AZ | RU | EN
AZ | EN | RU

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

14 Jan 2020

Yanvarın 14-də Azərbaycan Həmkarlar   İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Giriş sözü söyləyən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev iclasın gündəliyini təqdim edib.
Əvvəlcə İcraiyyə Komitəsinin və Konfederasiya aparatının iş planı təsdiq olunub.
Sonra “Həmkarlar ittifaqı təşkilatlarının illik hesabatı” haqqında AHİK-in 24 oktyabr 2013-cü il tarixli (pr.261) qərarının tələblərinə uyğun olaraq üzv təşkilatlar tərəfindən statistik hesabatların vaxtında və qaydalara uyğun təqdim edilməsinin vəziyyəti haqqında” məsələyə baxılıb. Bu barədə İcraiyyə Komitəsinə verilən məlumatda bildirilib ki, həmkarlar ittifaqları strukturlarının təkmilləşdirilməsi, yeni həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsi, bərpası və həmkarlar ittifaqı üzvlərinin sayının artırılmasında həmkarlar ittifaqı təşkilatlarının ümumi illik hesabatları xüsusi əhəmiyyət daşıyır.

Sahə həmkarlar ittifaqlarının (“Xidmət-İş” Hİ Federasiyası, Dəmiryolçuların, Təhsil, Aviasiya, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı və d.) üzv təşkilatlardan toplanan statistik hesabatların yekunu seçkili orqanlarda müzakirə olunub. Aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılması üçün qərarlar qəbul edilib, poçt və elektron vasitələrlə ilk təşkilatlara çatdırılıb.

O da qeyd olunub ki, bəzi sahə Hİ-lərdə hesabatların üzv təşkilatlarından toplanması, ümumiləşdirilməsi, AHİK-ə təqdim olunması və təhlil edilərək müvafiq nəticələr çıxarılması işində müəyyən nöqsanlara da yol verilib. İcraiyyə Komitəsi qərara alıb ki, az da olsa belə halların təkrar olunmaması üçün nəzarəti gücləndirməli və ilk təşkilatlara lazımi köməklik göstərilməlidir.

Növbəti məsələ “Azərbaycan Respublikasının əhalisi arasında 2017-2018-ci illərdə xəstələnmə hallarının analitik təhlili haqqında” olub. İcraiyyə Komitəsinə təqdim olunan məruzədə deyilib ki, Azərbaycanda səhiyyənin dinamik inkişafı təmin edilmiş, yeni tibb müəssisələri tikilərək istifadəyə verilmiş, fəaliyyətdə olan tibb ocaqları əsaslı şəkildə təmir olunaraq müasir tibb avadanlıqları ilə təchiz edilmiş, əhalinin müalicə-diaqnostika məsələləri öz həllini tapmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında hər il təqribən 5 milyona yaxın Azərbaycan vətəndaşı pulsuz dispanser müşahidəsi ilə təmin olunmaq imkanı əldə edir. Azərbaycanın bütün bölgələrində müasir tələblərə cavab verən tibb mərkəzləri fəaliyyət göstərir. Bunun nəticəsidir ki, indi müayinə   və müalicə üçün regionlardan Bakı şəhərinə gəlməyə ehtiyac qalmır. Ölkədə həyata keçirilən sosialyönümlü siyasətin müsbət nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapmışdır. Əhalinin, o cümlədən işləyən vətəndaşların sağlamlığının mühafizəsi, onlara keyfiyyətli tibbi xidmətin göstərilməsi respublika həmkarlar ittifaqı təşkilatlarının əsas vəzifələrindən biri olaraq daima xüsusi nəzarətdədir. Həyata keçirilən tədbirlər nəticəsində bəzi sahələrdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə iş günlərinin azalması müşahidə olunmuşdur.

Təəssüflə qeyd olunub ki, iş vaxtı itkisinə gətirib çıxaran müəyyən xəstəliklərin faiz dərəcəsinin aşağı salınması hələ də mümkün olmayıb. Həmkarlar ittifaqı təşkilatları müayinə və təhlillər aparmalı, tərəfdaşları, müvafiq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
İclasda həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il üçün büdcəsindən sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılan vəsaitlər barədə” məsələ müzakirəyə çıxarılıb, müvafiq qərar qəbul edilib.

Sonda S.Möhbalıyev yekun sözü söyləyib. Təqdim edilən məruzələrə münasibətini bildirib, iradlarını və tövsiyələrini söyləyib. Deyib ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ciddi, genişmiqyaslı islahatlar gedir. Sözün həqiqi mənasında, inqilabi xarakter daşıyan bu islahların məğzində “Güclü Azərbaycan, təminatlı vətəndaş” hədəfləri durur. Artıq xalq bu islahatların nəticələrini öz həyatında görür, ondan faydalanır.
S.Möhbalıyev ölkə başçısının ötən il imzaladığı iki sosial paket barədə ətraflı söz açıb. Bu islahatlar paketlərinin Azərbaycanı regionda əhalisinin rifah halına görə ön yerlərdən birinə çıxardığını diqqətə çatdırıb.
AHİK sədri Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının çıxışını xatırladıb: “Cənab Prezident hər kəsi öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyə, görülən işlərə töhfə verməyə çağırdı. Ətrafında yüz minlərlə üzvü birləşdirən həmkarlar ittifaqı da xalqımızın daha yüksək rifahı, vətənimizin çiçəklənməsi naminə dövlətimizin yeritdiyi daxili siyasətin reallaşması üçün var qüvvəsini əsirgəməməlidir”.
 AHİK sədri İcraiyyə Komitəsinin üzvlərini, bütünlüklə həmkarlar ittifaqı işçilərini, üzvlərini qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

FAYDALI KEÇİDLƏR