AZ | RU | EN
AZ | EN | RU

AHİK-də Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin nümayəndələri ilə görüş olub

08 May 2018

Mayın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Bakıda “Təhsildə gender bərabərliyinin gücləndirilməsi” mövzusunda keçirilmiş plenar iclasın təşkilatçısı olan Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin direktoru Susan Floken və qurumun bürosunun üzvü Mike Jennings ilə görüşüb.

Səttar Möhbalıyev əvvəlcə qonaqlara iclası yüksək səviyyədə keçirdiklərinə görə təşəkkürünü bildirib. Əminliyini qeyd edib ki, Azərbaycanda belə tədbirlərin davamı olacaq. Ola bilsin ki, növbəti tədbir ekspertlər səviyyəsində keçirilsin. Biz həmişə sizə dəstək verməyə hazırıq.

S.Floken deyib: “Bu iclas da əvvəlkilər kimi uğurlu keçdi. Gözlədiyimiz nəticəyə nail olduq. Şəxsən sizin dəstəyiniz tədbirin sanbalını qat-qat artırdı. AHİK sədri kimi ölkə ictimaiyyəti arasında qazandığınız hörmətin nəticəsidir ki, iclasda həmkarlar ittifaqı liderləri, fəalları ilə yanaşı, hökumət nümayəndələri də iştirak ediblər. Biz iclasda sizinlə günümüzün çox mühüm, aktual problemlərini gündəmə gətirdik və birlikdə çıxış yolu axtardıq. Təhsildə hər iki cinsin nümayəndələri üçün eyni şəraitin yaradılması, müəllimlərin daimi iş yerləri ilə təminatı, şagirdlərin təhsili və s. məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Güman edirəm ki, bu tədbir gələcək müştərək layihələrimizin başlanğıcıdır”.

Avropa Həmkarlar İttifaqları Komitəsinin büro üzvü Mike Jennings isə Bakıda olduğu qısa müddətdə təəssüratlarını bölüşüb. O deyib ki, “səmimi”, “dostcasına qarşılama” ifadələri Avropa ölkələrində də işlədilir. Amma orada bu sözlər protokol xarakteri daşıyır. “Təşkilatınızın simasında həqiqi dostluq və səmimiyyət gördük. Bu hisslər xalqınızın xüsusiyyətindən irəli gəlir”, - deyə qonaq vurğulayıb.

Görüşdə qitə ölkələri həmkarlar ittifaqlarında gedən proseslərə də toxunulub. S.Floken bəzi MDB ölkələrində həmkarlar ittifaqı mərkəzlərinin beynəlxalq normalara əməl etmədiyini, demokratiya prinsiplərini pozduğunu söyləyib. Həmin təşkilatların fəaliyyətlərini demokratik əsaslar üzərində qurmasında, regionun ən nüfuzlu təşkilatı kimi AHİK-in köməyinə böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. “Siz böyük təcrübəyə maliksiniz, dünya, Avropa həmkarlar ittifaqı hərəkatının aparıcı simalarındansınız. Rəhbərlik etdiyiniz AHİK bütün beynəlxalq qurumlar tərəfindən demokratiyanın bayraqdarlarından biri kimi tanınır. Güman edirik ki, region həmkarlar ittifaqları mərkəzləri üçün məsələhətləriniz həlledici rol oynayar. Onları təşkilatınızın nümunəsi əsasında demokratiyanın faydasına inandıra bilərsiniz”, - deyə S.Floken Səttar Möhbalıyevə müraciət edib.

S.Möhbalıyev bölgə həmkarlar ittifaqlarında demokratiyanın həlledici amilə çevrilməsi işində öz qüvvəsini sərf etməyə hazır olduğunu bildirib. Deyib ki, istər Qazaxıstanda, istərsə də digər ölkələrdə həmkarlar ittifaqı liderləri ilə ikitərəfli danışıqlar aparacağam. Dünya həmkarlar ittifaqı hərəkatından təcrid olunmağın fəsadlarını diqqətə çatdıracağam. Amma beynəlxalq qurumlar, o cümlədən təşkilatınız milli həmkarlar ittifaqı mərkəzlərinə yanaşmada dəyişikliklər etməlidir. Üzvlüyə qəbul məsələsinə yenidən baxılmalıdır. Bildiyiniz kimi MDB ölkələri həmkarlar ittifaqı keçmiş SSRİ-nin şinelindən çıxıb. Onların birdən-birə Avropa demokratiyasına yiyələnməsi reallıq baxımından qeyri-mümkündür. Beynəlxalq təşkilatlar bu amili nəzərə almalıdırlar. Milli mərkəzləri sıralarına cəlb etməlidirlər ki, onlar beynəlxalq hüquq əsasında fəaliyyət göstərmək imkanı əldə etsinlər.

AHİK sədri qeyd edib ki, müstəqilliyimizin ilk illərində biz də təzyiqlərlə üzləşdik. Müstəqil fəaliyyət göstərməyimizə imkan vermirdilər. Biz isə diktə altında işləmək istəmirdik. Struktur dəyişikliyi apardıq, konfederasiya formasında yenidən birləşdik. Köhnə, sovet təfəkkürlü kadrlar müasir təfəkkürlü gənclərlə əvəzləndi. Beynəlxalq qurumlara üzv olduq. Gənc kadrları beynəlxalq təşkilatların tədbirlərinə göndərdik. Həmin tədbirlərdən mənimsənilən təcrübə təşkilatımızın işində tətbiq olundu. Beləliklə, dünya həmkarlar ittifaqı hərəkatının tərkib hissəsinə çevrildik.

Tədbirdə digər məsələlər barədə də müzakirələr aparılıb.

 

FAYDALI KEÇİDLƏR