkarlar İttifaqları ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzalayıb.
 
Sonra Təftiş Komissiyasının hesabatı dinlənilib.
Konfransda komitənin rəhbər orqanlarına seçkilər keçirilib. Səttar Möhbalıyev yekdilliklə növbəti dövr üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri seçilib.
 
   Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

FAYDALI KEÇİDLƏR