AHİK-də “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
02 Dec 2019
Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
AHİK-in sədri Səttar Möhbalıyev çıxış edərək gənclərimizin
sağlam, savadlı böyümələrinin, onların peşəkarlıq səviyyəsinin artırılmasının,
layiqli vətəndaş kimi yetişmələrinin Azərbaycanda həyata keçirilən dövlət gənclər
siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. S.Möhbalıyev
müstəqil ölkəmizdə dövlətin gənclər siyasətinin əsasının ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə qəbul edilmiş inkişaf
strategiyalarının və dövlət proqramlarının gənclərin inkişafına yönəldildiyini
vurğulayıb.
AHİK-in də dövlətin gənclər siyasətinin uğurla həyata
keçirilməsinə töhfə verməyə çalışdığını vurğulayan S.Möhbalıyev deyib: “Bu gün
Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak
edirlər. Gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən,
onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Hazırda respublikadakı həmkarlar
ittifaqı üzvlərinin üçdəbiri 35 yaşınadək olan gənclərdir. Belə bir qüvvənin təşkilatın
işində yaxından iştirakı vacib məsələlərdən biridir. Həmkarlar ittifaqları
mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər
orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin
hüquq və mənafelərinin qorunmasına çalışırlar. Gənclərin məşğulluğu, onların
sağlam həyat tərzi keçirmələri, asudə vaxtlarının təşkili və sair məsələlər ön
plana çəkilir, müntəzəm olaraq elmi-praktiki konfranslar, seminarlar təşkil
edilir”.
Onun sözlərinə görə, AHİK üzv təşkilatlarla birlikdə daim
gənclərin fəallığını təmin etməyə, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin
qorunmasına çalışır, dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər
həyata keçirir. “İlin peşəkar gənci” müsabiqəsinin təşkili gənclərimizin asudə
vaxtının səmərəli təşkili, onlarda elmə, təhsilə marağın artırılması, sağlam həyat
tərzinin təbliğinə xidmət edir. Bildirib ki, son iki ildə 107 gənc AHİK-in qərarı
ilə “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Bu gün ötən ilin nəticələrinə
görə “İlin peşəkar gənci” fəxri adına 56 nəfər istedadlı gənc layiq görülüb ki,
onların 38 nəfəri kişi, 18 nəfəri isə qadındır.
Dövlətin gənclərə göstərdiyi münasibətin həmin dövlətin gələcəyinə
münasibət olduğunu vurğulayan AHİK-in sədri tələbələrin sosial problemlərinin həlli
istiqamətində müəyyən addımlar atıldığını diqqətə çatdıraraq bildirib ki, 120 tələbəyə
aylıq təqaüdlərin verilməsi təmin olunub.
Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi
olub. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.