20 Yanvar faciəsi anıldı
15 Jan 2020
Hər il olduğu kimi, bu il də AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi- tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində
sahə həmkarlar ittifaqı komissiyalarının sədrlərinin və üzvlərinin iştirakı ilə
keçirilən tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi
ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Respublika
Komitəsinin və Mərkəzin sədri Cəmilə Səttarova deyib ki, 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə, fövqəladə vəziyyət elan edilmədən, sovet
ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Yüzlərlə vətəndaşımız
öldürüldü, ağır xəsarət aldı, qanunsuz olaraq həbs edildi. Bu faciəni törətməkdə
məqsəd Azərbaycan xalqının azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı
mübarizəni sındırmaq idi. Ancaq bu məqsədlərinə nail ola bilmədilər. 20 Yanvar
təkcə faciə, matəm günü yox, eyni zamanda milli oyanış günü kimi tariximizə
yazıldı.
20 Yanvar gecəsi törədilən cinayətləri ilk lənətləyən
ümummilli lider Heydər Əliyev oldu. İmperiyanın paytaxtında yerləşən Azərbaycanın
daimi nümayəndəliyinə gəlib dünyaya etiraz bəyanatı yaydı. İkinci dəfə hakimiyyətə
gəldikdən sonra isə bu faciəyə onun təşəbbüsü ilə Milli Məclis tərəfindən
siyasi qiymət verildi.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Yazıçılar
Birliyinin HİK sədri Firuzə Məmmədova, Hİ Qobustan Rayon Komitəsinin sədri
Leyla Sarıyeva və başqaları 20 Yanvar hadisələrindən və şəhidlərin xatirəsinin
xalqımızın yaddaşına əbədi həkk olunması məqsədilə dövlətimizin gördüyü işlərdən
danışdılar.