AZ | RU | EN
AZ | EN | RU

Yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi qeyd edilib

10 Oct 2018

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Nazirlik işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə baş tutmuş tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbir iştirakçıları sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri qoymuşlar.

Daha sonra toplantı iştirakçıları idarənin həyətində təşkil olunmuş yanğından mühafizə qüvvələrinə məxsus xüsusi texnika və avadanlıqlardan ibarət sərgi ilə tanış olmuşlar.

Toplantını giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. O, Azərbaycanda yanğınsöndürmə dəstələrinin yaradılması tarixinə qısa ekskurs edərək bildirib ki, 1918-ci il oktyabrın 10-da Bakı Şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilib. Ümummilli lider Heydər Əliyev 5 oktyabr 2002-ci ildə məhz bu tarixin Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə Sərəncam imzalayıb. Yanğından mühafizə sahəsinin daim ulu öndərin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən M.İsmayılov Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov respublika ərazisində baş vermiş yanğınların söndürülməsi və bununla bağlı təxirəsalınmaz xilasetmə tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş işlərdən ətraflı bəhs edərək, qarşıda duran vəzifələrdən söz açıb. O, yanğından mühafizə xidmətinin ən müasir yanğınsöndürmə texnika və vasitələri ilə təmin olunduğuna və göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edib. O, yanğınsöndürənlərə peşə bayramı münasibətilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təbriklərini çatdırıb. Çıxışına davam edərək yanğınsöndürənləri ən təhlükəli peşə sahibləri və ən fədakar insanlar adlandırıb: “Onlar könüllü şəkildə özlərini başqalarının həyatını, əmlakını xilas etmək naminə riskə atırlar. Bu peşəni seçənlər hər cür tərifə və alqışa layiqdirlər”. Sonra C.Alxasov Xidmətin bir qrup işçisinə AHİK-in “25 illik” yubiley döş nişanını və Fəxri fərmanlarını təqdim edib.

Veteran yanğınsöndürən Azad Səmədov çıxış edərək sahə işçilərinin uğurlarından fəxarət hissi keçirdiyini söyləyib. Deyib ki, veteranlar gənc nəslin onları ləyaqətlə əvəz etdiklərini görür və sevinir.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev ümummilli lider Heydər Əliyevin “Yanğın söndürmək cəsarət və mərdlik məktəbidir” sözünü xatırladıb. Bildirib ki, dövlət, şəxsi və ictimai əmlakın yanğından mühafizəsi istiqamətində ciddi irəliləyişlər əldə olunub. 2006-cı ildən etibarən respublikamızda 114 minə yaxın yanğın hadisəsinin qarşısı alınıb. Yanğınsöndürənlərimiz, dövlət başçısının göstərişinə əsasən, başqa ölkələrdə də yanğın-xilasetmə əməliyyatlarında müvəffəqiyyətlə iştirak edirlər.

E.Mirzəyev qeyd edib ki, yüzlərlə yanğınsöndürənimiz vətənimizin azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş, şəhidlər vermişlər. Onlardan ikisi Milli Qəhrəmandır. Natiq bildirib ki, dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində sahədə müasir standartlara uyğun maddi-texniki baza formalaşdırılıb. Nazir müavini çıxışının sonunda yanğınsöndürənləri bir daha peşə bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Sonra fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmrinə əsasən, xidmətdə fərqlənmiş əməkdaşlara medallar təqdim olunub. Həmçinin xidmətdə fərqlənmiş və yubiley yaşı tamam olmuş bir qrup DYMX və DYNX əməkdaşına, eyni zamanda veteran yanğınsöndürənlərə Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının Fəxri fərmanları, qiymətli hədiyyələri verilib.

FAYDALI KEÇİDLƏR