AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edildi
09 Jan 2019
1990-cı ilin 20 yanvar günündə törədilmiş qanlı hadisələrin üstündən 29 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur.
Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə
Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan
tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların
tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi.
Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il
yad edilir.
Hər il olduğu kimi, bu il də AHİK-də və sahə həmkarlar
ittifaqlarında müstəqillik uğrunda səhid olan vətən övladlarının anım günü ərəfəsində
bir sıra tədbirlər keçirilir. AHİK-in tədbirlər planına uyğun olaraq 2019-cu il
yanvarın 9-da ənənəvi olaraq Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.
Görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev onların problemləri ilə maraqlanıb, şəhid ailələrinin hər zaman həmkatlar
ittifaqı təşkilatlarının diqqətində olduğunu, problemlərinin həllinə daim həssaslıqla
yanaşıldığını, şəhid olmuş soydaşlarımızın xalqımızın qəlbində əbədi
yaşayacağını, xatirələrinin həmişə əziz tutulduğunu diqqətə çatdırıb.
S.Möhbalıyev bir daha iştirakçıları əmin edib ki, həmkarlar irrifaqları olaraq
torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid övladlarımızın ailə
üzvlərinə bundan sonra da qayğı və diqqətimizi əsirgəməyəcəyik.
Görüşdən sonra 104 şəhid ailəsinin hər birinə 200 manat
maddi yardım təqdim edilib.