AZ | RU | EN
AZ | EN | RU

AHİK-də Azərbaycan Xalq Cumhuriyyəti yaranmasının 100 illiyi qeyd edilib

24 May 2018

2018-ci il mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilib

Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməmiş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atmışdır. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir.  Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.

S.Möhbalıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Cəmi iki ilə yaxın yaşamış AXC dövlət quruculuğu sahəsində tariximizdə silinməz izlər buraxmış, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün  etibarlı zəmin hazırlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya reJimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil  dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan  Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» 2017-ci il 16 may tarixli sərəncamı və 2018-ci ili Azərbaycanda «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsi oldu. Sözsüz ki, bu çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmış, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli oyanışının məntiqi  yekunu kimi dəyərləndirmiş, müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd etmişdir.

Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər arasında fəhlələrin də rolu vardı. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı. AXC yaranan gündən vətəndaşlara demokratik haqq və özgürlüklərin təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu.

Fərəhli haldır ki, AXC-nin müasiri olan Azərbaycan Həmkarlar İttifaqları Cümhuriyyətin 100 illiyini uğurlarla qarşılayır. Bizim üçün əlamətdar sayılan 2018-ci ildə AHİK-in 25 illik yubileyini və V qurultayını keçirmişik. Ölkəmizdə həmkarlar ittifaqı hərəkatı daim diqqət mərkəzində olmuş, dövlətimiz bu təşkilatın möhkəmlənməsinə öz fəaliyyətində mühüm yer ayırmışdır. Həmkarlar ittifaqına doğma münasibətilə ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı, ölkə Prezidenti İlham Əliyev qurultayımıza təbrik məktubunda qeyd etmişdir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqı olmadan təsəvvür etmək qeyri-mümkündür. İ.Əliyev cənabları bir daha həmkarlar ittifaqının qüvvəsinə inandığını, ona dərin etimad göstərdiyini vurğulamışdır.

Azərbaycanda hakimiyyət və həmkarlar ittifaqı təşkilatları əsl tərəfdaşa çevrilmişlər. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da təməlində Azərbaycan vətəndaşı və onun rifahı, hüquqlarının təmin edilməsi dayanır.
AHİK sədri daha sonra deyib ki, bu gün Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 100 il əvvəl, 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə çətin tarixi vəzifə götürdü. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Həsəy bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

28 may 1918-ci il tarixində qəbul edilən ilk normativ hüququ akt 25 nəfərin daxil  olduğu Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən «Azərbaycanın İstiqlalı haqqında» Bəyannamə idi. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında və Şərqdə - ilk dəfə Azərbaycanda demokratik respublika yaradılmasından xəbər verdi. Artıq mayın 30-da Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə tapşırdı. Dekabrın 7-də Parlamentin ilk iclası oldu. Ə.Topçubaşov Parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, M.Hacinski baş katib seçildilər.

Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Demokratik, hüquqi dövlət yaradan AXC hakimiyyəti qanunların aliliyini təmin etməyi ən ümdə vəzifələrdən biri hesab edirdi. Qısa vaxtda ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli dəyərlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdırmağa imkan tapmasa da, onun həyata keçirdiyi işlər xalqımızın tarixində silinməz iz buraxmış, ən parlaq nailiyyətlərdən biri kimi yaddaşlarda qalmışdır.
Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmışdı. AXC Milli Şurası, Parlamenti və Höküməti çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil dövlətin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. Lakin Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyətə başlamışdı. O zaman Bakıda S.Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Soveti Azərbaycana qarşı düşmənçilik fəaliyyəti göstərirdi. Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən qırğınlardan sonra Bakı Kommunasının azərbaycanlı əhalinin arasında nüfuzu tamamilə itmişdi. Azərbaycanın qəzalarında isə hərc-mərclik hökm sürürdü. Dağlıq Qarabağ ermənilərinin 1918-ci ilin iyulunda Şuşada keçirilən I qurultayı Yuxarı (Dağlıq) Qarabağı müstəqil elan etdi. Ermənistan hökuməti isə Qarabağda işğalçılıq planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələrini yeritdi. Qarabağ torpağını ələ keçirməyə can atan daşnaklar nə kütləvi qırğınlardan, nə də onlarca yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinmirdi. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağın müdafiəsini gücləndirmək üçün oraya hərbi qüvvələr göndərməli oldu.

Yeni yaradılan Qarabağ general-qubernatorluğu Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm rol oynamışdır. Qarabağı Azərbaycandan ayırmaq istəyən və daim azərbaycanlılarla ermənilər arasında nifaq toxumu səpən erməni Milli Şurasının rəhbərləri Azərbaycan hakimiyyətini tanımadıqlarını bəyan etdiklərinə görə Qarabağdan sürgün edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin qətiyyətli tədbirləri nəticəsində Azərbaycan ərazisini qəsb etmək istəyən Ermənistanın Yuxarı Qarabağla əlaqədar ərazi iddiaları puça çıxmışdı.

Tarixi həqiqət olaraq qeyd etmək lazımdır ki, Azərbaycan üçün çətin və təhlükəli  olan 1918-ci ildə yalnız Türkiyə dövləti respublikamızın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabr ayının 15-də Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakı azad olundu. Sentyabrın 17-də isə Fətəli xan Xoyski hökuməti Gəncədən Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu. Bu yardım erməni millətçilərinin və onların havadarları olan bolşeviklərin Azərbaycanın tarixi taleyi üçün təhlükəli cəhdlərinin həyata keçirilməsinə mane olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. Parlamentin fəaliyyəti dövründə 145 iclası keçirilmiş, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış və onlardan 230-a yaxını qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qanunvericilik fəaliyyəti baxımından xüsusi əhəmiyyət kəsb edən qanunlardan biri də parlamentin 11 avqust 1919-cu il tarixində qəbul etdiyi «Azərbaycan vətəndaşlığı haqqında» Qanun idi. Qanunun 1-ci maddəsinə görə milli və dini fərqlərə baxmayaraq, özləri və ya valideynləri AR-nın ərazisində doğulmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşı hesab edilirdilər. Sovetlərin tarix, hüquq və siyasi ədəbiyyatlarında isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin demokratik mahiyyəti bilərəkdən təhrif olunmuş, quldur, xan-bəy hökuməti kimi təqdim edilmişdir. Bu fikirlərin heç biri həqiqətə uyğun deyildi. Təəssüf ki, uzun illər tarix kitablarında cümhuriyyətin adı çəkilmirdi. Yalnız müstəqilliyimiz bərpa olunduqdan sonra tariximizin qapalı səhifələri açılmağa başladı.

 S.Möhbalıyev öz çıxışında vurğuladı ki, ilk milli hökumətin fəaliyyəti dövründə xalqımızın milli mənlik şüuru özünə qaytarıldı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya numayiş etdirdi. 1920-ci ilin  yanvar ayının 11-də Paris Sülh Konfransında müttəfiq dövlətlər birliyi tərəfindən Azərbaycanın müstəqilliyi tanındı. Fransada, İranda, Dağıstanda, Gürcüstanda və başqa ölkələrdə respublikanın siyasi nümayəndəlikləri artıq fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər xarici siyasətinə baxmayaraq, onu münaqişələrə çəkmək istəyənlər də vardı. Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər cəsarətli bir addım idi. Lakin xalqımız özünün müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, böyük dəyərlərə malik olduğunu təsdiqləmiş, öz üzərinə götürdüyü çətin tarixi vəzifəni, imkanları son həddə çatanadək, şərəflə yerinə yetirmiş, kiçik zamanda böyük işlər həyata keçirmişdi.

Parlamentdə əhalinin konkret təbəqələrinin maddi-sosial müdafiəsini gücləndirmək məqsədilə bir sıra qanunlar qəbul etmişdir. 1919-cu ildə «Dəmir yolu qulluqçularının vəziyyətini yaxşılaşdırmaq haqqında», «Əmək nazirliyi yanında fəhlə məsələləri üzrə Xüsusi Müşavirənin təsis edilməsi haqqında» və d. qanunlar qəbul etmişdir. Həmin Xüsusi Müşavirənin tərkibinə daxil edilənlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin müstəqilliyi naminə çalışan müsəlman fəhlələrin təmsilçisi Cavad bəy Məlikyeqanov idi. 1903-cü ildən Bakının neft mədənlərində işləyən, inqilabi hərəkatda fəal iştirak edən, çar hakimiyyətinə qarşı mübarizə aparan C.Məlikyeqanov AXC dövründə Türk Fəhlə Konfransının təşkilatçılarından biri olmuş, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır. Həmişə çıxışlarında sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı vəziyyəti sərt tənqid etmiş, fəhlələrin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasındakı xidmətlərini yüksək qiymətləndirmişdir.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti öncülləri Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə və başqaları mətbuatdakı çıxışlarında XX əsrin əvvəllərində ictimai-siyasi hüquqsuzluqdan soz açır, millətin oyanmasına, işçilərin hüquqlarının qorunması üçün güclü təşkilatın qurulmasına, xeyriyyəçilik cəmiyətlərinin yaradılmasına çalışırdılar. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymışlar.

S.Möhbalıyev biıdirib ki, Xalq Cümhuriyyətinin qurucuları – Azərbaycan xalqının ən öndə gedən ziyalıları və maarifçiləri xalqın ümumi tərəqqisinin təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm işlər görmüşlər. İstiqlal hərəkatının fədailəri milli mənlik şüurunun, milli ruhun və ideologiyanın gücləndirilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynamışlar. Azərbaycanın istiqlal ideyası əksər ziyalıları bir amal altında birləşdirmişdi. Bu ideya Azərbaycanda siyasi, sosioloci və fəlsəfi istiqamətə yönəlmişdi. Vətənə, millətə xidmət missiyasında onları vahid bir amal – milli mənafeyin hər şeydən üstün tutulması birləşdirirdi. Zəngin və keşməkeşli mübarizələrlə dolu, nəsillərə nümunə olan ömür yaşamış bu insanlar Azərbaycanın milli istiqlal hərəkatının iştirakçıları olmuş, xalqa sədaqətləri ilə fərqlənmiş, dövlətçilik tariximizdə şərəfli yer tutan şəxsiyyətlərdən olmuşlar.

Xüsusilə belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək görkəmli mütərəqqi xadimlərin, ziyalılar təbəqəsinin yetişməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdır. Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsi ən böyük ehtiramla daima xalqımız tərəfindən yad edilir.

XX əsrin əvvəllərində dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atmış xalqımız XX əsrin sonlarında yenidən milli azadlığa, dövlət müstəqilliyinə tam nail olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olduğunu sübut etmişdir.
Şərqdə ilk demokratik Cümhuriyyəti qurmaqla azərbaycanlılar böyük, istedadlı və azad xalq olduqlarını, dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bir daha bütün dünyaya göstərmişlər.
Daha sonar tədbir iştirakçıları tarix elmləri doktoru Vəkil Həsənovun AXC-nin yaranma tarixi haqqında çıxışını dinləyiblər.

FAYDALI KEÇİDLƏR