AHİK-in İcraiyyə Komitəsində
21 Jul 2017
İyulun 21- də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirlib.
İclasın
gündəliyinə keçməzdən öncə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev
"Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri
Ağalar Vəliyevi İcraiyyə Komitəsinin üzvlərinə təqdim edib. Deyib ki, bu
günlərdə Ağalar müəllimin 60 yaşı tamam olub. Ümumhəmkarlar İttifaqları Konfederasiyası
A.Vəliyevin həm müəssisə rəhbəri, həm də deputat kimi işçilərin sosial
problemlərinin həllində göstərdiyi xidmətlərə görə onu qurumun "25
illik" yubiley gümüş döş nişanına layiq görüb. S.Möhbalıyev həmin nişanı
A.Vəliyevə təqdim edib.
Ağalar Vəliyev
mükafata görə AHİK sədrinə təşəkkürünü
bildirib.
Sonra iclasın
gündəliyində duran məsələlərə baxılıbş İclas iştirakçılarına "AHİK-in
İcraiyyə Komitəsinin və aparatının 2017-ci ilin II yarımilliyi üçün iş
planı" və "2016-cı il ərzində AHİK aparatına daxil olmuş ərizə və
şikayətlərin təhlili barədə" arayışlar təqdim edilib. Arayışlarda deyilib
ki, ərizə və şikayətlərin araşdırılmasında AHİK, üzv və ilk həmkarlar ittifaqı
təşkilatları öz səlahiyyətlərinə uyğun olaraq məsələnin mahiyyətini öyrənir,
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının
Qanununu və AHİK-in "Həmkarlar ittifaqı təşkilatlarında kargüzarlığın
aparılmasına dair tövsiyələri"ni əldə əsas tuturlar.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının aparatına 2016-cı ildə həmkarlar
ittifaqı üzvlərindən 1698 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə
437 müraciət daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 0,9% artım
deməkdir. Müraciətlərin təhlilindən aydın olur ki, daxil olan məktubların
əksəriyyəti maddi yardım və yollayışlarla bağlıdır.
2016-cı ildə
AHİK-ə 117 nəfər işdən qanunsuz azad edilmələri, 64 nəfər isə əməkhaqları
barədə müraciət edib. Bu müraciətlərin böyük hissəsi müsbət həllini tapıbdır.
Ərizə və
şikayətlərin araşdırılmasına göstərilən diqqətin və həssaslığın
nəticəsində təkrar ərizələrin sayı xeyli azalıbdır.
Həmkarlar
ittifaqı üzvləri ilə işin mühüm hissəsi onların fərdi qəbulunun aparılmasına
lazımi şəraitin yaradılmasıdır. AHİK-in qəbul şöbəsi xüsusi qrafik üzrə
rəhbərliyin qəbul günlərini təşkil edir. Ötən il 262 həmkarlar ittifaqı üzvü
AHİK-in rəhbərləri tərəfindən qəbul edilib ki, onun da 183 nəfəri AHİK sədrinin
qəbulunda olmuş və onların qaldırdıqları məsələlərin həllinə yardım edilibdir.
AHİK-ə
müraciət edən həmkarlar ittifaqı üzvləri onların problemlərinin həllinə
yardımçı olduğuna və obyektiv yanaşıldığına görə AHİK sədrinin ünvanına 2016-cı
ildə 31 təşəkkür məktubu daxil olub ki, bu da əvvəlki illə müqayisədə
xeyli çoxdur.
Minnətdarlıq
məktublarında həmkarlar ittifaqı üzvləri tələbələrə həmkarlar ittifaqının adlı
təqaüdlərinin, güzəştlərin verilməsini, aztəminatlı ailələrə göstərilən qayğını
və maddi yardımı yüksək qiymətləndirirlər. Minnətdarlıq məktubları göstərir ki,
son illər istifadəyə verilən yeni istirahət ocaqları həmkarlar ittifaqı
üzvlərini və ailələrini sevindirir, onların sağlamlıqlarını möhkəmləndirir,
fəaliyyətlərinin səmərəliliyini artırır.
AHİK və onun
üzv təşkilatları həmkarlar ittifaqına üzv olmayan işçilərin həmkarlar ittifaqı
üzvlüyünə cəlb edilməsi, həmkarlar ittifaqlarının sıralarının artırılması,
işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, qanunvericilik aktlarının
qəbulu zamanı onlara müvafiq təkliflərin verilməsi və ictimai nəzarətin həyata
keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirirlər. Bu işlərə bir daha
önəmli təkan verilməsi üçün işçilərin ərizə və şikayətlərinə diqqətlə
yanaşılması, onların problemlərinin həllində hər bir həmkarlar ittifaqı
işçisinin yaxından iştirakı təmin olunmalıdır.
"Müəssisə
və təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində fərdi əmək mübahisələri
üzrə komissiya haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" qərar
layihəsində isə deyildi ki, Əsasnamə AHİK-in "2016-2017-ci illər üçün sahə
(tarif) sazişlər və kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqlarının
mövqeyini əks etdirən tövsiyələr"in III hissəsində nəzərdə tutulmuş və
fərdi əmək mübahisələrinin araşdırılması üçün müəssisə və təşkilatlarda
həmkarlar ittifaqı təşkilatları yanında məhkəməyə qədər orqanın yaradılmasına
köməklik göstərilməsi məqsədi daşıyır.
Əsasnaməyə
uyğun olaraq sahə həmkarlar ittifaqının respublika komitələri özlərinin
əsasnamələrini qəbul edə bilərlər.
Qüvvədə olan
Əmək Məcəlləsinin 294-cü maddəsi fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan
orqanın yaradılmasını onun kollektiv müqavilədə nəzərdə tutulmasından asılı
edir. Odur ki, işçilərin öz pozulmuş hüquqlarını müdafiə etməsi üçün kənar
təşkilatlara - dövlət əmək müfəttişliyi xidmətlərinə və məhkəmələrə müraciət
etmədən, vaxt itirmədən, operativ qaydada həll edilməsi məqsədilə bütün
kollektiv müqavilələrdə Fərdi Əmək Mübahisələri Komissiyasının yaradılmasının
nəzərdə tutulması məqsədə müvafiq hesab edilir.
Növbəti
təqdimat "2016-cı il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi
nailiyyətlər əldə etmiş gənclərə "İlin peşəkar gənci" Fəxri adının
verilməsi haqqında AHİK İK-in 21.08.2015-ci il (pr. №8 b.4) tarixli qərarının icrası
barədə" adlanırdı. Təqdimatda deyildi ki, "İlin peşəkar gənci" fəxri
adı mənəvi stimul xarakteri daşıyaraq gənclər şuralarının fəaliyyətinin
yüksəldilməsinə, peşəkar əmək fəaliyyətində özünü doğruldan gənclərin üzə
çıxarılmasına, onlara müəssisə rəhbərliyi, həmkarlar ittifaqı təşkilatı
tərəfindən diqqətin artırılmasına istiqamətləndirilib.
İclasda
həmçinin 2015-ci ildə işəgötürənlər tərəfindən işçi qüvvəsinə sərf olunan
xərclər və AHİK-in 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının
konsepsiyalarının həyata keçirilməsinə dair əməyin mühafizəsi sahəsində əsas
prioritet istiqamətlər üzrə tədbirlər planı müzakirə olunub.
Gündəliyə çıxarılan bütün məsələlər haqqında qərar qəbul olunub. AHİK
sədri, millət vəkili Səttar Möhbalıyev sonda hər bir məsələyə dair fikirlərini
söyləyib, tövsiyə və məsləhətlərini verib.