AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
10 Mar 2016
2016-cı il martın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasın gündəliyi ilə bağlı məlumat verən Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Mehbalıyev müzakirə olunacaq məsələlər
barəsində danışıb.
İclasda həmkarlar ittifaqı təşkilatlarının 2015-ci
il üzrə statistik hesabatı haqqında AHİK-in katibi-Aparat rəhbəri H.Cəfərovun məlumatı
dinlənilib. Məlumatda qeyd edilib ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası 1 yanvar 2016-cı il tarixinə 27 üzv təşkilatı və müqavilə əsasında 6 həmkarlar
ittifaqını öz ətrafında birləşdirir. Üzv təşkilatlarında 17087 həmkarlar
ittifaqı təşkilatı fəaliyyət göstərir. Həmkarlar ittifaqı üzvlərinin ümumi
sayının 9,6 faizini tələbələr təşkil edir.
Məlumatda deyilib ki, hesabat ilində respublika üzrə
200 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb ki, onlardan da 3079 nəfər həmkarlar
ittifaqı üzvünü birləşdirən 61 həmkarlar ittifaqı təşkilatı qeyri-dövlət
sektoruna aiddir.
İcraiyyə Komitəsinin iclasında AHİK-in üzv təşkilatlarına
tövsiyə edilib ki, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasını, yeni həmkarlar
ittifaqı təşkilatlarının yaradılmasını,
müəssisə və təşkilatlarda işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini
daim nəzarətdə saxlasınlar, həmkarlar ittifaqı üzvlərinin daha çox kollektiv
müqavilə və sazişlərlə əhatə olunmasına nail olsunlar, həmkarlar ittifaqları
kadr və fəallarının təhsilinin təşkil edilməsinə yönələn tədbirləri davam
etdirsinlər, bütün imkanlardan istifadə edərək ilk növbədə yeni seçilən həmkarlar
ittifaqı komitəsi sədrlərini təhsilə cəlb etsinlər.
İcraiyyə Komitəsinin iclasında daha sonra AHİK aparatına və üzv təşkilatlarına
2015-ci il ərzində daxil olmuş ərizə və şikayətlər barədə məlumat dinlənilib.
Qeyd edilib ki,həmkarlar ittifaqı orqanlarına ərizə və şikayətlərlə müraciət
edilməsi həmkarlar ittifaqı üzvlərinin hüquqlarının həyata keçirilməsində və
qorunmasında mühüm vasitədir. Ərizə və şikayətlərin araşdırılmasında həmkarlar
ittifaqı təşkilatları öz səlahiyyətlərinə uyğun olaraq məsələnin mahiyyətini
öyrənir, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununu
və AHİK-in “Həmkarlar ittifaqı təşkilatlarında kargüzarlığın aparılmasına dair
tövsiyələri”ni əsas tuturlar. 2015-ci ildə AHİK aparatına və üzv təşkilatlarına
daxil olan 151396 ərizə-şikayətin əksəriyyəti aparat işçiləri tərəfindən
araşdırılaraq müvafiq tədbirlər görülüb. Üzv təşkilatların aparatlarına daxil
olmuş ərizələrin sayında azalma müşahidə olunub, 2015-ci ildə 2014-cü ilə nisbətən
5,2 faizə yaxın ərizə və şikayətlərin sayı azalıbdır. Müraciətlərin 90,8 faizi
müsbət həll edilibdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
aparatına 2015-ci ildə həmkarlar ittifaqı üzvlərindən 1578 ərizə və şikayət
daxil olub ki, bu da əvvəlki ilə nisbətən 29,3 faiz artıqdır. Müraciətlərin təhlili
göstərir ki, ötən il maddi yardım, yollayışlar, işdən qanunsuz azad edilmə ilə əlaqədar
məktublar üstünlük təşkil edib və onların əksəriyyəti öz müsbət həllini tapıbdır.
Ümumi müraciətlərin 58 faizidən çoxu maddi yardımlar, 14 faizi isə yollayışlarla
bağlı olubdur. Təkcə AHİK tərəfindən həmkarlar ittifaqı üzvlərinə, Qarabağ əlillərinə
2015-ci ildə 102650 manat maddi yardım göstərilib, 70 min nəfərdən çoxu isə
müalicə və istirahət ocaqlarında dincəlib. Üzv təşkilatları tərəfindən öz vəsaitləri
hesabına son illərdə istifadəyə verilmiş istirahət ocaqları da həmkarlar
ittifaqı üzvlərinin tələblərinin yerinə yetirilməsinə müsbət təsir göstəribdir.
İşçilərin əmək hüquqlarının pozulması ilə bağlı ötən
il AHİK-ə 3998 ərizə və şikayət daxil olub ki, bunların da 90 faizdən çoxu müsbət həll edilib.
AHİK-ə
daxil olmuş ərizə və şikayətlərin araşdırılmasına göstərilən diqqətin və həssaslığın
nəticəsində daxil olmuş təkrar ərizələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə
daxil olmuş təkrar ərizələrin sayı 66 idisə, 2015-ci ildə bu rəqəm 28-ə enib.
Həmkarlar İttifaqı üzvləri ilə işin mühüm hissəsi
onların fərdi qəbulunun aparılması üçün lazımi şərait yaradılmasıdır. AHİK-də qəbul
şöbəsi fəaliyyət göstərir, qəbul otağı mövcuddur. AHİK rəhbərliyinin qəbul günlərinin
qrafiki hazırlanıb. Ötən il 386 həmkarlar ittifaqı üzvü AHİK-də onun rəhbərləri
tərəfindən qəbul edilib, qaldırdıqları məsələlərin həllinə yardım edilib. AHİK-ə
müraciət edən həmkarlar ittifaqı üzvləri onların problemlərinin həllinə
yardımçı olduğuna və obyektiv yanaşıldığına görə 2015-ci ildə həmkarlar
ittifaqı üzvlərindən daxil olmuş təşəkkür məktubları əvvəlki illə müqayisədə
iki dəfə çoxdur. Məktublarda həmkarlar ittifaqı üzvləri AHİK-in sədrinin Azərbaycan
Respublikasını beynəlxalq həmkarlar ittifaqları hərəkatında Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının
vitse-prezidenti kimi layiqincə təmsil etməsini, tələbələrə və şagirdlərə həmkarlar
ittifaqının adlı təqaüdlərinin, güzəştlərinin verilməsini, aztəminatlı ailələrə
göstərilən qayğını və maddi yardımı yüksək qiymətləndirirlər. Son illər həmkarlar
ittifaqlarının vəsaiti hesabına tikilib istifadəyə verilmiş yeni istirahət
ocaqlarının ittifaq üzvlərinin və ailələrinin sağlamlıqlarının möhkəmləndirilməsində
mühüm rola maik olması, həmkarlar ittifaqlarının Bakıda keçirilən I Avropa
Oyunlarında fəal iştirakı da yüksək qiymətləndirilir.
Bütün bunlarla yanaşı, iclasda işçilərin ərizə və
şikayətlərinə daha diqqətlə və ciddi yanaşılması tələb olunub.
İcraiyyə Komitəsinin iclasında həmçinin
respublikanın iri şəhərlərində “Həmkarlar ittifaqına üzv ol” mövzusunda
seminarların keçirilməsi haqqında, Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasında həmkarlar ittifaqları kadr və fəallarının 2015-ci il üçün təhsil
planının yerinə yetirilməsi və 2016-cı il üçün təhsil planı haqqında, əməkdə, təhsildə
və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci”
fəxri adının verilməsi haqqında AHİK-in İcraiyyə Komitəsinin qərarının icrası
barədə, Həmkarlar İttifaqlarının 2016-cı il üçün ümumiləşdirilmiş büdcəsinin təsdiqi
haqqında, Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət
müəssisələrinin 2015-ci il üzrə hesabatı və digər məsələlər haqqında məlumatlar
dinlənilib.
Müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar
qəbul edilib.
AHİK-in sədri,
Milli Məclisin üzvü Səttar Mehbalıyev İcraiyyə Komitəsinin iclasına yekun
vuraraq gündəlikdəki məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında
danışıb, həmkarlar ittifaqı təşkilatlarının bütün strukturlarında çalışan həmkarlar
ittifaqı rəhbərlərindən yerlərdə işçilərin
hüquqlarının müdafiəsinə, haqlı tələblərinin yerinə yetirilməsinə, işəgötürənlər
tərəfindən onlara qarşı atılan hər hansı qeyri-qanuni addımlara, işçilərin
ixtisarlarına yol verilməməsinə diqqətin daha da artırılması tapşırıqlarını
verib.