AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib
03 Mar 2018
Martın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin (AHİK) iclası keçirilib.
Əvvəlcə Bakı şəhərinin Xətai rayonunda Respublika
Narkoloji Mərkəzində baş verən yanğın zamanı həlak olan insanların xatirəsi bir
dəqiqəlik sükutla yad olunub. AHİK-in
sədri, millət vəkili Səttar Möhbalıyev iclasda giriş sözü söyləyib. İclasda İcraiyyə Komitəsinin və aparatın
2018-ci ilin I yarısı üçün iş planı təsdiq olunub, həmkarlar ittifaqı təşkilatlarının
ötən il üzrə statistik hesabatı dinlənilib. Hesabatda qeyd olunub ki, ötən il
ümumilikdə 147 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb. Onlardan 47-si
qeyri-dövlət sektoruna aiddir. Bu təşkilatlar öz sıralarında 1868 nəfər üzvü
birləşdirir. Həmkarlar ittifaqlarına daxil olmuş ərizə və şikayətlərin 95,3
faizi müsbət həll edilib.
İclasa “2017-ci ildə Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının
təhsilinin nəticələri haqqında” təqdimatda bildirildi ki, Akademiyanın
rektorluğu AHİK-in İcraiyyə Komitəsinin 14 mart 2017-ci il tarixli qərarını
rəhbər tutaraq, üzv təşkilatlar ilə birgə informasiya texnologiyalarının müasir
innovasiya metodlarına əsaslanaraq, həmkarlar ittifaqı lider və fəallarının
təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata
keçiriblər. Akademiyada 2017-ci ildə 747 nəfər təhsilə cəlb olunubdur. Onların
64 nəfərini gənclər, 180 nəfərini qadınlar təşkil etmişdir. Kurslarda ilk dəfə
seçilmiş həmkarlar ittifaqı sədrlərinin iştirakına xüsusi diqqət yetirilib. Bu məqsədlə həmkarlar ittifaqı təşkilatlarının
əsasları üzrə tədris proqramı hazırlanmış və bu proqrama 8 mövzu daxil
edilmişdir. Təlim prosesini canlandırmaq üçün kursların əvvəlində dinləyicilər
arasında sorğu keçirilmiş, onların rəyləri nəzərə alınıb.
Kursların keçirilməsində mühüm yeri həmkarlar ittifaqı
təşkilatlarının iş təcrübəsi ilə tanışlıq təşkil edir. Başa çatmış ildə baza
təşkilatlarında - “Azintelekom” və “Geofizika və Geodeziya” istehsalat
birliklərində, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun Həmkarlar İttifaqı
Komitəsində, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi və Nərimanov
rayon komitələrində, “European Tobacco Baku” ASC-nin həmkarlar ittifaqı
komitəsində 6 praktiki məşğələ keçirilmiş və dinləyicilər onların iş
təcrübələri ilə yerində tanış olub, praktiki məsləhətlər və tövsiyələr
alıblar. Kursların keçirildiyi müddətdə həmkarlar ittifaqı liderləri Bakı Ali
Neft Məktəbinin həmkarlar ittifaqı təşkilatının iş təcrübəsi ilə də tanış
olmuşlar. Akademiya kurslarda üzv təşkilatların sədr və məsul işçilərinin
dinləyicilər qarşısında çıxışlarını təşkil edib.
Təqdimatda deyilib ki, AHİK-in V qurultayının sənədləri,
Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş
2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı, həmkarlar
ittifaqlarının motivasiya işi, beynəlxalq təcrübənin öyrənilməsi, qeyri-formal
iqtisadiyyatın ləğvi məsələlərinin tədris proqramlarına salınması məqsədəmüvafiq
hesab edilməlidir. Qeyd edilib ki, gələcəkdə həmkarlar ittifaqları arasında
təcrübə mübadiləsi aparılması üçün baza müəssisələri şəbəkəsinin artırılmasına
xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
rəhbərliyinə tapşırılıb ki, tədris planının yerinə yetirilməsində AHİK-in üzv
təşkilatları ilə birgə məqsədyönlü fəaliyyət göstərsinlər, daha çox həmkarlar
ittifaqı gənc lider və fəallarının tədris prosesinə cəlb olunmasını təmin
etsinlər. Üzv təşkilatların rəhbərliyinə həmkarlar ittifaqı kadr və fəallarının
peşəkarlığının artırılmasına, onların təhsilinin təkmilləşdirilməsinə, o
cümlədən respublikanın regionlarında fəaliyyət göstərən kadr və fəalların
kurslarda iştiraklarının təmin olunmasına diqqətin artırılması tapşırılıb.
Növbəti məsələ “Əmək miqrantları ilə iş üzrə AHİK-in İşçi
qrupu barədə” adlanırdı. Qərar layihəsində deyildi ki, həmkarlar ittifaqları
qazanc üçün ölkəyə gələn miqrantların əməyinin yerli sakinlərin əməyi kimi
qiymətləndirilməsi, onların həmkarlar ittifaqı tərkibində hüquqlarının
müdafiəsi, işəgötürənin özbaşınalığından qorunması, ədalətli əməkhaqları
uğrunda mübarizə aparır.
Həmkarlar ittifaqları olmayan və kollektiv müqavilələr
bağlanmayan yerlərdə işçilər işəgötürənlə təkbətək qalır və onların qanuni
hüquqları müntəzəm olaraq pozulur. “Xəstəlik vərəqələri” nəzərə alınmır,
məzuniyyətlər verilmir, əməkhaqları azaldılır, müdafiə üçün müraciət yerləri
olmur. Əmək miqrantlarının həmkarlar ittifaqına üzv olması hüquqi yardımın
alınmasına, qeyri-formal sektorda çalışan əmək miqrantının leqallaşdırılmaması
üçün müəssisə rəhbərinin əmək müqaviləsini imzalamamasına imkan yaradır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək
miqrantları ilə iş üzrə İşçi qrupunun yaradılmasında əsas məqsəd əmək miqrantlarını
yeni ölkədə adaptasiya olunması üçün hüquq və imkanlar bərabərliyi haqqında
məlumatlandırmaq, izahat və dəstək vermək, onların ölkədə yaşayışı, iş
axtarışı, əmək bazarına çıxışı, əmək və sosial hüquqlarının həyata keçirilməsi,
ixtisasartırma, təhsil, tibbi xidmətə və sairəyə görə dövlət qurumları və
hüquq-mühafizə orqanları ilə əlaqələrinin yaradılması üçün təşkilatlanmasına və
həmkarlar ittifaqlarında və ictimai birliklərdə iştirak etmələrinə yardımçı
olmaqdır.
İclasda qərar layihəsi səsə qoyulub və İşçi qrupunun
tərkibi təsdiq olunub.
İcraiyyə Komitəsi həmçinin “Həmkarlar ittifaqlarının
xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2017-ci il üzrə
hesabatı”nı dinləyib və təsdiqləyib.
S.Möhbalıyev
iclasa yekun vurub, hesabatlara münasibət bildirib və tövsiyələrini verib.