28 May - Respublika günü münasibəti ilə tədbir keçirilib
27 May 2019
Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 May - Respublika günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə AHİK sədrinin müavini Aqil Dadaşov açıb. Sədr müavini qeyd edib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur. Bu illər ərzində ölkəmizdə gedən ictimai-siyasi prosesləri təhlil edərkən biz Azərbaycan Xalq Cümhuriyyətinin əsl dəyərini, mahiyyətini və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu daha aydın şəkildə görürük.
Tədbirdə tarix
elmləri doktoru Vəkil Həsənov Azərbaycan Xalq Cumhuriyyətinin ildönümü ilə
bağlı məruzə edib.. O, qeyd edib ki, ölkəmizdə gedən ictimai-siyasi prosesləri
təhlil edərkən biz Azərbaycan Xalq Cümhuriyyətinin əsl dəyərini, mahiyyətini və
müstəqilliyə gedən yolda oynadığı tarixi rolu daha aydın şəkildə görürük. Hər
bir xalqın özünün müstəqil dövlətinin olması çox önəmli məsələdir. 1918-1920-ci
illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövr
olubdur. Azərbaycan məhz bu dövrdə ilk dəfə olaraq dövlət suverenliyini
qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışıbdır. Bu dövr millətin
həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının bünövrəsini
qoyub. İki il tarix üçün o qədər də böyük zaman kəsiyi deyil. Lakin bu iki ildə
Azərbaycan Cümhuriyyətinin gördüyü işlərin miqyası, əhəmiyyəti və mənası
Azərbaycan xalqının həyatında olduqca böyük hadisədir.
V.Həsənov deyib
ki, az bir vaxtda Azərbaycan parlamenti, hökuməti, ordusu, gömrük və hüquq
mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına malik, vətəndaş
haqlarını və hüquqlarını hər şeydən uca tutan demokratik bir respublikaya
çevrildi. XX əsrin əvvəllərində monarxiya hərbi-feodal rejimlərinin hökm
sürdüyü Şərqdə vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar
dövlət ilk dəfə Azərbaycanda quruldu. Cümhuriyyətin rəhbərliyi çox çətin
şəraitdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı mühüm
işlər - sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza
olan iqtisadi qanunlar qəbul etdi, dövlətin iqtisadi siyasətini həyata keçirən
strukturlar, o cümlədən vergi və maliyyə orqanlarını, Dövlət Bankını
formalaşdırdı.
Cümhuriyyətin
dövlət quruculuğunda göstərdiyi bütün cəhdlərə baxmayaraq, hadisələrin sonrakı
gedişi nəzərdə tutulan tədbirlərin çoxunu həyata keçirməyə imkan vermədi. Onun
23 aylıq fəaliyyəti isə Azərbaycan xalqının taleyində çox mühüm hadisə idi. Qısa müddətdə öz
parlamenti, hökuməti, ordusu və pul vahidi olan Azərbaycan Cümhuriyyətinin
topladığı böyük tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət
quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında
dönmədən həyata keçirilir və inkişaf etdirilir.
Məruzəçi daha
sonra bildirib ki, 1988-ci ildən respublikamızda başlamış milli azadlıq
hərəkatı 1991-ci il oktyabrın 18-də o vaxtkı Ali Sovetdə Müstəqillik Aktının
qəbul edilməsi ilə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan
etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının
bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun
ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi
təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu və H.Əliyevin
dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.
1995-ci
ildə müstəqil dövlətimizin qəbul etdiyi Konstitusiya, respublikada qəbul
edilmiş hüquqi və siyasi aktların hamısı dövlətimizin müstəqilliyinin
möhkəmləndirilməsinə, insan haqlarının qorunmasına, demokratiyanın inkişafına
xidmət edir. Azərbaycanın müstəqilliyi dövründə keçdiyi tarixi yol hamımız üçün
əziz olmalı, görülən işlərin əhəmiyyəti, onların xalqımızın maraqlarına
tam cavab verməsi layiqincə qiymətləndirilməlidir. Respublikamız ikinci
dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti çox möhkəmlənib, dünya
miqyasında onun imici daha da artıb və bu gün ölkə iqtisadiyyatı keyfiyyətcə
yeni mərhələyə qədəm qoyub.
Məruzəçi daha sonra
bildirib ki, Azərbaycanın aparıcı dövlətlər tərəfindən dəstəklənən siyasi,
diplomatik uğurları və «hücum diplomatiyası» sayəsində Ermənistanın
işğalçı siması ifşa edilib, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunubdur. Bu
gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün
bir yumruq kimi birləşməyə hazır olduğunu göstərir. Bu,insanların Vətəninə, torpağına olan böyük
sevgisinin gücüdür.