AHİK-in dəstəyi ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti maarifləndirici seminar keçirib
06 Sep 2019
Sentyabrın 6-da Mingəçevir şəhərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici seminar keçirilib.
Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi
sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə
hazırlıq barədə məlumatlandırmaq olub.
Seminarda çıxış edən AHİK sədrinin müavini Cavanşir
Alxasov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu
islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin
inkişafına töhfə verəcəyini vurğulayıb. O, bildirib ki, icbari tibbi sığortanın
məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə
yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir. C.Alxasov deyib ki, icbari tibbi
sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atılmaqdadır və artıq
2020-ci ilin yanvarın 1-dən sistem bütün ölkə ərazisini əhatə edəcək.
AHİK-in katibi-aparat rəhbəri Həsən Cəfərov respublika ərazisində
icbari tibbi sığorta sisteminin tətbiqi prosesində həmkarlar ittifaqı təşkilatlarının
üzvlərinin fəal iştirak etməsinin vacibliyini nəzərə çatdırıb. Sonra
iştirakçılara icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı dünya ölkələrinin
təcrübələri, xidmətlər zərfi çərçivəsində göstəriləcək ambulator, stasionar
müayinə və müalicələr barədə məlumat verilib.
Seminarda pilot ərazilər üzrə (Mingəçevir şəhəri, Yevlax
və Ağdaş rayonları) tibbi statistik göstəricilər diqqətə çatdırılıb. Sonda
iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, bundan əvvəl
Quba, Qusar, Balakən, Qax, Zaqatala rayonlarında və Şəki şəhərində bu mövzuda
maarifləndirici tədbirlər təşkil olunub.