AHİK-də Ulu öndər Heydər Əliyevin xatirəsi anıldı
11 Dec 2019
Dekabrın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə AHİK-in sədri, millət vəkili Səttar
Möhbalıyev çıxış edərək bildirib ki, biz bu gün ümummilli lider H.Əliyevin anım
mərasiminə toplaşmışıq. Öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri
görən, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən etmiş və cəmiyyəti bu
yolun düzgünlüyünə inandıra bilən H.Əliyevin xidmətləri yalnız öz xalqının
xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən
başlıcası odur ki, ümummilli lider müdrik rəhbər kimi hər bir azərbaycanlını
müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa
istiqamətləndirə bilmişdir.
Sovet dönəmində (1969-1983-cü illər) respublikaya rəhbərlik
etdiyi illərdə o, keçmiş Sovetlər İttifaqının aqrar respublikalarından biri
kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirmiş, onun təkcə Bakı nefti ilə
deyil, o dövrün ən müasir texnologiyaları əsasında buraxılan məhsulları ilə də
tanınmasına nail olmuşdu. Heydər Əliyev Azərbaycanı ittifaq büdcəsinin
dotasiyasından asılı olmayan, özünü tam təchiz edə bilən bir respublika kimi
tanıda bilmişdi.
Uzun illər ərzində nəinki xarici ölkələrdə, Sovet
İttifaqının özündə belə yalnız neftə görə adı çəkilən Azərbaycan ulu öndərin rəhbərliyi
dövründə həm də böyük mədəniyyət ölkəsinə çevrilmişdir.
S. Möhbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar
İttifaqlarının möhkəmləndiril-məsində, onun sıralarının genişləndirilməsində, vətəndaş
cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin tutduğu mövqe bizə yaxşı məlumdur.
Hələ Sovet İttifaqı dövründə ulu öndər həmkarlar ittifaqına özünün diqqət və
qayğısı ilə seçilmişdir. Həmin dövrdə Azərbaycan Həmkarlar İttifaqlarının
keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir.
Hələ 1982-ci il fevralın 6-da keçirilən respublika
həmkarlar ittifaqlarının XVI qurultayındakı nitqində Heydər Əliyev demişdir: «Azərbaycan Həmkarlar İttifaqlarının iş təcrübəsi
inandırıcı şəkildə sübut edir ki, onlar öz qarşılarında duran böyük və mürəkkəb
vəzifələri müvəffəqiyyətlə yerinə yetirirlər».
İşçilərin
sağlamlığının qorunması, onların mənalı istirahətlərinin təşkili ümummilli
liderin daimi diqqətində olmuşdur. Məhz onun respublikaya rəhbərliyi müddətində
«Günəşli», «Pirşağı», «Şıx» «Lənkəran» sanatoriyaları, «Qala-Altı» pansionatı
tikilib istifadəyə verilmişdir. Respublikada kurort zonasının yaradılması məqsədi
ilə hörmətli prezident H.Əliyevin təklif və təkidi ilə SSRİ Nazirlər Soveti
1983-cü ildə «Azərbaycanın Xəzər dənizi sahilində Ümumittifaq əhəmiyyətli
kurort zonasının yaradılması» haqqında xüsusi qərar qəbul etmişdir. Bu illərdə
kolxozlararası sağlamlıq ocaqlarının genişləndirilməsinə nail olunmuş,
respublikanın bir sıra ərazilərində, o cümlədən Ağdam, Bərdə, Şahbuz, Qax və
digər rayonlarda sanatoriya sağlamlıq ocaqları tikilib istifadəyə verilmişdir.
Məktəblilərin və
yeniyetmələrin yay mövsümündə istirahətlərinin
təşkilinə diqqət artırılmış, keçən əsrin 80-ci illərin əvvəllərində uşaq,
sağlamlıq düşərgələrinin və orada
istirahət edənlərin sayı isə xeyli artmışdır.
Xankəndi, Mingəçevir,
Naxçıvan, Şuşa şəhərlərində, Zaqatala, Qəbələ rayonlarında, Yalama «Dostluq» və
digər ərazilərdə səyahətlər və
ekskursiyalar bürosu yaradılmış, «Qarabağ» və «Abşeron» turist mehmanxanaları
tikilib istifadəyə verilmişdir.
1993-cü ildə
Azərbaycan xalqının təkidi və tələbi ilə yenidən respublika rəhbərliyinə
qayıtmış Heydər Əliyev ilk növbədə ölkədə hökm sürən dərəbəyliyi və
özbaşınalığı, xaosu aradan qaldırmağı qarşısına məqsəd qoymuş və çox çətinliklə
də olsa, qısa müddətdə buna nail olmuşdu.
AHİK sədri deyib ki, Heydər Əliyevin 1993-2003-cü
illərdəki fəaliyyətinə bu gün yenidən nəzər saldıqda onun tükənməz enerjisinə və
bu illər ərzində təkcə xarici ölkələrə etdiyi səfərlərin sayına heyrət etməmək
olmur. Ölkədə daxili vəziyyəti sabitləşdirməyə nail olan ulu öndər 10 il ərzində
108-dən çox xarici səfər etmişdir.
Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dəfələrlə
qeyd edən ümummilli lider bu müstəqilliyə xələl gətirə biləcək ən cüzi güzəşti
belə qəbul etmirdi. Ümummilli liderin respublikaya rəhbərlik etdiyi illəri müstəqil
Azərbaycanın beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması illəri kimi səciyyələndirmək
olar. Bu illərdə Azərbaycan Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in, MDB-nin, GUAM-ın,
İƏT-in, YUNESCO-nun, ISESCO-nun və digər çoxsaylı təşkilatların tamhüquqlu üzvü
və bəzi regional təşkilatların, o cümlədən GUAM-ın, TÜRKSOY-un yaranmasının təşəbbüskarı
olmuşdur.
Heydər Əliyev beynəlxalq təşkilatların Azərbaycana
yanlış münasibətinə, o cümlədən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğalına laqeyd yanaşmasına son dərəcə kəskin reaksiya verir, bunu beynəlxalq
hüquq normalarının ən kobud şəkildə pozulması kimi qiymətləndirirdi. Ulu öndər
ikili standartlar siyasətinin ən qəti əleyhdarlarından biri idi və Azərbaycan
torpaqlarının işğalına münasibətdə buna daha çox yol verilməsini həmişə kəskin
tənqid edir və bu barədə ürək ağrısı ilə danışardı.
İlk vaxtlarda beynəlxalq təşkilatların imkanlarına,
onların obyektivliyinə böyük ümidlər bəsləyən, o cümlədən Qarabağ məsələsinin həllində
bu təşkilatlardan ədalətli mövqe gözləyən Heydər Əliyev sonralar burada yol
verilən ikili standartların ilk və kəskin tənqidçilərindən biri olmuşdur. O,
böyük dövlətlərin hamıya eyni mövqedən yanaşmadığını BMT-nin tribunasından deməyə
özündə cəsarət tapmış, Azərbaycana dəfələrlə səfər etmiş ATƏT nümayəndələrinin
düzgün mövqe tutmadığını onların üzünə şax deməyi bacarmışdı.
S. Möhbalıyev bildirib ki, Ümummilli lider Heydər
Əliyevin əsas xidmətlərindən biri də o olmuşdur ki, Azərbaycan onun sayəsində
bir çox böyük, qlobal iqtisadi layihələrə imza atmış, dünya iqtisadiyyatına inteqrasiya
etmişdir. Azərbaycan iqtisadiyyatı ulu öndərin təşəbbüs və təklifləri ilə bir
çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin («Əsrin müqaviləsi») müəllifinə
və fəal iştirakçısına çevrilmişdir.
TRASEKA adlı proqramın həyata keçirilməsi Azərbaycanın sonrakı illərdə
böyük tranzit ölkəyə çevrilməsində mühüm rol oynamışdır. Bu proqram Böyük İpək
yolunun bərpası üçün mühüm vasitə olmuşdur.
Heydər Əliyev dünya siyasətçiləri arasında xüsusi
nüfuz qazanmışdır. Dünyanın böyük dövlət xadimləri, siyasətçiləri onun dedikləri
ilə hesablaşmış, bu böyük dövlət xadimi haqqında öz rəylərini bildirərkən onun
dünyagörüşünə, şəxsiyyətinə, prinsipial mövqeyinə və iradəsinə öz
heyranlıqlarını bildirməkdən çəkinməmişlər. Ulu öndər tərəfindən Cinayət Məcəlləsindən
ölüm hökmünün icrası ilə bağlı maddənin aradan qaldırılması dünya dövlətləri tərəfindən
çox yüksək qiymətləndirmişdir.
Azərbaycan
ikinci dəfə müstəqillik qazandıqdan sonra AHİK-in mütəxəssisləri tərəfindən həmkarlar
ittifaqlarının yerini və statusunu dəqiq müəyyənləşdirən qanun layihəsini
hazırlanmış və təsdiq üçün Milli Məclisə təqdim edilmişdir. Bütün cəhdlərimizə
baxmayaraq bu layihə Milli Məclisin müzakirəsinə belə çıxarılmadı. Ulu öndərin
xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar
ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq
həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan «Həmkarlar İttifaqları haqqında»
Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli Qanunu qəbul edildi.
Ulu öndərin
yaxından köməkliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının bütün təşkilatlarının,
müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, onun birbaşa köməkliyi
ilə həmkarlar ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət,
sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə
verilmişdir.
Azərbaycan həmkarlar
ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan ümummilli
lider H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlamışdır.
AHİK sədri vurğulayıb ki, Ulu öndərin
hakimiyyətə qayıdışı müsavat xalq cəbhəsi cütlüyünun hakimiyyəti dövründə həmkarlar
ittifaqlarının mülkiyyəti ilə əlaqədar qəbul etdikləri ədalətsiz qərarların aradan qaldırılması ilə nəticələnmişdir. Həmkarlar
ittifaqlarının mülkiyyətinə göz dikərək, hətta onun yerləşdiyi inzibati
binasını belə almağa səy göstərdilər. Doğrudur, həmkarlar ittifaqlarının qətiyyətli
addımları onların bu istəklərini həyata keçirməyə imkan verməsə də, bu qüvvələrin
həmkarlar ittifaqlarının işinə yerli-yersiz müdaxilələrə son qoymaq fikirləri
yox idi. Məhz ümummilli liderimiz H.Əliyevin həmin vaxt bu məsələyə müdaxiləsi
nəticəsində Azərbaycan Həmkarlar İttifaqları yenidən ölkənin ictimai, siyasi,
iqtisadi və mədəni həyatında layiqli yeri olan təşkilata çevrildi. Həmin dövrdə
qeyri-qanuni verilmiş sərəncam və göstərişlər, o cümlədən sağlamlıq və müalicə
ocaqlarının Səhiyyə Nazirliyinin balansına verilməsi ilə bağlı qərarlar ləğv
edildi və həmkarlar ittifaqlarının mülkiyyəti olan kurort-turizm obyektlərinin
genişləndirilməsi, idman obyektlərinin, inzibati binalarının yenidən
qurulmasına start verildi. Bütün bunlar isə ulu öndərin işçilərin
sosial-iqtisadi hüquqlarının müdafiəçisi olan həmkarlar ittifaqlarına münasibətinin
bariz nümunəsi idi.
Ulu öndərin
AHİK-in qurultaylarında iştirak edən beynəlxalq və xarici ölkə həmkarlar
ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o
cümlədən AHİK-ə yüksək qiymət verməsi, onların fəaliyyətinin genişləndirilməsi
üçün mühüm addımlar atılacağını bildirməsi və bu görüşlərdən birində özünün də
həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini
iftixarla söyləməsi ulu öndərin həmkarlar ittifaqına olan ən böyük inamı idi.
S. Möhbalıyev daha sonra bildirib ki, həmkarlar
ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq
davamçısı ölkə Prezidenti İlham Əliyev cənablarından
da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin
hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması bunun
bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan
olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin
həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul
olunmuşdur. «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar Məcəllələrinə
edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və
statusunun daha da artmasına, onun
maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.
Bu gün ölkə
prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı,
sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr Azərbaycanın hərtərəfli
yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan
müsbət dəyişiklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan
uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını
qat-qat artırır.
Möhtərəm
prezidentimiz təşkilatımızın yaradılmasının yubileyləri, AHİK-in qurultayları ərəfəsində,
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40
illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında, kurort, turizm sistemi və səhiyyənin
inkişafındakı xidmətlərinə görə həmkarlar ittifaqlarının 450 işçisini fəxri
adlarla, orden və medallarla mükafatlandırmışdır.
Bu gün hörmətli
prezidentimiz İ.Əliyevin rəhbərliyi ilə həmkarlar ittifaqlarının da tamamilə dəstəklədiyi
və maraq dairəsində olan sosial islahatları uğurla davam etdirilir. Cari ildə 4
milyon 200 mindən artıq insan çox geniş sosial
paketlə əhatə olunubdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli
dərəcədə artmışdır. Minimum əməkhaqqı, müavinətlər təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox
artmışdır. Bu il orta aylıq əməkhaqqı 35 faiz artmışdır. Nəticədə respublika
üzrə orta əməkhaqqı 723 manat (425 ABŞ dolları) təşkil edir. Kölgə
iqtisadiyyatına qarşı ciddi mübarizə aparılır, indiyədək 100 mindən çox iş yeri
leqallaşdırılıb və onlar rəsmiləşdirilib. Əlbəttə, bütün bunlar respublika rəhbərliyinin sosial siyasətinin
bariz nümunəsidir.
Ölkədə aparılan
islahatları, eyni zamanda Azərbaycanın beynəlxalq imicini yüksəldir və vətəndaşlar
tərəfindən yüksək qiymətləndirilir. Məhz bütün bunlara görədir ki, Prezident
xalqına, xalq isə öz liderinə güvənir. 2019-cu ilin ötən dövrünə,
ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görərir
ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla
onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab
İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın
Prezidentinə olan etimadını daha da artırıb.
S. Möhbalıyev deyib ki, Prezident İlham
Əliyevin inkişaf konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da
dolğunlaşmış, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açmışdır. Bu siyasətin
həyata keçirilməsinə Mehriban xanım Əliyeva dəyərli töhfələr verir. Mehriban
xanımın təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının
qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici
amilinə çevrilibdir. Mehriban xanım Əliyevanın Azərbaycanın müstəqil dövlətçiliyi,
millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf
etdirilməsi, ölkəmizin dünyada yüksək və qədim mədəniyyətyə, müasir demokratik və ədalətli idarəetmə
metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.
Bütün bunlar
Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək
keyfiyyətlərə malik olduğunun parlaq təzahürüdür.
Həyatının mənasını
yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən
şərəf duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü
mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah
əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi
altında bundan sonra daha da inkişaf edəcək, strateji
hədəflərə uğurla çatacaqdır.