AHİK-də litvalı qonaqlarla görüş keçirilib
17 Oct 2019
Oktyabrın 17-də Bakıda işgüzar səfərdə olan Litva Respublikasının Druskininkay şəhərinin nümayəndə heyəti ilə AHİK-də görüş keçirilib.
Qonaqları salamlayan AHİK sədrinin birinci müavini İlyas Əliyev
Litvanın tanınmış kurort şəhərinin nümayəndələri ilə Konfederasiyada görüşmək
fürsətindən məmnunluğunu bildirib.
O, bir neçə il bundan öncə Druskininkay şəhərində səfərdə olduğunu, sanatoriya-kurort
obyektlərinin şəraiti, infrastrukturu ilə tanış olduğunu, uzunluğuna görə Avropada ikinci hesab edilən
Xizək yolunun həmin vaxtlar tikintisinin şahidi olduğunu, meriyanın məsul işçiləri
ilə görüşlər, təcrübə mübadiləsi keçirdiyini diqqətə çatdırıb. İ. Əliyev ölkələrimiz
və xalqlarımız arasında, eləcə də həmkarlar ittifaqlarımız arasındakı ənənəvi münasibətlərə,
əlaqələrə toxunaraq bugün də bu münasibətlərin
inkişaf mərhələsində olduğunu xüsusi olaraq qeyd edib. O, qonaqlara bildirib
ki, ölkənizin həmkarlar ittifaqlarında çalışan dostlarımız var ki, onlarla bizi
uzun illərin dostluq və əməkdaşlıq telləri bağlayır. Yaxın tərəfdaşlarımızdan
biri, həmyerliniz, Beynəlxalq Əmək Təşkilatının Cenevrə nümayəndəliyində təmsil
olunan Sergius Qlovaskas bizim bir çox illərdir ki, əməkdaşlıq və dostluq
etdiyimiz insanlardandır.
İ. Əliyev vurğulayıb ki, çox fərəhli haldır ki, Bakıda səfərdə olan
Druskininkay şəhərinin rəhbərliyi şəhərin infrastrukturuna, sanatoriya-kurort
müəssisələrinin daha da inkişaf etdirilməsinə bu dərəcədə önəm verir, yeni
biznes layihələrinin həyata keçirilməsi, bu istiqamərdə yeni tərəfdaşlarla əlaqələr
yaradılması, şəhərdə müalicə turizminin daha da genişləndirilməsi istiqamətində
inamla və səylə çalışır. Elə respublikamıza gəlişinizin məqsədi də yeni tərəfdaşlarla
əlaqələr yaratmaq, hər iki ölkədə sanatoriya-kurort mərkəzlərinin inkişafına
birgə töhfələr verməkdir. Biz sizin bu təşəbbüsünüzü alqışlayır və fəaliyyətinizdə
uğurlar arzulayırıq.
Druskininkay şəhərinin meri Riçardas Malinauskas cavab sözündə
bildirib ki, o, bundan əvvəl də 4 dəfə ölkəmizə səfər edib və hər dəfə də yüksək
qonaqpərvərliyin, səmimi münasibətlərin şahidi olub. Qeyd edib ki, biz kurort şəhəri
olaraq yeni tərəfdaşlar tapmaqda maraqlıyıq. Ölkənizdə icra orqanları, həmkarlar
ittifaqları və ayrı-ayrı dövlət qurumları ilə münasibətlər yaratmaq istəyindəyik.
Bir neçə gündür ki, şəhərinizdəyik və bu müddətdə bir sıra görüşlər keçirmişik.
Planlarımız genişdir və sizləri şəhərimizə dəvət etmək, şəraitimizlə tanış
etmık istəyirik. Yeri gəlmişkən, bildirim ki, şəhərimiz bu yaxınlarda özünün
225 illiyini qeyd etməyə hazırlaşır və qonaqlar arasında sizləri də görməyimizdən
mmnun olardıq.
Rəhbərlik etdiyi şəhər haqqında məlumat verən mer bildirib ki, cəmi
18 min əhalisi olmasına baxmayaraq ildə rəsmi olaraq 400 min qonaq qəbul etmək
imkanımız vardır. Əgər yerli əhali buraya daha çox iki-üç günlüyə istirahətə gəlirsə,
xarici qonaqlar həftələrlə, bəzən də aylarla gəlib istirahət edirlər. Xüsüsən də
İsrail vətəndaşları şəhərimizi çox sevirlər və uzunmüddətli istirahətə gəlirlər.
Kurort şəhərimizdə mineral sular, palçıq müalicəsi ilə yanaşı, böyük
infrastruktur yaradılıb. Mərkəzi su mənbəyi tikilib. Avropada məşhur olan
Akvapark, Xizək idmanı qurğuları yaradılıb. Biz qonaqlara mövsümi deyil, ilboyu
xidmət göstərilməsinə nail olmuşuq. Göstərilən xidmətlər yüksək səviyyədədir və
biz qiymətlərdə də rəqabət apara bilirik. İstər həmkarlar ittifaqı xəttilə, istərsə
də turizm şirkətlərinin vasitəsilə qonaqlar qəbul etməyə hazırıq.
AHİK sədrinin müavini, “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil
Ağasiyev qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının sanatoriya-kurort müəssisələri
haqqında məlumat verərək bildirib ki, əsası 1924-cü ildə qoyulan bu müalicə ocaqları böyük inkişaf yolu keçib.
Abşeron yarımadasında, Naftalanda müxtəlif profilli sanatoriyalarımız
fəaliyyət göstərir. Təəssüflər olsun ki, həmin istirahət ocaqlarının bir qismi
indi Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Ölkə rəhbərliyinin
sanatoriya-kurort müəssisələrinin inkişafı ilə bağlı son illərdə qəbul etdiyi qərarlar
ölkəmizdə müalicə-istirahət ocaqlarının daha böyük inkişafına təkan verir və
biz bu istiqamətdə işlərimizi davam etdiririk.
Qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumat
verən AHİK sədrinin müavini Aqil Dadaşov bildirib ki, bu gün AHİK beynəlxalq həmkarlar
ittifaqı mərkəzləri ilə sıx əlaqələr şəraitində fəaliyyət göstərən, böyük
nüfuza malik təşkilatdır. Bir faktı qeyd etmək kifayətdir ki, AHİK-in sədri Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının
vitse-prezidentidir. Bizim litvalı həmkarlarımızla müxtəlif beynəlxalq tədbirlərdə
keçirdiyimiz görüşlər, fikir mübadilələrimiz, ünsiyyətimiz üzun illərdir ki,
yüksək səviyyədə davam edir. Qarşılıqlı əməkdaşlıgımız və işgüzar əlaqələrimiz
daim genişlənir və möhkəmlənir.
Görüşdə iştirak edən Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Egidijus Navikas AHİK-də keçirilən bu görüşün hər iki tərəf üçün əhəmiyyətindən
danışıb. Bakıda fəaliyyətini sentyabr ayında başladığını diqqətə
çatdıran səfir bildirib ki, qarşıdakı dövrdə Azərbaycan və Litva arasında birgə layihələrin
həyata keçirilməsinə böyük önəm verir. Müxtəlif nazirliklər və dövlət idarələri
ilə yerinə yetirilməsi nəzərdə tutulan “Əkiz layihələr”in indiyə qədər doqquzu
mövcuddur və sayı daha da artırılıcaqdır. Biz daha çox iqtisadiyyat və ticarət
sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturuq. Dostluq münasibətlərinə
gəldikcə, bu da bizim üçün çox əhəmiyyətlidir. Mən çox şadam ki, bizim nümayəndə
heyətimiz Bakıdadır və burada müxtəlif görüşlər keçirir. Bu gün Bakının Səbail
rayonu ilə əməkdaşlıq haqqında Protokol imzalanacaq. Bu sənədə əsasən qarşılıqlı
tədbirlər və layihələr həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra səfir iştirakçılara uğurlar arzulayıb.