AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilib
11 Mar 2021
Mart ayının 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin onlayn iclası keçirilib.
Yığıncaqda «AHİK-in İK-nin və aparatının 2021-ci ilin
birinci yarımilliyi üçün iş planı haqqında», «Həmkarlar ittifaqı təşkilatlarının
2020-ci il üzrə statistik hesabatı haqqında», «2020-ci il ərzində AHİK
aparatının daxil olmuş ərizə və şikayətlərin təhlili barədə», «Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun
təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum haqqında»
və digər cari məsələlər müzakirə olunub.
AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2021-ci
ilin birinci yarımilliyi üçün iş planında İcraiyyə Komitəsinin yığıncaqlarında
müzakirə olunan məsələlər və işləyən işçilərin sosial-iqtisadi hüquqlarının
müdafiə olunmaları və problemlərinin həlli ilə bağlı görüləcək işlər və həyata
keçiriləcək tədbirlər öz əksini tapmışdır. Tədbirlər planında 2020-ci il üzrə əməkdə,
təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər əldə etmiş gəncələrin «İlin peşəkar
gənci» fəxri adı ilə təltif edilməsi, həmkarlar ittifaqı kadr və fəallarının
ixtisasartırma kurslarına cəlb edilməsi,
sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə «İlin ən yaxşı müəssisəsi
(təşkilatı)» devizi ilə keçirilmiş respublika- baxış müsabiqəsinin yekunları,
Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərinin qeyd edilməsi ilə
bağlı həmkarlar ittifaqı fəallarının yığıncaqlarının keçirilməsi, «Koronavirus
infeksiyasına (COVİD-19) qarşı mübarizədə və Vətən müharibəsi dövründə AHİK-in
fəaliyyəti»nə dair, «Azərbaycanda COVİD-19 pandemiyası müddətində zərərçəkmiş
sahələr üzrə durum təhlili və həmkarlar ittifaqlarının mövqeyi» adlı kitabların
çapı və nəşri və digər cari məsələlər nəzərdə tutulmuşdur.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının aparatına daxil olan ərizə və şikayətlərin həllinə
həmişə diqqətlə yanaşılır. Ərizə və şikayətlər aparat işçiləri və ya üzv təşkilatlarının
nümayəndələri tərəfindən yerlərdə müəlliflərin iştirakı ilə araşdırılır və
müvafiq qaydada həll edilir. 2020-ci ildə konfederasiyanın üzv təşkilatlarına
125 594 ərizə və şikayət daxil olmuşdur ki, onların da 98,4 % özünün müsbət
həllini tapmışdır. Müraciətlər əsasən
işçilərin əmək hüquqlarının müdafiəsi - işdən azad olunma və ixtisarlar, həmkarlar ittifaqı orqanlarının işi ilə
yanaşı böyük əksəriyyəti maddi
yardımlarla əlaqədar olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərin bəzilərinin hər hansı obyektiv səbəbdən həlli mümkün
olmadıqda isə ərizə müəlliflərinə müvafiq izahatlar verilmişdir. İl ərzində
müsbət həllini tapan ərizə, şikayət və müraciətlərin müəllifləri tərəfindən
AHİK-ə 509 minnətdarlıq məktubu göndərilmişdir. Məktublarda həmkarlar ittifaqı
üzvlərinə, tələbələr və şagirdlərə həmkarlar ittifaqının adlı təqaüdlərini
verilməsi, azətəminatlı ailələrə göstərilən qayğı və maddi yardımlar yüksək
qiymətləndirilir.
Həmkarlar ittifaqları ilə işəgötürənlər arasında
11 722 kollektiv müqavilə imzalanmışdır ki, bu da həmkarlar ittifaqı üzvlərinin
əksəriyyətini əhatə edir.
İcraiyyə Komitəsi işəgötürənlər tərəfindən işdən
qanunsuz azad edilən və ixtisar olunan işçilərin müraciətlərinə daha həssaslıqla
yanaşılmasını və kollektiv müqavilələrin bütün həmkarlar ittifaqı təşkilatları
tərəfindən bağlanmasının vacibliyini həmkarlar itiifaqları liderlərinin diqqətdə
saxlamalarını tövsiyyə etdi. Bununla yanaşı həmkarlar ittifaqlarının fəaliyyətinin
gücləndirilməsi üçün həyata keçirdikləri tədbirlərin və gördükləri işlərin
ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd etməklə məsələlərin kütləvi
informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılmasının məqsədəuyğun
olmasını da qeyd etdi. Eyni zamanda
statistik hesabatların həmkarlar ittifaqının həyatında mühüm əhəmiyyət
daşıdığını nəzərə alaraq bu məsələyə
daha ciddi yanaşılmasının önə çəkilməsi də üzv təşkilatların diqqətinə
çatdırıldı.
AHİK tərəfindən həmkarlar ittifaqına üzv olmayan
işçilərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, həmkarlar ittifaqları
sıralarının artırılması, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması,
qanunvericilik aktlarının qəbulu zamanı onlara müvafiq təkliflərin verilməsi və
ictimai nəzarətin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata
keçirilir. Bu işlərin səmərəliyini artırmaq məqsədilə işçilərin ərizə və şikayətlərinə
diqqətlə yanaşılması, onların problemlərinin həllində hər bir həmkarlar
ittifaqı işçisinin yaxından iştirakının təmin olunmasının zəruriliyi qeyd
edilib.
Ölkəmizin sosial-iqtisadi inkişafında əhalinin daha
fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin,
habelə işsiz və iş axtaran şəxslərin məşğulluğunun artırılması sahəsində əlavə
imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərüffataların fəaliyyətini dəstəkləmək
məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Memorandum
imzalanmışdır. Bunula əlaqədar olaraq həssas əhali qruplarını məşğulluğunun təşkilinə
köməklik göstərilməsi məqsədilə Memorandumda proqram üzrə ümumi əlaqələndirməni
həyata keçirmək üçün hər iki qurumun nümayəndələrindən ibarət 6 nəfərlik əlaqələndirmə
qrupunun tərkibi təsdiq edildi. Həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə
köməklik göstərilməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası tərəfindən könüllülük prinsipi əsasında əvəzsiz olaraq
200 000 (iki yüz) manat məbləğində
maliyyə ayrılması nəzərdə tutulmuşdur.
İcraiyyə Komitəsinin yığıncağında Novruz bayramı ərəfəsində
regionlarda yaşayan aztəminatlı ailələrə bayram sovqatlarının paylanması, «Dirçəliş»
fonduna əlavə maliyyə vəsaitin köçürülməsi və Naxçıvan Muxtar Respublikasının Həmkarlar
İttifaqlarıı Şurasına maddi yardım edilməsi barədə məsələlər də müzakirə
olunaraq müvafiq qərarlar qəbul edildi.
İclasda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev və İcraiyyə Komitəsinin
üzvləri müzakirə edilən məsələlər barəsində öz fikirlərini bildirdilər. İcraiyyə
Komitəsi yığıncağında hazırki pandemiya dövründə işçilərin sosial-iqtisadi
hüquqlarının qorunması, onların sosial problemlərinin həlli, imkansız və
ehtiyacı olan ittifaq üzvlərinin maddi dəstək göstərilməsinin vacibliyini bütün vəsilələrdən olan həmkarlar
ittifaqı təşkilatlarını bir daha xatırladaraq bu məsələlərin ölkədə fəaliyyət
göstərən bütün həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri olduğu
vurğulandı.