Azərbaycan Həmkarlar İttifaqının nümayəndə heyəti Özbəkistanda olmuşdur
01 Jun 2012
Azərbaycanın, Hindistanın, Ukraynanın və daha bir neçə MDB ölkələrinin nümayəndə heyətlərinin qatıldığı konfransın məqsədi gündəlikdə duran məsələ ətrafında fikir mübadiləsi aparmaq, perspektiv istiqamətləri araşdırmaq, təhlil etmək, öyrənmək olmuşdur.
Konfransın gedişində iki plenar və üç seksiyalar üzrə iclaslar keçirilib. Birinci plenar iclasda dövlət strukturlarının, milli vətəndaş cəmiyyəti institutlarının rəhbərləri və xarici ekspertlər çıxış etmişlər. Seksiyalar üzrə iclaslarda xarici mütəxəssislər və milli ekspertlər «Sosial və əmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi», «Vətəndaşların əmək hüquqlarının reallaşdırlması və qorunmasında vətəndaş cəmiyyəti institutlarının iştirakı», «Vətəndaşların əmək hüquqlarının reallaşdırılmasında vətəndaş cəmiyyəti institutlarının perspektivləri, inkişafı: iri milli işəgötürənlərin fəaliyyəti və xarici təcrübə» mövzuları üzrə məruzələr etmişlər.
Plenar iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyev təmsil etdiyi təşkilatın sözügedən sahədə fəaliyyəti barədə geniş məlumat vermişdir. Demişdir ki, 1993-cü ildən Konfederasiya tərkibində birləşmiş 26 sahə həmkarlar ittifaqı həmişə missiyalarına sadiq qalmış, beynəlxalq həmkarlar ittifaqları hərəkatının vahidliyinə, həmrəyliyinə xidmət göstərmişdir. 2009-cu ildə AHİK-in İcraiyyə Komitəsində vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının inkişaf Konsepsiyası qəbul olunub. Konsepsiyanın meydana gəlməsini bizə ölkədə gedən sosial-iqtisadi, ictimai-siyasi yeniləşmə diqtə etdi. Biz bu prosesdə həmkarlar ittifaqının yerini və mövqeyini formalaşdırmalı idik.
Respublikamızda həmkarlar ittifaqının azadlığı iki əsas istiqamətə söykənir: Konkret məsələlər üzrə fəaliyyət göstərməyə imkan verən qanunvericilik bazasının mövcudluğuna və həmkarlar ittifaqlarının faktiki fəaliyyətinə.
Bu gün Konfederasiya qanun yaradıcılığı prosesində fəal iştirak edir. Və yaxşı qanunvericilik bazasına malikdir. 1994-cü ildə Azərbaycan parlamenti «Həmkarlar ittifaqları haqqında» qanun qəbul etdi. Bu sənəd 1999-cu ildə qəbul olunmuş Əmək Məcəlləsində əksini tapmış əmək münasibətlərinin formalaşmasında təsirli rol oynadı.
Həmkarlar ittifaqlarının səyi nəticəsində Əmək Məcəlləsi əməkçilərin xeyrinə müntəzəm təkmilləşir. Məşğulluq, əməkhaqqının müəyyənləşməsi, işçilərin qeyri-qanuni yerdəyişməsi, işdən çıxarılması, ixtisarlar və sairə məsələlər təşkilatımızın daimi qayğılarındandır.
S. Mehbalıyev demişdir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən əlavəni ən böyük uğurumuz sayırıq. Həmin əlavəyə əsasən, işəgötürən işçini işdən çıxararkən mütləq həmkarlar ittifaqı təşkilatının razılığını almalıdır. Məlumat üçün deyim ki, bu dəyişiklik postsovet məkanında ilk təcrübə idi.
Minimal əməkhaqqının əhəmiyyətini, işçilərin sosial vəziyyətinə təsirini nəzərə alaraq İcraiyyə Komitəsinin qərarı ilə AHİK Ümum Həmkarlar İttifaqları Konfederasiyasının «Minimal əməkhaqqı yaşayış minimumundan aşağı olmamalıdır» kampaniyasına qoşulmuşdur. Diqqətinizə çatdırım ki, Azərbaycanda 2004-cü ildən bəri minimum əməkhaqqı 7 dəfə artmışdır. Başqa sözlə, 2011-ci ilin statistikasına görə, minimum əməkhaqqı yaşayış minimumunun 89,5 faizi səviyyəsinə qədər yüksəldilib. 2012-ci il hələ başa çatmasa da bu nisbət faktiki olaraq bərabərləşib.
Azərbaycan həmkarlar ittifaqları xarici şirkətlərdə və müəssisələrdə ilk təşkilat yaratmaq üzrə müəyyən təcrübə qazanıb. Bu istiqamətdə Konfederasiyanın İcraiyyə Komitəsi, Məclisi, sahə Hİ-lər fəal təşkilati iş aparıb. Nəticə gözlədiyimiz kimi olub. Müqayisə üçün deyim ki, 2005-ci ildə transmilli şirkətlərdə 68 ilk həmkarlar ittifaqı təşkilatı mövcud olduğu halda, hazırda bu təşkilatların sayı 500-ü ötüb.
S. Mehbalıyev onu da diqqətə çatdırdı ki, dövlətimizin iqtisadi, sosial sahədə nail olduğu inkişaf Azərbaycanı xüsusilə region ölkələri vətəndaşlarının qazanc mənbəyinə çevirib. Son illər respublikamızda işçi miqrantların sayı qat-qat artıb. Etiraf edək ki, Rusiyada, Türkiyədə hələ də müvəqqəti qalıb işləyən azərbaycanlılar var. Biz həmkarlar ittifaqı olaraq miqrantlarla işi fəaliyyətimizin prioritet cəhətlərindən biri kimi dəyərləndiririk. Rusiya Federasiyasının Sverdlovsk vilayəti Həmkarlar İttifaqları Federasiyası, eləcə də daha bir neçə ölkənin həmkarlar ittifaqı mərkəzləri ilə bağladığımız müqavilələrdə miqrantların əmək, sosial və digər hüquqları önəmli yer tutur.
AHİK sədri çıxışında daha sonra bir çox məsələlərə toxunmuş, dünya həmkarlar ittifaqı hərəkatını narahat edən problemlərdən söhbət açmış, təkliflərini vermişdir.
Səfər müddətində S. Mehbalıyev Özbəkistanın Səmərqənd və Buxara şəhərlərini ziyarət etmiş, vilayət həmkarlar ittifaqlarının işi ilə tanış olmuşdur.
Konfrans başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları konfederasiyaları arasında qarşılıqlı anlaşma memorondumu imzalanmışdır.
Konfransın işində AHİK sədrinin birinci müavini İlyas Əliyev də iştirak edirdi.