AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib
27 Dec 2018
Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası olub.
AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin sədrliyi ilə
baş tutan iclasda əvvəlcə Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı
Birliyinin AHİK-ə üzvlük barədə müraciətinə baxılıb və təsdiq olunub.
İkinci məsələ “Azərbaycanda məşğulluq məsələləri və həmkarlar
ittifaqlarının vəzifələri” adlanırdı. Bu mövzuda təqdim olunan çıxışda deyilib
ki, ölkədə aparılan islahatlar nəticəsində əmək bazarında müəyyən müsbət dəyişikliklərə
nail olunub, işçilərin kütləvi şəkildə ixtisarlarına yol verilməyib, əhalinin məşğulluq
səviyyəsi 2005-ci ildəki 47,8 faizdən 2017-ci ildə 48,9 faizə qədər yüksəlib.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə məşğulluğa
dair dövlət proqramlarının icrası nəticəsində son on beş il ərzində 1,9 milyondan
artıq yeni iş yeri açılıb ki, onlardan təqribən 70 faizi daimi iş yerləridir.
Məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi
işsiz statusu verilmiş şəxslərin, həmçinin BƏT-in metodologiyasına əsasən
hesablanan işsizlərin sayı azalıb. Eyni zamanda məşğulluq problemlərinin həll
edilməsində çatışmazlıqlar da az deyil. Bu, ilk növbədə əmək bazarında təklif və
tələb arasında uyğunsuzluq, işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasiblik,
gənclər arasında işsizliyin səviyyəsi, qeyri-formal əmək münasibətlərində
olanların çoxalması və s. məsələlərdir.
Azərbaycan həmkarlar ittifaqları dövlət məşğulluq siyasətinin
işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının
hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal
iştirak edir, işçilərin əmək hüquqlarının qorunmasını təmin edir. O da qeyd
olunub ki, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində həmkarlar
ittifaqları daha böyük işlər görə bilər. Məsələ ilə bağlı İcraiyyə Komitəsinə qərar
layihəsi təqdim edilib və təsdiq olunub.
Gündəliyə çıxarılmış məsələlərə AHİK-sədri, millət vəkili
Səttar Möhbalıyev münasibət bildirib. O, əvvəlcə gömrük komitəsi həmkarlar
ittifaqı komitəsinin yeni seçilmiş heyətinə uğurlar arzulayıb. Ümidvar olduğunu
bildirib ki, onlar göstərilən etimadı doğruldacaqlar. İkinci məsələ ətrafında
danışarkən AHİK sədri deyib ki, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı
müvafiq dövlət proqramları, sərəncamları xüsusilə regionlarda məşğulluq
probleminin həllinə böyük təsir göstərib. Bölgələrdə çox sayda müasir, təhlükəsiz
əmək şəraiti olan iş yerləri açılıb. Ənənəvi kənd təsərrüfatı sahələri inkişaf
etdirilməkdədir. Özünüməşğulluğa dövlət kifayət qədər vəsait ayırıb. Əhaliyə
pulsuz ev heyvanları, barama paylanılıb. Bütün bunlar əhalinin rifah halını
yüksəldir və regionlardan iri şəhərlərə axının qarşısını alır.
S. Möhbalıyev gənclərin məşğulluğu probleminə də toxunub:
“Gənclərə etimad göstərilməlidir. Nəzərə
alınmalıdır ki, Azərbaycanda iqtisadiyyat müasir texnologiyalar əsasında
qurulur. Müasir texnologiyaların idarəolunmasını isə gənclər daha tez və mükəmməl
mənimsəyə bilirlər”.
Çıxışının sonunda AHİK sədri İcraiyyə Komitəsi adından Azərbaycan
həmkarlar ittifaqı işçilərini və üzvlərini qarşıdan gələn bayramlar münasibətilə
təbrik edib.